thumb_DSC_2793_1024

“Birmingemə gələndə çox qorxdum, çünki…” – Azərbaycanlı tələbə

Baxış sayı: 114

Xaricdə təhsil alan gənclərimizi sizə tanıtmaqda, onlarla fikir mübadiləsi etməkdə davam edirik.  “Tələbə bileti”nin budəfəki qonağı Böyük Britaniyada, Birminghem Universitetində təhsil alan Nərmin Kərimlidir. Nərmin Təhsilin təşkili və idarə olunması ixtsası üzrə magistratura təhsili alır.

– Xaricdə təhsil sizə nə qazandıracaq?

– Xaricdə təhsil almağın bir sıra üstün cəhətləri var, əlbəttə. Ən əsaslarından biri burda düşdüyün yeni mühitdir. Mühit bir gəncin dünyagörüşünü formalaşdıran ən başlıca amildir. Düşünürəm ki, hazırda yaşadığım və təhsil aldığım mühit də məhz belələrindəndir. Akademik və professional həyatıma gəldikdə isə Böyük Britaniyada təhsilin bu sahədə də mənə çox böyük üstünlüklər qazandıracağına əminəm. Belə ki, Universitetdaxili fəaliyyətlər, elmi konfranslar və bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə keçirilən görüşlər və təkbətək görüşlər mənə də bu sahə ilə bağlı yeni ideyalar verir. Düşünürəm ki, bütün bu sadalanan faktorlar yaxın gələcəkdə karyera həyatımda da mənə böyük üstünlüklər təmin edəcək.

– İlk dəfə Birmingemə düşəndə nə hiss etmişdiniz?

– Daha öncədən ailəsindən və yaşadığı evdən bu qədər uzaq qalmayan bir insan kimi Böyük Britaniya mənim öz qorxularımla baş-başa qaldığım ilk məkan oldu. Buraya gəldikdə ilk qorxduğum şey dərslərin ağırlığı oldu. Bunu bacara bilib bilməyəcəyimi ilk günlər çox götür-qoy edirdim. Lakin digər azərbaycanlı tələbələrin və eləcə də qrup yoldaşlarımın mənə ürək-dirək verməsi ilə bu fobiyalardan qısa zaman ərzində qurtula bildim. Tək çətinlik sadəcə işləri qaydaya salmaqdır.  Əgər bunu bacara bildinizsə, qalan məsələlər çox asanlıqla həlini tapır.thumb_DSC_2192_1024

– Nərmin, nə qənaətə gəlmisiniz, sıravi ingilisin həyat tərzi necədir?

– İngilislərin ümumi həyat tərzini bir neçə sözlə ifadə etmək çox çətindir. Onu deyə bilərəm ki, yerli insanlar çox işləyirlər və öz işlərinə də çox ciddi yanaşırlar. İnsanlar çox məşğul olurlar və bunu gündəlik avtobuslarda, metroda və yollarda asanlıqla görmək olur.

– Maddi imkanları necədir? Tutaq ki, müəllim, mühəndis, fəhlə, jurnalist, kitabxanaçı – bir sözlə, məmur olmayan və biznesi olmayan ingilisin maddi təminatı necədir? Nə təsir bağışlayır sizə?

– Böyük Britaniyada həyat səviyyəsi həddindən artıq yüksəkdir. Adambaşına düşən gəlirə görə də Britaniya dünyada ilk üçlükdədir. Məmur olmayan və sıravi ingilislərin təminatı da hesab edirəm ki, qənaətbəxşdir.

– Şərq cəmiyyəti ilə Qərb, ingilis cəmiyyəti arasında hansı fundamental fərqlər hiss edirsiniz?

– Fərqlər çoxdur. Şərqlə – Qərb arasında fərq burda kifayət qədər aydın hiss edilir. Istər ailə-məişət məsələlərində, istərsə də gündəlik həyat tərzində. Bizim adət etdiyimiz bir çox şeyi burda ya görmək heç mümkün deyil ya da tamam başqa bir formada görmək mümkündür. Lakin ingilis cəmiyyətinin adətləri Şərqdən gələnlərə burda yaşamağa xüsusi bir çətinlik yaratmır.

– Yəqin tələbələrlə birlikdə yaşayırsınız. Evdə neçə nəfərsiniz?

Bəli qaldığım ev Universitet şəhərciyidir. Evdə 5 nəfərik.  Çinli, amerikalı, ərəb və bir digər azərbaycanlı ilə eyni evdə yaşayırıq.thumb_DSC_2119_1024

– Ev işlərini necə bölürsünüz? Tutaq ki, axşam yeməyi hazırlamaq lazımdır?

Evin içində təmizlik məsələləri qrafiklə həll edirik. Əvvəlcədən təyin edilən günlərdə həftədə 2-3 dəfə növbə ilə təmizlik işləri aparılır.

– Gənclərə niyə xaricdə oxumağı tövsiyə edirsiniz? Yoxsa bu, vacib deyil?

Xaricdə təhsil almaq başlıca olaraq özünü inkişaf baxımından çox vacibdir. Yeni cəmiyyət, yeni tanışlıqlar və yeni imkanlar baxımından bütün gənclərə imkan olduğu təqdirdə xaricdə təhsil almağı tövsiyə edirəm.

– İngilislər ölkəmiz haqda nə düşünür?

– Azərbaycan coğrafi anlamda Britaaniyadan kifayət qədər uzaq olduğu üçün gənc nəsil tanımaqda çətinlik çəkir. Lakin tanıyanlarla ölkə haqqında bir az söhbət etdikdən sonra Azərbaycanın onlara nə qədər maraqlı olduğnu aydın hiss edə bilirəm.

– Bəs Qarabağ münaqişəsi barədə nələr bilirlər?

Bu haqda hələ heç bir ingilislə söhbətim olmayıb düzü.

– Vətənə qayıtmağı düşünürsünüzmü?

– Bəli. Təhsilimi başa vurduqdan sonra qayıdıb bu sahə üzrə Azərbaycanda faəliyyət göstərməyi düşünürəm.

 

Söhbətləşdi: Vüsal Məmmədov

IMG-20151120-WA0020

IMG-20151120-WA0078

received_279787939023040

SAM_1117

thumb_IMG_20151004_200715_1024

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir