yuyucu

Bizi zəhərləyən təmizlik – ARAŞDIRMA

Baxış sayı: 1. 714

Məişətdə istifadə olunan kimyəvi tərkibli təmizləyici vasitələr sağlamlıq üçün bir çox ciddi problemlər yaradır

“Baş barmağım öz-özünə şişməyə başladı. Keçər deyə bir neçə gün gözlədik. Zaman keçdikcə əlimdəki şiş də böyüdü. Axırda terapevtə müraciət etdik. O bildirdi ki, bu cür şişlər adətən yuyucu tozlar dərinin altına daxil olduqda baş verir. Bizi cərraha istiqamətləndirdi. Cərrah isə bildirdi ki, yuyucu tozdan istifadə ilə bağlı bu cür şiş halları çoxalıb. Əlcəksiz istifadə etdikdə, əgər dəridə yara varsa, problem qaçılmaz olur. Əməliyyatla əlimdəki problemi aradan qaldırdılar”.

Bu sözləri bizimlə söhbətində evdar xanım Günay Həsənova söylədi.

O deyir ki, həkim ona evləri təmizləmək üçün kimyəvi vasitələrdən istifadə zamanı ehtiyatlı olmağı məsləhət görüb. Əslində isə həkimin bu məsləhətinə hər kəsin riayət etməsi lazımdır. Hazırda elə bir dövrdə yaşayırıq ki, məişətdə istifadə olunan müxtəlif çeşiddə kimyəvi tərkibli təmizləyici vasitələrin sayı gündən-günə artır. Bu vasitələrin qoxusu, yaratdığı təmizlik bəzən o qədər gözəl olur ki, sağlamlığımıza nə qədər mənfi təsir göstərməsi haqda heç düşünmürük də. Bu vasitələrdən istifadə edərkən əlcək, maska və ya hansısa qoruyucu metodlardan istifadə edənlərə isə nadir hallarda rast gəlinir.

İşimizi yüngülləşdirən 3000-dən çox kimyəvi vasitə

Bu cür kimyəvi maddələrdən zəhərlənmə, müxtəlif problemlərin yaranması halları zamanla daha da artır. Fövqəladə Hallar Nazirliyi Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin məlumatında bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, kimyəvi etiologiyaya malik zəhərlənən şəxslər təcili tibbi yardım göstərilməsi üçün stasionar müəssisələrə müraciət edənlərin 15-20%-ni təşkil edir. Kimyəvi maddələr sənaye, kənd təsərrüfatı ilə yanaşı, insanların bilavasitə təmasda olduqları sahədə – məişətdə də geniş tətbiq olunur. Hazırda məişətdə işimizi yüngülləşdirmək üçün 3000-dən çox müxtəlif adlı kimyəvi vasitələr təklif edilir. Lakin əməyi yüngülləşdirməklə yanaşı, bu vasitələrdən düzgün istifadə edilmədikdə, üzərində göstərilən təlimatlara əməl edilmədikdə bir sıra bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Təhlükəlilik dərəcəsinə görə bu vasitələri təhlükəsiz (təmizlik vasitələri), zəhərli (həşərat və gəmiricilərə qarşı işlədilən vasitələr, yapışqanlar, ləkəçıxardıcılar, avtokosmetika), yanğın təhlükəli (aerozol vasitələr, polirollar) maddələr kimi qruplaşdırmaq olar.

Qapalı mühitdə kimyəvi maddələrin təsiri daha çox olur

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qəzetimizə açıqlamasında bildirdi ki, mətbəxdə, hamam otağında istifadə olunan təmizləyici maddələr turşu, qələvi tərkiblidir. Onları qapalı mühitdə işlətdikdə buxarları tənəffüs yollarına, orqanizmə mənfi təsir göstərə bilər. Onların istifadə qaydalarında da əlcək və maska geyinilməsi göstərişdir: “Tənəffüs yollarına dəyməsin. Dəydikdə boğulma, hava çatışmazlığı, ürək döyüntüsü və s. kimi şikayətlər artmağa başlayacaq. Əsas da kimyəvi maddələrə qarşı həssas olan adamlar diqqətli olmalıdırlar”.

A.Maqsudov deyir ki, uşaqları bu maddələrlə təmasdan uzaq tutmaq lazımdır: “Uşaqların nəfəs yollarına, ağ ciyərinə, qanına, qaraciyərlərə, böyrəklərə təsir göstərə bilər. Bu, buxarın konsentarsiyasından asılıdır. Əgər açıq havadadırsa, bu o qədər də mənfi təsir göstərməz. Amma qapalı şəraitdə, hamam otağında, balaca mətbəxdə olsa və hava dəyişilməsə, mənfi təsir qüvvəsi olacaq”.

Paltarları evdə qurutmaq olmaz

Tibb və fəlsəfə elmləri doktoru, tibb üzrə ekspert Şəmsiyyə Namazova deyir ki, məişətdə işlədilən bütün yuyucu, ağardıcı, təmizləyici və s. bu kimi vasitələrin hamısı kimyəvi maddə tərkiblidir: “Onların tərkibində çirk təmizləyən, ağardıcı işi görmək üçün xüsusi qatqılardan istifadə olunur. Əgər imkan olsaydı, tamamilə bunlardan istifadə etməmək daha yaxşı olardı. Necə ki, əvvəllər təbii bişirilən sabunlardan istifadə edilirdi. Onların tərkibi kimyəvi qatqılarla zəngin olmurdu. Əl, paltar sabunları var idi. Təbii vasitələrdən istifadə edildiyi vaxtlarda istər gözün selikli qişasında, istər dəri üzərində kontakt dermatitlərin, allergik xəstəliklərin sayı bu qədər deyildi. Xüsusilə yuxarı tənəffüs yollarında problem, ümumi bioloji sistemdə dəyişiklik, astmatik xəstəliyi olanlara bu, daha pis təsir edİr. Onlarda tutmaların kəskinləşməsinə səbəb olur”.

Ş.Namazovanın sözlərinə görə, paltarları yuyan zaman da yuyucu, ağardıcı tozlardan istifadə edilir ki, bunlar da kimyəvi qatqılıdır. Buna görə də paltarları ev şəraitində qurutmaq kimyəvi maddələrin orqanizmə daxil edilməsinə səbəb olur: “Bəzən xanımlar paltarı yuduqdan sonra evdə qurutmağa üstünlük verirlər. Paltarları xüsusilə qış aylarında evdə quruducunun üstünə sərirlər. Ancaq unudurlar ki, kimyəvi maddələrlə yuyulmuş paltarın açıq havada qurudulması şərtdir. Çünki paltaryuyan maşından çıxdıqdan sonra yuyucu tozun ionları havaya qalxır və nəfəsimizə daxil olur, tənəffüs yollarını qıcıqlandırır, allergiya yaradır. Bu, astmatik tutmalara qədər gətirib çıxara bilər”.

Tənəffüs yolları problemi olanlar bu vasitələrdən uzaq dursunlar

Ekspert deyir ki, mebel təmizləyicilərinin tərkibində kimyəvi maddələrlə yanaşı, müəyyən yağ da olur. O, həm mebeli parıldadır, həm uzun müddət yaxşı qalması üçündür. Bu maddələrin isə kimyəvi tərkibi yuyucu vasitələrə nisbətən daha çoxdur və uzun müddət qalır. Ona görə də hansı gün mebellər bu vasitələrlə təmizlənirsə, həmin günün yarısı otaqda hava təmizlənməsi aparılmalıdır. Müsahibim deyir ki, mebelləri bu cür vasitələrlə təmizləməni tez-tez aparmaq da olmaz. 2-3 aydan bir bəs edər. Əgər mebellə səliqəli davranılsa, daha gec ehtiyac yaranar.

Ş.Namazova bildirdi ki, aerozollar, şüşə silmək üçün vasitələr tənəffüs yolları ilə daha yaxın təmasda olduğu üçün onların zərərləri daha təhlükəlidir: “Şüşə, güzgünün üzərinə onu çiləyərkən nəfəsimizlə içimizə çəkirik. Artıq burada yuxarı tənəffüs yollarına, ağ ciyərə və s. daxil olur. Əgər insanda tənəffüs yolu ilə bağlı problem varsa, onlara bu vasitələrə yaxın getmək ümumiyyətlə, əks göstərişdir. Bütün hallarda istifadə edildiyi məkanın havası tamamilə dəyişilməlidir”.

Müsahibim onu da qeyd etdi ki, bu maddələr evimizə daxil olub və məişətdə təmizliyin ayrılmaz hissəsinə çevrilib. Buna görə də sağlamlığımıza təsir etməməsi üçün maksimum bunlardan qorunmaq lazımdır: “Əlcəklərdən istifadə etməyə çalışmaq lazımdır. Ev şəraitində paltaryuyan maşın işə salınıbsa, mütləq pəncərələr açıq saxlanılmalıdır. Hamamda bu cür maddələrlə təmizlik işi aparılırsa, yenə də hava dəyişilməlidir. Uşaq olan və uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkən insanlar olan evlərdə bu, xüsusilə nəzərə alınmalıdır. Yuyucu vasitə ilə təmizlədiyimiz əşyanı xeyli müddət suyun altında saxlamaq, çəngəl, qazan yuyarkən isə daha çox diqqət etmək lazımdır. Çünki yaxşı yuyulmadıqda onların müəyən yerlərində kimyəvi maddələr yığılıb qalır və istifadə edərkən qida ilə yanaşı orqanizmimizə daxil olur. Bu isə mədə-bağırsaq sistemində pozuntulara səbəb olur. Heç kim bu vasitələri alarkən üzərində istifadə təlimatlarını oxumur. Bizim təmizləyici olaraq başqa bir seçimimiz də yoxdur. Əlimizdə olan bu kimyəvi vasitələrdir. Biz sadəcə olaraq, qorunmaq şərtilə bu vasitələrdən istifadə etməliyik”.

Kimyəvi tərkibli vasitələrin yaratdığı fəsadlar

Araşdırmalara görə, ağardıcıların tərkibindəki kimyəvi maddələr astmatik reaksiyalara səbəb olur. Yuyucu tozlar maddələr mübadiləsi proseslərini ləngidir, allergik reaksiyalar və tənəffüs yollarının xəstəliklərinə səbəb olur. Santexnikanın təmizlənməsi üçün vasitələr dərinin kimyəvi yanıqlarına gətirib çıxara bilər. Gözə düşərsə, görmənin qismən və ya tam itirilməsinə səbəb ola bilər. Şüşətəmizləyici vasitələr gözlərin və tənəffüs yollarının qıcıqlanmasına səbəb olur, başağrısı yaradır.

Mebel və döşəmələrin parıldadılması üçün vasitələr isə ürəkbulanma, qusma yarada, bəzi hallarda qıcıqlanmalara səbəb ola bilər. Ağır hallarda bu vasitələrin tərkibindəki maddə xərçəng xəstəliyinə, uşaqlarda anadangəlmə qüsurlara səbəb ola bilər.
Metal vasitələrin parıldadılması üçün vasitələrlə qısamüddətli təmas görmənin pozulmasına, uzunmüddətli təmas isə əsəb sisteminin, böyrəklərin funksiyalarının pozulmasına, dəri xəstəlikləri və görmə orqanının mənfi fəaliyyətinə səbəb olur.
Tədqiqatlara görə, məişətdə istifadə olunan vasitələrdən ən təhlükəlisi hava təravətləndirən aerozollardır. Müxtəlif ətirli bu aerozollar xərçəngin yaranmasına, qalxanvari vəzin, qaraciyər və ürəyin xəstəliklərinə səbəb ola bilər. Şüşətəmizləyici vasitələr təhlükəlilik reytinqində ikinci yerdədir.

Sonda onu da bildirək ki, məişət kimyası vasitələrinin saxlanılması qaydalarına riayət etmək lazımdır. Onları yeyinti məhsullarının qabına tökmək, mətbəxdə, şkafda qab-qacaq və ərzaq məhsulları ilə bir yerdə saxlamaq olmaz. Xüsusilə də bu məhsulların uşaqların əlinə keçməməsinə çalışmaq vacibdir. İstifadə edən zaman isə qeyd olunan təlimatlara riayət edilməlidir.

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir