bit

Biti necə bitirməli?

Baxış sayı: 17. 798

Bakıda bitlərin yayılması ilə bağlı xəbərlər getdikcə artmaqdadır. Əsasən uşaq bağçalarında və ibtidai siniflərdə oxuyan uşaqların başına bit düşür. Bir neçə gün əvvəl deputat Araz Əlizadə də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bu problemdən danışıb.

Bakı sakini Ülviyyə Ağayevanın şikayətinə görə, qızının başına bit düşüb və bu, onu çox narahat edir: “Bağça müəlliməsi məni kənara çəkib deyir ki, qızınız başını tez-tez qaşıyır. Biz də saçlarını yoxladıq və başında bit sirkəsini tapdıq. Bitləri təmizləmədən, uşağı bağçaya gətirməyin. Əks halda, o biri uşaqlara da yayılacaq. Bununla bağlı bağça müəlliməsinə öz iradımı bildirdim ki, evdə gigiyena qaydalarına ciddi riayət edirik və heç vaxt bit problemimiz olmayıb. Uşağa bit, yəqin ki, elə bağçanın özündə düşüb”.

Paytaxt sakini Gülşən Quliyeva da bizə şikayətində bildirir ki, məktəblərdə uşaqların sağlamlıq durumlarını yoxlamırlar: “Uşaqları xəstə-xəstə, bitli, müxtəlif dəri xəstəlikləri ilə təhsil müəssisələrinə buraxır, bununla da xəstəliklərin, bitlərin yayılmasını şiddətlənirlər. Nəticədə iki qızımın başına bit düşüb. Bunu kiməsə deməyə də utanıram. Aptekdə olan bitə qarşı şampunlarsa zəif effektlidir”.

Bakı Şəhərinin baş dermatoveneroloqu Rəşad İsmayılovun bildiridiyinə görə, insanda baş, paltar biti və qasıq biti olur. Qasıq biti həddindən artıq çoxdur. Bu da daha çox natəmizləkdən yaranır, cinsi yolla da qasıq bitləri çox keçir. Müalicəsində də antiparazitar məlhəmlərdən istifadə olunur.

R.İsmayılov qeyd edir ki, uşaqların başına bit düşübsə, bit əleyhinə şampunlardan istifadə etmək məsləhət görülür: “Bu bitlər də natəmizlikdən yaranır, xəstə adamdan keçir. Bitli insanın darağından istifadə etdikdə və ya bir yataqdan istifadə etdikdə keçə bilər”.

Onun dediyinə görə, bitləri təmizləmək üçün bitə qarşı vasitələri çəkib dörd-beş saatdan sonra yuyurlar: “Üç gündən sonra yenə təkrarlamaq lazımdır. Bir həftə müddətində prosedurları etmək lazımdır”, – deyən baş dermatoveneroloqun sözlərinə görə, oğlanlarla müqayisədə qızlara daha çox bit düşür.

Bakıda bit probleminin nə dərəcədə ciddi olduğuna gəlincə, müsahibimiz bildirib ki, bitin yayılması əvvəlki kimi deyil, artıq azalıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov deyir ki, istər uşaq bağçaları, istər insanların kütləvi toplaşdığı yerlər, ictimai nəqliyyatda sanitar-gigiyena qaydalarına ciddi riayət olunmalıdır: “İt, pişik saxlanılan yerlədə birə yayılır. Əgər vətəndaşın həyətyanı sahəsində, bloklarda it, pişik saxlanılırsa, əlbəttə, buralarda birələrin yayılma ehtimalı çoxalacaq. Bununla əlaqədar da lazım olan təşkilat öz səlahiyyəti daxilində iş görməlidir. Təsərrüfat hesabına işləyən dezinfeksiya şöbələrinə müraciət olunmalıdır ki, həmin ərazilərdə profilaktik tədbirlər həyata keçirsinlər. Konkret ünvan göstərilməlidir ki, hansısa ünvanda bit və ya birə var. Əgər ünvan göstərilib və ya qapalı müəssisənin adı göstərilir, bizim tərəfdən hansısa bir tədbir həyata keçirilməsə, onda əlbəttə, bizə irad bildirilə bilər. Bizə ünvan verilirsə, biz o müəssisəni araşdırıb, həmin müəssisədə, yaşayış zonalarında, heyvanların yaşadığı ərazilərdə dezinfeksiya tədbirləri keçiririk”.

Z.Kazımov qeyd edir ki, dövlət qurumlarında il ərzində ərazidə yerləşən dezinfeksiya şöbələri ilə bağlanmış müqavilə əsasında dezinfeksiya tədbirləri həyata keçirilir: “Ancaq bir sıra özəl sektora mənsub müəssisələrdə özəl sektordan olan dezinfeksiya şöbələri ilə müqavilə bağlanılır ki, həmin özəl sektorun dezinfeksiya şöbələri effektli iş görmür. Nəhayət, bitlərin yayılması baş verir”.

Onun sözlərinə görə, ümumi təhsil məktəblərin ibtidai siniflərində, eyni zamanda məktəbəqədər uşaq müəssisələrində, uşaq bağçalarında filter deyilən bir məsələ gözlənilməlidir: “Yəni uşaq tibb bağçasına daxil olanda tibb bacısı və müəllimə birbaşa uşaqda dəri, boğaz, əsnək, baş nahiyələrinə baxır və uşaqda bitin olub-olmamasını, əsnəyə baxaraq infeksiyanın mövcudluğunu, dərisinə baxaraq səpkisinin, hərarətinin olub-olmamasını yoxlayır. Ancaq yoxlamadan keçən uşaq təhsil müəssisəsinə daxil olur. Bu gün bu qayda qüvvədədir”.

Həmsöhbətimiz bildirir ki, bit çirkdən, natəmizlikdən yaranır: “Bit düşən insan vaxtlı-vaxtında yuyunmur, çimmir. Təhsil müəssisələrində uşaqların sayına uyğun paltar asılan yerlər yoxdursa, bu səbəbdən də bit yayıla bilər. Bit ictimai nəqliyyatda keçə bilər”.

Onun sözlərinə görə, bit üç cür olur: “Baş, bədən və qasıq biti. Bu üç bit çirklənmə nəticəsində yaranır. Çirklənmə varsa, şəxs vaxtı-vaxtında yuyunmursa, bu bitlərin yaranmasına səbəb ola bilər. Ancaq bugünləri bitlilik məsələsi artıq yoxdur”.

Şöbə müdiri diqqətə çatdırır ki, uşaq bağçaları, məktəblər, insanların kollektiv toplaşdığı yerlərdə ciddi nəzarət olmalıdır: “Geyim əşyaları və yataq dəstləri fərdi formada istifadə olunmalı, eyni zamanda, markerofkalanmalı, nişanlanmalıdır. Ciddi təmizlik qaydalarına riayət olunmalıdır”.

Qeyd edək ki, bitlərin təmizlənməsinin dərmansız yolları da var. Türkiyəli dermatoloq Funda Ataman bildirir ki, bitlər insanların düşündüyünün əksinə, hoppana və uça bilmir: “Üç cüt ayağı olan 2 mm-dən balaca kiçik qanadsız böcəklərdir. İlk zamanlar sirkə kimi bilinən yumurtaların yaranması ilə ortaya çıxır. Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, cib telefonu, qulaqcıq kimi əşyalarla yayıla bilir”.

Onun sözlərinə görə, ev heyvanları isə insan biti üçün daşıyıcı deyil (“ailəm.az”): “Bütün dünyada bitlər dərmanlara qarşı müqavimət göstərmələri ilə bilinən bir problemdir. Bit gündə 5 dəfə pəncələrini dəriyə keçirərək qan əmir. Qan əmdikdən sonra gənə kimi şişməsə də, həzm etdiyi qanın təsiri ilə pas rəngi alır. Bitin tüpürcəyi və nəcisinin dəriyə təması qızarıqlıq və qaşıntıya, bəzən də iltihablı yaralara səbəb ola bilir. Dişi bit 1 aylıq həyatının hər bir günündə təxminən 6 ədəd yumurta qoyur. Bitlər yumurtadan ortalama 1 həftədə çıxır. Bit müalicəsinin həftədə bir dəfə təkrarlanmasının səbəbi də budur. Baş biti uşaqlarda daha çox görülür. Baş biti ən çox boyun və qulaq arxası saç dərisində olur. Qız uşaqları daha asan bitlənir”.

Dermatoloq deyir ki, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Qasıq biti isə cinsi yolla bulaşan bir xəstəlikdir. Qasıq tüklərindən başlayıb saqqaladək bütün tüklü bölgələrə yayılır. Hətta uşaqların kirpiklərinə də keçə bilir.

Bitlərin təmizlənmə üsulundan danışan F.Ataman deyir ki, müvəffəqiyyətli bir müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır: “Saç bantlarının, daraqların, fırça, papaq, yastıq, ev və maşında olan oturacaqların baş qoyulan hissələrinin silinməsi və yuyulması vacibdir. Dərmanlar quru saça sürtülməlidir.

Bit su ilə qarşılaşınca nəfəs yollarını bağlayır və yarım saat nəfəs almadan qala bilir. Nəfəs yollarını bağladığı üçün dərman bitə təsir etmir və öldürmür. Dərmanlar nəfəs yolunu iflic edərək təsirli olur. Yumurtalarda ilk 4 gün sinir sistemi inkişaf etmədiyi üçün bu iflic edici dərmanların təsiri olmaz. Buna görə qalıcı təsirli dərmanlar istifadə edilməli və ya 1 həftə sonra müalicə təkrarlanmalıdır. Saçların kəsilməsi bitin çox olduğu durumlarda düşünülə bilər. Mexaniki təmizləmə, yəni bit və sirkələrin əllə artlanması, sıx dişli bit daraq ilə darama dərman istifadə etmədən faydalı ola bilər. Bit darağı ilə darayarkən saçı su, sirkə, zeytun yağı, ya da saç kremi ilə nəmləndirmək işinizi asanlaşdıracaq. Bu darama işi 3-4 gündə bir 15-30 dəqiqə arayla təkrarlanmalıdır. Saç təmizləndikdən sonra 2 həftə daha davam edilməlidir.

Vazelin və ya mayonez ilə həftədə bir dəfə, ən az 10 dəqiqə saçların sürtülməsi də dərmana ehtiyac görülməyən alternativ üsullardandır. Bu vasitələr saça bol sürtülməlidir, beləcə, bit nəfəs ala bilməz və ölər. Həmçinin 30 dəqiqə ərzində saç qurutma aləti ilə isti hava tətbiq edərək, bitlərdən azad olmaq olar”.

Aynurə MƏMMƏDOVA




1 şərh “Biti necə bitirməli?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir