Bir milyard dollarlıq toy, 11 kiloluq gəlin paltarı və yenə də Lopez

Baxış sayı: 1. 519

“The Daily Mail” qəzeti yazır ki, oğlunun toyunda Jennifer Lopez və Enrique Iglesias-ı oxutmaq, gəlininə 26 min dollarlıq paltar geyindirmək hər kişinin işi deyil, əgər həmin kişinin sərvəti milyardlarla dollar deyilsə…

Milyarder balası, 28 yaşlı Said Qutseriyevlə onun gələcək arvadı, 20 yaşlı tələbə Xadica Ujakovanın qismətinə məhz belə bir toy düşüb.

“The Daily Mail” yazır ki, Moskvanın məşhur Safisa restoranında keçirilmiş bu toya bəzi məlumatlara görə 1 milyard dollar xərclənib.

Gəlinin Parisdən gətirilmiş paltarı üstündəki daş-qaşa görə 11 kiloqram olub və onun ətəklərini daşımaq üçün bir neçə qulluqçu dəvət edilib.

Qəzet yazır ki, bu dəbdəbəni gəlinin başındakı brilyant tac tamamlayıb.

“Bəyin adı nə oldu?”

“The Daily Mail” yazır ki, belə bir toyun müğənniləri də ucuz ola bilməzdi və olmayıb da.

GutseriyevImage copyrightRia Novosti

Image captionSaid Qutseriyevin atası Mixail Qutseriyev RussNeft şirkətinin sahibidir

Məqalədə deyilir ki, vaxtilə Türkmənistan prezidenti Qurbanqulu Muxammedov üçün 1 milyon dollara mahnı oxumuş Jennifer Lopez bu toyda oxuyan ulduzlardan yalnız biri, amma yarıçılpaq kostyumlarına görə ən yaddaqalanı olub.

Lakin bahalı müştərilərinin adlarını tələffüz etməkdə adəti üzrə çətinklik çəkən Lopez bu dəfə də deyib ki, onun üçün oxuyub-oynamaq yox, bəylə-gəlinin adlarını düzgün demək çətinlik yaradıb.

Gürcülər Moskva boykotunu pozublar

Qəzet yazır ki, xanım Lopez-ə yaxşı qonorar verildiyini ondan başa düşmək olar ki, 46 yaşlı müğənni toydan əvvəl Moskvanın məşhur Aizel mağazasında iki saat ərzində bazarlıq edib. “The Daily Mail” yazır ki, bu müddət ərzində mağaza başqa müştərilərə bağlı imiş.

Əvəzində Enrique Iglesias Bailandosunu həmişə geyindiyi sadə cins şalvarda və beysbol papağında ifa edib.

Bu toyda qocaman Sting də cavan rəqqasələrin arasında özünün “Səhra qızılgülü” mahnısını oxuyub.

Fransız müğənni Patricia Kaas-ın serenadasından sonra Gürcüstanın Milli Rəqs Ansamblı da çıxış edib.

“The Daily Mail” yada salır ki, 2008-ci il müharibəsindən sonra Gürcüstan sənətçiləri Moskva konsertlərini boykot edirlər, amma Suxişvilinin rəqqasları boykotu bu dəfə pozublar.

Rusiya mediası Beyonce və Elton John-un da bu toy məclisində oxuduqlarını yazır, amma xəbərlər rəsmən təsdiq edilməyib.

Müsəlman simvolikalı tort

“The Daily Mail” yazır ki, 600 qonağın dəvətli olduğu bu toyda kəsilən tortun səkkiz mərtəbəsi olub və onun zirvəsindəki aypara və ulduz toy sahiblərinin müsəlman olduqlarını simvolizə edib.

Qəzet yazır ki, belə bir toy Qazaxıstanda doğulmuş inquş Mixail Qutseriyevin cibinə görədir, çünki onun 6, 2 milyard dollar sərvətə sahib olduğuna inanılır.

Bəyə gəlincə isə, 1988-ci il təvəllüdlü Said, Harrow-da təhsil alıb və təhsilini arxeologiya və geoligiyanı öyrəndiyi Oxford Universitetində davam etdirib.

Said daha praqmatik təhsil də görüb. O, Plymouth Universitetində qaz və neft sənayesinin incəliklərini öyrənib.

“The Daily Mail” yazır ki, Said London Biznes Məktəbində elmi dərəcə almaq üçün Britaniyaya qayıtmaq istəyir. Amma hələlik vaxtı yoxdur.

Axı o, Russneftin Orsk Neft Emalı zavodunun direktorudur.

İnsanı dəli edən genlər yox, bu dünyadır

“The İndependent” qəzeti yazır ki, yeni elmi araşdırmaya görə depressiyanı yaradan insanın genetikası yox, ətraf aləmdir.

Image copyrightPA

Tədqiqatın nəticələrinə görə xoşbəxt və qayğısız böyümüş insan, genetikanın üstündən xətt çəkə bilər.

Alimlər bu qənaətdədirlər ki, uşaqlıqda və gənclikdə yaşanmış bütün sevinclər və psixoloji travmalar insan beynində həmişəlik iz buraxır və beləliklə, onu bütün ömür boyu müşayiət edir.

Qəzet yazır ki, hətta depressiya sindromlarını inkişaf etdirmək üçün yetişdirilmiş siçovullar da psixoterapiyaya müsbət reaksiya verirlər.

Araşdırma həm də bunu göstərib ki, depressiyaları süni yolla inkişaf etdirilmiş siçovullarla, ətraflarındakı mühitə görə depressiyaya məruz qalmış siçovullarda qanın depressiyaya aid tam müxtəlif göstəricilərində dəyişiklik qeydə alınır.

“The İndependent” yazır ki, alimlər depressiyanın iki növü arasındakı fərqi tədqiq etməklə bu ruhi xəstəlik üçün daha dəqiq müalicə üsulları tapmağa çalışırlar.

33 nəsil depressiyada

ABŞ-dakı Northwestern Universitetinin Feinberg Tibb Məktəbindən olan alimlər tədqiqatın nəticələrini Nature jurnalında dərc etdiriblər.

Qəzet yazır ki, bu tədqiqat hansı insanların təbiətən depressiyaya qarşı kövrək olduqlarını müəyyən etməyə köməklik göstərə bilər.

Burada “təbiətən” dedikdə pasientin ailə tarixçəsi nəzərdə tutulur. Alimlərin fikrincə, yeni tapıntılar depressiyadan əzab çəkənlərin daha səmərəli müalicəsinə yol aça bilər.

Alimlər bu tədqiqat işində 33 nəsil ərzində depressiyaya məruz qoyulmuş siçovullardan istifadə ediblər.

Psixiatriya və davranış professoru Eva Redei deyir ki, insanlar da siçovullar kimi, depressiya ilə doğulmurlar.

“Odur ki, siçovullarda depressiv davranışları dəyişmək mümkündürsə, bu insanlarda da mümkün olmalıdır” – söyləyir professor.

Siçovulların “Disneyland”i

Alimlər siçovullarda genetik yolla (33 nəsil ərzində seçmə ilə) yaradılmış depressiyanı onların olduqları mühiti dəyişməklə təsirləndirməyə çalışıblar.

Onlar depressiyalı siçovulları daha böyük, içərisində müxtəlif oyuncaqlar və gizlənmək üçün yerlər olan qəfəslərə yerləşdiriblər.

“The İndependent” yazır ki, alimlər siçovullar üçün bir növ “Disneyland” yaradıblar.

Siçovullar belə qəfəsdə tam bir ay saxlanıblar. Bu müddət ərazində onların oyuncaqları dişləmək və çeynəmək, təpəciklərə dırmanıb-düşmək imkanı bol olub.

“Biz buna siçovul psixoterapiyası deyirik, – bildirib professor Redei, – Daha al-əlvan mühit, onlara bu mühitlə kontakta girmək imkanı yaradıb”.

Nəticələr göstərib ki, belə “Disney” qəfəslərdən sonra siçovulların depressiv davranışı xeyli azalıb.

Bundan sora siçovulları içi su ilə dolu ləyənlərə buraxıblar.

Belə şəraitdə sağlam siçovullar ləyənin kənarı ilə vurnuxaraq çıxış yolu axtarmağa çalışıblar, halbuki depressiyalı siçovullar sadəcə olaraq suyun üzündə qalıblar. Maraqlısı budur ki, “Disneyland” kursu keçmiş siçovullar da ləyəndə özlərini sağlam siçovullar kimi aparmağa başlayıblar.

Daha səmərəli preparatlar

Alimlər bu eksperimenti, necə deyərlər “tərsinə” də aparıblar.

Onlar depressiyasız, sağlam siçovulları iki həftə ərzində hər gün iki saat stresli vəziyyətə salıblar. Daha doğrusu bu siçovullar həmin iki saat ərzində darısqal qutuda və qaranlıqda saxlanıblar.

Bundan sonra onları ləyənə buraxanda, siçovullar depressiyalı həmcinsləri kimi hərəkətsiz qalıblar.

Bu eksperimentdən sonra onların qanında depressiyalı orqanizmlərə uyğun göstəricilər aşkar edilib.

Professor Redei-in komandası inanır ki, tədqiqatın nəticəsində depressiyanın müalicəsi üçün daha səmərəli preparatların yaradılması mümkün olacaq.

Alimlər bu nəticəyə gəliblər ki, insanın ruhi xəstəliklərinə onların genetikasından daha çox ətraf mühit, yaşadıqları aləm səbəb olur.

Təkbuynuz at kərgədan imiş

“The Guardian” qəzetində dərc edilmiş məqalədən isə belə başa düşmək olar ki, nağıl və əfsanələrdəki bəzi qəribə canlılar heç də təkcə fantaziyanın məhsulu olmaya bilər.

Məqalədə deyilir ki, “Sibir təkbuynuzu” kimi tanınan kökü kəsilmiş heyvanın insanla bir dövrdə yaşamış ola bilməsi isbat edilib.

American Journal of Applied Science jurnalında dərc olunmuş məqalədə deyilir ki, Elasmotherium sibiricum adlı canlının kökü 350 min il bundan əvvəl kəslib, lakin Qazaxıstanın Pavlodar vilayətində aşkar edilmiş kəllə sümüyü bu heyvanların 29 min il əvvəl hələ yaşadıqlarını göstərir.

Qəzet təəssüflə yazır ki, daha çox təkbuynuzlu at obrazı ilə eyniləşdirilən “Sibir təkbuynuzu” atdan çox kərgədana bənzəyirmiş.

Onun hündürlüyünün 1, 80, uzunluğunun 4, 5 metr, çəkisinin isə 4 ton olduğu düşünülür. Bunlar atdan daha çox mamontun göstəricilərinə bənzəyir.

İndi alimləri düşündürən budur ki, bu canlılar belə uzun müddətdə necə sağ qala biliblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir