Bir körpənin gündəliyindən…

Baxış sayı: 1. 745

5 oktyabr: Bu gün var oldum. Artıq buradayam. Varam. Hələlik, anamın məndən xəbəri yoxdur. Çünki hələ çox balacayam. Ancaq necə olsa, mən mənəm. Qız olacağam, baharda gülləri sevəcəyəm.
19 oktyabr: Bir az böyümüşəm. Hələ tərpənə bilmirəm. Anamın hələ də məndən xəbəri yoxdur. Ürəyinin döyüntülərini indidən hiss edirəm.

23 oktyabr: Artıq ağzım, dodaqlarım da var. Təsəvvür edirsinizmi, bir il sonra bu dodaqlardan təbəssümlər töküləcək, güləcəyəm. Sonra da bu dodaqlarla “Ana” deyəcəyəm. Kimlərə görəsə, mən hələ yoxam. Axı, bu necə ola bilər? Axı, mən varam? Çörək qırıntısı nə qədər kiçik olsa da, yenə çörəkdir. Elə deyilmi, ana?

27 oktyabr: Bu gün çox xoşbəxtəm. Artıq ürəyim var. Ürəyim döyünməyə başladı. Ömrüm boyu beləcə döyünəcək. Sevgilərlə dolduracağam ürəyimi. Anamınkı kimi… Anam bədənində iki ürəyin döyündüyünü bilsəydi, nə qədər sevinərdi. Eşidirsənmi, ana?!

2 noyabr: Əllərim, ayaqlarım da çıxmağa başladı. Qoy hələ böyüsün, bu əllərlə boynunu qucaqlayacağam. Bu ayaqlarla parkda gəzəcəyik. Birlikdə məktəbə gedəcəyik.

12 noyabr: Aman Allah! Barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçək toplayacağam, anamın əlindən tutacağam. Şəkil çəkəcəyəm. Bəlkə də gözəl bir şeir yazacağam.

20 noyabr: Nəhayət! Nəhayət, anam həkimə getdi. Burada olduğumu öyrəndi. Həkim bir cihazla gördü məni!

25 noyabr: Artıq atam da burada olduğumu bilir. Ancaq hələ qız olduğumdan xəbərsizdirlər.

10 dekabr: Bu gün üzüm də tamamlandı. Artıq iki gözəl gözüm, bir kiçik burnum, dodaqlarım, yanağım var. Deyəsən, anama oxşayıram.

13 dekabr: Bir azdan gün işığını görə biləcəyəm. Rəngləri, çiçəkləri tanıyacağam. Yuxumda görmüşəm. Dünyada göy qurşağı deyilən bir şey var imiş. Onu görmək istəyirəm. Ata, ana, sizin də üzünüzü görəcəyəm. Bir yerdə xoşbəxt olacağıq. Sevinəcəyik, güləcəyik.

24 dekabr: Gözəl və sağlam bir qız olacağam. Qollarında yatacağam. Üzünə baxacağam. O şirin səsini eşidəcəyəm. Mənim üçün layla deyəcəksənmi, ana? Yəqin indi sən də mənim üçün darıxırsan. Məni oxşayıb, bağrına basacaqsan. Çox sevəcəksən. Elə deyilmi, ana?!

28 dekabr: Ana, burada nə baş verir? Həkim niyə belə kədərlə üzümə baxır. Sanki sən də dərd çəkirsən. Ürəyinin döyüntüləri də dəyişdi. Susdun. Mənimlə niyə danışmırsan, ana! Ana, ana, anacan! Üzümdə soyuq bir şey hiss edirəm. Üzümü qoparırlar, ana. Qolumu qoparırlar. Ayaqlarımı qoparırlar. Məni sənə bağlayan damarı qoparırlar, ana! Anacan! Ana! Ana! An…

– Abort başa çatdı, xanım, ayağa qalxa bilərsiniz!..




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir