11896436_1170912689601505_586007611482418885_o

Biz ətrafı niyə zibilləyirik?

Baxış sayı: 1. 969

Evimizi təmiz saxlayırıq, lakin evdən çıxan zibilləri qapının, blokun ağzına, maşınla gedərkən yol kənarına qoyuruq. Ümumi olana münasibətimiz də fərqlidir. Əgər bizim deyilsə, nə istəsək edə bilərik.

Çimərliyə yeməksiz getmirik, halbuki boğazına qədər yeyəndən sonra necə çimmək olar? Pinti uşaqlar kimi yediyimiz qidalar və siqaretin qalıqlarını qumun içərisində gizlətməyə adət etmişik.

Moskvada qatara minəndə bilet alıb, Azərbaycana gələndə bunu səviyyəsizlik kimi qəbul edirik. Zibili avtobusun pəncərəsindən – basketbolçu topu tora salırmış kimi havaya qalxaraq küçəyə atmaq bizim üçün əsl qəhrəmanlıqdır.

 

Meşəyə getmək bizim üçün qonaqlıq deməkdir

Bəli biz beləyik. Kimsə deyə bilər ki, mən belə deyiləm. Əgər belə deyilsə, bu sözlərimi öz üzərinə götürməsin. Bu fərdi yox, ümumi yanaşmadır. Ətrafımıza baxsaq, belələri çoxdur. Belə olduğumuzu bir həftə ərzində Göygöl parkını Balaxanı zibilliyinə çevirməyimizlə sübut etdik. Parkda zibilsiz köşə demək olar ki, tapmaq mümkün deyil. Hətta bununla kifayətlənmədik, elə etdik ki, gölün içərisi də çölündən fərqlənməsin. Ona görə bəzi zibilləri məhz gölün içərisinə tulladıq. Yayda meşəyə, çay kənarına gedəndə ən sevimli qidamız olan qarpızın qabıqlarını, su butulkaları, sellofan paketləri, uşaq bezlərini hara gəldi atıb getdik. Bir sözlə, xarakterimizə sadiq qalıb, bir həftəyə illərdir yaradılmış səliqəni zibilliyə çevirə bildik.

İş o yerə çatdı ki, bizim arxamızca gəzən park əməkdaşları zibilləri təmizləməkdə çarəsiz qalıb, əraziyə girişi məhdudlaşdırmağa, zibili atanları tez müəyyən etmək üçün əraziyə videokamera quraşdırmağa və ən sonda aşkarlanan şəxsləri cərimələməklə kifayətlənməyib, adlarını qara siyahıya salmağa qərar verdilər. Cəza nə qədər sərt olsa da, qınaya bilmirik. Axı onlara başqa yol qoymadıq.

Zibili hər 100-200 metrdən bir qoyulan zibil qabına atmaq üçün özlərinə əziyyət vermədik. Buna tənbəllik etsək də, bəlkə də 12755  hektar ərazisi olan parkın hər köşəsini gəzdik.

 

11873477_1170912792934828_3266045764650274729_nBəs nə üçün biz beləyik?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin direktor müavini  Hikmət Əlizadə də “Publika.az”-a açıqlamasında insanların zibilləri atmaq üçün yaradılmış şəraitə biganə olmasından narazılıq etdi: “İnsanların təbiətə münasibətini dəyişmək üçün nazirlik heç nə edə bilməz. Mümkün olan addımlar atılıb, ərazidə məlumatlandırıcı lövhələr qoyulub, qoruq əməkdaşları əhalini istiqamətləndirir. Lakin insanlar bütün bu xəbərdarlıqlara fikir vermirlər. Təbiəti qorumaq pulla alınması mümkün olan bir şey deyil. İnsanların özləri məsuliyyətli olmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu məsələ Azərbaycanda yeni deyil, hələ sovet dövründə də belə problemləri müşahidə edirdik. Məsələn, Baltikyanı ölkələrə gedən qatarlar həmişə çox səliqəli olurdu, lakin ora azərbaycanlılar minəndə mütləq öz “izlərini” qoyurdular: “Bizim insanlar bu məsələdə hədsiz dərəcədə səliqəsizdir. Ən gözəl yerə getsələr belə orada yeyib-içib zibilləyəcəklər. Bu məsələ sanki xarakterə çevrilib. Nədənsə, pozuculuğa meyilliyik. Norveçdə insanlar hətta parkda belə yerdən yarpağı götürüb zibil qutusuna atırlar. Bizdə isə bu sahədə mədəniyyət formalaşmayıb, təbliğat aparılmayıb. Təəssüf ki, təkcə bizdə deyil, digər müsəlman ölkələrində oxşar mənzərənin şahidi oluruq. Bu məsələdə yalnız Türkiyə istisnadır, bu ölkədə turistləri cəlb etmək üçün səliqə-sahman məsələsinə çox diqqət edirlər. İslam dini təmizliyi nə qədər təbliğ etsə də, müsəlman ölkələrində ətraf mühitin təmizliyi ən ciddi problemdir. Bu sahədə mədəniyyətimiz ürək ağrıdır, kənardan da pis mənzərə yaratmış olur. Hər tərəfin zibillənməsi xarici vətəndaşların da həmin ölkəyə münasibətinə təsir edir. Ilkin təəssürat heç də xoş olmur”.

Sosioloqun sözlərinə görə, bizdə bu sahədə böyük boşluq var və iş aparılmalıdır: “Hətta insanların təbiətə münasibətini dəyişmək üçün hərəkat da başlatmaq olar. Ölkədə turizmin inkişaf etməsini, gələn qonaqlarda xoş təəssürat yaratmaq və ilkin növbədə normal istirahət etmək istəyiriksə, ilk növbədə təmizliyə diqqət etməliyik. Yalnız maarifləndirmə ilə məsələni həll edə bilmərik, ona görə də bəzi inzibati metodların həyata keçirilməsinə ehtiyac var”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanların ümumi istifadə olunan məkanlara laqeyd münasibəti yalnız özünü düşünmə, yalnız özünə aid olan yeri təmizləmə xüsusiyyətindən xəbər verir. Bu da psixologiyada eqosentrik düşüncə adlanır: “Bu da  ictimai şüurla bağlı məsələdir, insan yalnız özünü deyil, bütün cəmiyyəti düşünməlidir. Avropalı gəzintiyə, istirahətə kifayət qədər vaxt və vəsait ayırır. Amma bu vəsaiti gəzməli, görməli yerlərə sərf edir. Bu baxımdan onların bizimlə nisbətdə xərci az olur. Biz isə çox pul xərcləməklə fəxr edirik. Xərcimizin əsas hissəsi yeməyə sərf edilir. Xarici ölkədə tarixi yerləri yox, restoranların yerini dəqiq bilirik. Son günlər Göygöldə yaşanan vəziyyət təbiətə olan münasibətimizi göstərmiş oldu. Bu halları paytaxtda, digər yerlərdə də müşahidə edirik. Bizim insanlar üçün təbiət dincəlmək yeri deyil, yemək yeridir. Meşəyə, parka gedəndə ilk ağlımıza gələn bu olur ki, “təbiətdə insanın iştahası açılır, ona görə də özümüzlə yemək aparmalıyıq. Yediyimiz qalıqları isə hara gəldi ata bilərik”. Bu gün zibillər əlindən dəniz kənarına getmək olmur. Nəinki dənizə girmək olmur, heç qumda da oturmaq mümkün deyil. Bizdə “zibil atmaq” mədəniyyəti formalaşmayıb. Bu da ekologiyanın pozulmasına səbəb olur. İnsanların zibili atması üçün xüsusi qablar və onların olduğu yeri göstərən lövhələr qoyulmalıdır. Təəssüf ki, bir çox istirahət mərkəzləri, yeməkxanalarda zibili atmaq üçün xüsusi yerlər yoxdur və ya azdır. Bir sözlə, iş qarşılıqlı olmalıdır”.

Psixoloqun sözlərinə görə, bu halların qarşısını almaq üçün sosial maariflənmə və ictimai qınağa ehtiyac var. Hər bir vətəndaş özündən başlayıb, digərlərinə də təsir etməlidir: “Hər şeyi dövlətin üzərinə qoymaq doğru deyil. Vətəndaş bilməlidir ki,  istirahət edəndən sonra zibilini də götürüb oranı tərk etməlidir. Bu gün bir nəfər bu hərəkəti etsə, digərləri də ona baxıb dərs götürəcək. Zibili atan birinə mənfi reaksiya olsa, irad tutulsa, o bir də zibili yerə atmayacaq. Biz bunun bariz nümunəsini xaricə gedən vətəndaşların qanunlara əməl etmələrində görə bilərik. Hansı ölkədə bu məsələyə ictimai qınaq var, insanlar zibili zibil qabına atırlar”.

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Taleh Şahsuvarlı da ümumiyyətlə bizim təbiətə olan münasibətimizin normal olmadığını qeyd edir: “Bunun əsas səbəbi də odur ki, biz təbiətdən necə faydalanacığımızı, təbiəti necə dəyişdirəcəyimizi və onun şərtlərini necə öz lehimizə çevirəcəyimizi bilmirik. Bütün bunlar son nəticədə bizim ətraf mühiti qorumaq şüurumuzun formalaşmamasına, insan və vətəndaş olaraq öz məsuliyyətimizi dərk etməməyimizə gətirib çıxarır. Göygölün vətəndaşların üzünə açılmasından sonra yaranan vəziyyət göstərdi ki, Azərbaycanda bələdiyyə və bələdiyyələrlə əməkdaşlıq edən özəl sektorun inkişafına ehtiyac var. Göygöl hansı bələdiyyənin ərazisindədir? Həmin bələdiyyə oranın təmiz qalması və təmizlənməsi üçün hansı tədbirlər görüb? Bu məqsədlə hər hansı şirkətlə müqavilə bağlayıbmı? Yəqin ki, bu sualların cavabı mənfidir. Belədə, mən məsələyə kompleks yanaşmağın tərəfdarıyam. Hesab edirəm ki, “sən qarpız qabığını niyə yerə atdın” deyə qınamalı olduğumuz insanlarla yanaşı, o qarpız qabıqlarının yerə atılmaması və anında yerdən götürülməsini təmin etməyən bələdiyyə institutu da tənqid olunmalıdır”.

Gülxar Şərif




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir