Bizdəki evlənmə qaydaları türkmən qızını təəccübləndirib – Əcnəbi

Baxış sayı: 1. 511

Onu Azərbaycanda təhsil almağa vadar edən səbəb atasının doğulub böyüdüyü torpaqlarda 4-5 il də olsa, yaşaya bilmək istəyidir. Azərbaycan haqqında çox şey bilir. Çünki ölkəmiz haqda ona nağıllarında, söhbətlərində atası çox danışıb. Amma bu ölkədə yaşamaq, eşitdiklərini əyani olaraq görmək, doğma ata-babasının vətəninin qoxusunu duymaq üçün məhz Azərbaycanda təhsil almaq qərarına gəlib. Söhbət əcnəbi tələbə Leyla Kureyşidən gedir.

Leyla Azərbaycana Türkmənistandan gəlib. Hazırda Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində təhsil alan müsahibimiz 3 ildir ki, Bakıda yaşayır. O, ölkəmizi o qədər sevir ki, buranı özünün ikinci vətəni hesab edir: “Azərbaycanda özümü əcnəbi kimi hiss etmirəm. Çünki atam Gəncə şəhərində anadan olub və burada təhsil alıb. Hətta Gəncədə Texnologiya Universitetində mühəndislik oxuyub. Atam Azərbaycanı çox sevir. Bu səbəbdən bizim evdə hər kəsin Azərbaycan haqqında məlumatı var”.

“İkinci vətənim”

Leyla deyir ki, ali təhsil almaq üçün universitetləri araşdırarkən belə, tək arzusu Azərbaycanda təhsil almaq olub: “Bu ölkədə yaşamağı çox istəyirdim. Qız Qalasını görmək, İçərişəhərdə gəzmək, Bakı bulvarına səyahət etməyi təsəvvürümdə canlandırırdım. Slavyan Universitetinə qəbul olunduğumu eşitdikdə çox sevindim. Hətta Bakıya gəldikdə sevincdən universitetin divarlarını belə öpürdüm”.

Ölkəmizi ikinci vətəni hesab edən müsahibimiz deyir ki, Türkmənistana getdikdə Azərbaycan üçün çox darıxır: “Azərbaycan xalqı həqiqətən istiqanlı və qonaqpərvərdir. İnsan özünü yad ölkədə hiss etmir. Kimdənsə yol soruşduqda, yaxud yardım istədikdə, kömək etmək üçün əllərindən gələni edirlər. Bizim fakültədə əcnəbi tələbələr daha çoxdur və onlarla sizin ölkə haqqında danışdıqda, hər kəs bu fikirləri deyir. Əcnəbi olduğumuz üçün bizi öz qonaqları hesab edir, o qədər mülayim davranırlar ki… Bu səbəbdən Azərbaycan mənim ikinci vətənimdir və mən bu ölkəyə vurğunam”.

Mətbəx məsələsinə gəldikdə, həmsöhbətimiz deyir ki, atasının sayəsində Azərbaycan mətbəxinin yeməklərindən Türkmənistanda öz evlərində də bişiriblər. Mətbəximizə bələd olduğu üçün hətta özü də tez-tez yarpaq dolması, kələm dolması, suplar bişirir: “Əcnəbilərin əksəriyyəti yeməklərinizin yağlı olmasından şikayətlənir. Amma Azərbaycan mətbəxi çox dadlıdır. Ağız dadıma uyğun olduğu üçün özüm də daha çox sizin mətbəxin yeməklərindən bişirirəm”.

“Qısaboylu oğlanlar…”

Azərbaycanlı gənclərlə türkmən gəncləri arasındakı fərqlərə gəldikdə isə, müsahibimiz deyir ki, əksinə, oxşar tərəflərimiz daha çoxdur: “Özümü bu ölkədə ona görə yad hiss etmirdim ki, sizin insanlar bizim xalqa çox oxşayır. Məsələn, qızların qapalı olma məsələsi, oğlanların qızlara nisbətən daha sərbəst olması bizdə də eynidir. Amma oğlanlarımızı müqayisə etdikdə, xarici görünüş baxımından sizin oğlanların əksəriyyətinin boyu qısadır. Amma Türkmənistanda hündürboylu oğlanlar daha çoxdur”.

Əcnəbi müsahibimizi təəccübləndirən məsələ isə sərnişin avtobuslarında ortayaşlı kişilərin belə qızlara yer verməsidir: “Mənim anlamadığım məsələ odur ki, nə üçün atam yaşında insan mənə qadın olduğum üçün yer verir? Əksinə, mən onu gördükdə, əyləşməsi üçün yer verməliyəm. Türkmənistanda heç bir orta yaşlı kişi qalxıb gənc qadına yer vermir. Yaxud Azərbaycanda avtobusa uşaq mindikdə, böyüklər qalxıb ona yer verir. Uşağa görə böyük niyə yerindən qalxsın ki? Əvvəllər sizin sərnişin avtobuslarınızdkı bu “qayda-qanunlar”a təəccüblənsəm də, sonradan öyrəşdim”.

Evlənmə qaydaları…

Müsahibimiz oğlanlarla qızların münasibətlərindən də danışdı. Həmsöhbətimizin sualları düşündürücü idi. Leyla deyir ki, bizdəki evlənmə qaydaları ona çox qəribə gəlir: “Mən bir şeyi başa düşmürəm. Azərbaycanlı oğlanların əksəriyyəti nə üçün öz sevdiyi qızla yox, anasının seçdiyi qızla evlənir? Türkmənistanda valideynlər övladlarının evlənmə məsələlərinə müdaxilə etmir. Oğlanla qız danışır, münasibət qurur. Əgər münasibət ciddiləşirsə, oğlan qızı öz ailəsi ilə, qız da oğlanı öz ailəsi tanış edir və iki gəncin qərarından sonra evlənirlər. Əgər sən evlənmək yaşına çatmış və ailə qurmaq istəyirsənsə, niyə sənin həyatı bölüşəcəyin qızın kim olmasına anan qərar verməlidir?”

Müsahibimiz sonda vurğuladı ki, ölkəmizdə olarkən yalnız ailəsi üçün darıxır: “Azərbaycan çox ecazkar yerdir. Onun tarixi, keçmişin qoxusunu daşıyan İçərişəhərdəki küçələrini çox sevirəm. Düşünürəm ki, hələ gəzməli və görməli yerlər çoxdur. İnsanlarınızın gülər üzü, qonaqpərvərliyi, istiqanlılığı insanı darıxmağa qoymur. Öz vətənimdə belə, Azərbaycan üçün çox darıxıram. Nə yaxşı ki, burada təhsil almağa qərar verdim və bu ölkəni tanıdım…”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir