Bir neçə dil bilmək beyni inkişaf etdirir

Baxış sayı: 2. 158

Elə bir insan tapılmaz ki, bir nesə dil bilməyi arzulamasın. Ancaq hamı bu cür bacarıqlara yiyələnə bilmir. Qeyd edək ki, iki dil bilən insanlara bilinqv, iki dildən çox dil bilənlərə polilinqv, 6 dildən çox dil bilənlərə isə poliqlot deyirlər.

Bilinqv bildiyi hər iki dili də öz ana dili hesab edir. Bu cür insanlar yalnız bir dili bilərək yaşamağı təsəvvür etmirlər. Bu, onlara çox çətin görünür. Adətən bilinqvlər uşaqlıqdan iki dildə danışaraq böyüyürlər. Ona görə də onlar hər iki dili də mükəmməl bilirlər. Məşhur psixoloq Kalim Qonsalesin apardığı təcrübələrə görə, uşaqlıqdan bu cür adamların beyninin nitqə cavab verən hissəsinin mərkəzində hər dilin ayrıca mənimsənilməsi və qavranılması üçün bir növ iki fərqli rejim formalaşır. Danışıq ərzində bir dildən o birinə keçən uşaq fikrini izah etmək üçün sözləri axtarıb cümləni qurmaq üçün çalışmır. Sadəcə o, düşüncə tərzini dəyişir. Bu da ona iki dildən olan sözləri qarışdırmamağa və ləhcəsiz danışmağa imkan verir.

İki dildə daim danışmaq bilinqvlərin beynini məşq etdirir. Bu səbbədən də onlar başqalarına nisbətən xarici dilləri daha asan öyrənir, daha yaxşı işləyir, fəaliyyət növünü daha asan dəyişə bilir. Bilinqvlərdə Alsqeymer xəstəliyi belə bir neçə il gec yaranır.

İtaliyalı neyropsixoloq Aqnes Kovaks yeni doğulan körpələri müşahidə edərək belə qənaətə gəlib ki, iki dildə danışan ailədən olan körpələr hətta yeddi aylığında da ətrafda baş verən dəyişikliklərə tez reaksiya verir və yeni şəraitə daha yaxşı uyğunlaşır.

Bilinqv uşaqlar iki dili öyrənməklə yanaşı iki fərqli mədəniyəti də öyrənirlər. Bəzən bir-birindən kəskin fərqlənən adət və ənənələr bir insanın həyat tərzində cəmlənir.

İngilis dili müəlliməsi Züleyxa Hüseynovanın sözlərinə görə, iki dili öyrənərkən iki dildə də daim danışmaq önəmlidir: “Əks halda bir dil o birini sıxışdıracaq. İki dildən daha çox dil öyrənənlər isə polilinqvlər adlanırlar. Onlar çox çalışdıqda poliqlot da ola bilərlər. Poliqlot insanlar adətən 6-15 dili mükəmməl bilirlər. Poliqlot olmaq üçün uzun müddət məşğul olmaq lazımdır. Belə ki, yalnız bir dili öyrənmək üçün minimum iki il tələb olunur. Bu səbəbdən də poliqlot olmaq üçün daha çox vaxt və səbr tələb olunur. Lakin hər dəfə yeni bir dili öyrəndikdən sonra növbəti dili daha asan qavrayırsan. Məsələn, birinci xarici dili öyrənərkən üç il sərf olunursa, növbəti dili iki ilə, digərini bir ilə öyrənmək olar. Hətta tədricən bir dili öyrənmək üçün bir neçə ay da kifayət edir. Bu cür bacarığa yiyələnmək üçün ilk xarici dilləri öyrənərkən çox əziyyət çəkmək lazımdır”.

Hər bir poliqlotun xarici dili öyrənməyinə dair öz sirləri olur. Müsahibimiz qeyd edib ki, poliqlotlar yoxladıqları müəyyən üsul üzrə hər dəfə yeni dili öyrənirlər. Adətən onlar özlərinin işləyib hazırladığı üsula adət etdiklərindən dil öyrənmək üçün başqa metodlardan istifadə etmirlər. Hər bir poliqlotun təklif etdiyi üsullar müxtəlifdir. Lakin bu üsulları qruplaşdırmaq olar. Məsələn, bəziləri dili öyrənmək üçün həmin dilin geniş tətbiq olunduğu ölkəyə gedir, həmin dildə danışmağa başlayır. Və ya audio və video dərsliklərdən, kitablardan istifadə edir. Bəziləri kitabdan müəyyən mətnləri, qəzetlərdən məqalələri köçürməyə başlayır. Bu üsulları yoxlamaq və hansının sizə uyğun gəldiyini yoxlamaq olar.

Dil öyrənməyin əsas sirri daim dil ilə məşğul olmaqdır. Hər gün 30 dəqiqə dili öyrənmək, həftədə iki dəfə iki-üç saat buna vaxt ayrımaqdan daha yaxşıdır. Dili öyrənmədiyiniz bir gün isə bir həftəyə bərabərdir. Bu səbəbdən də poliqlot olmaq istəyən şəxs səbirli olmalı və dil ilə hər gün məşğul olmalıdır.

Qeyd edək ki, psixoloqlar xarici dil öyrənməyin insan beyninə xeyrindən dəfələrlə yazıblar. Belə ki, iki və ya daha artıq xarici dildə danışmağı bilənlərdə bir dil bilənlərə nisbətən qocalıq yaddaşsızlığı daha gec əmələ gəlir.

Edinburq Universitetinin əməkdaşı Tomas Bak nevroloq Suvar Alladi ilə birgə xarici dil bilgilərinin ağıl azlığına təsiri olub-olmadığını öyrənmək üçün təcrübə aparıb. Təcrübədə altı il ərzində instituta gəlmiş 650 ağıl azlığından əziyyət çəkən insanın yaş səviyyəsi də müqayisə olunub. Tədqiqata cəlb olunanların təxminən yarısı sərbəst şəkildə iki dildə danışırmış. “Bilinqval” qrupda olanların hamısında ağıl azlığının əlamətləri bir dildə danışan qrupa nisbətən 4-5 il gec təzahür etməyə başlayıb. Məlum olub ki, eyni vaxtda bir neçə dildə danışmaq bacarığı Alsqeymer xəstəliyi, frontotemporal demans və damar demans xəstəliklərinin gec təzahürünə səbəb olur.

Kanada alimlərinin tədqiqatları nəticəsində isə məlum olub ki, bilinqvlər sosial və koqnitiv vərdişlərin daha erkən inkşaf etməsilə fərqlənirlər. Bilinqvizm zehni xüsusiyyətlərin və analitik qabiliyyətlərin formalaşmasına şərait yaradır. Bundan başqa, dillərə xüsusi maraq insanı metalinqvistik vərdişlərin əldə olunmasına aparır. İctimai nöqteyi-nəzərdən bilinqvlərə xarici dil daşıyıcısı ilə ünsiyyət daha asandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir