toy

Bizim qızlar “ağ atlı şahzadə” obrazını niyə əcnəbilərdə görürlər?

Baxış sayı: 281

Getdikcə daha çox azərbaycanlı qadın xarici kişilərlə ailə həyatı qurur. Belələri arasında sıradan xanımlarla yanaşı məşhurlar da var. Ekspertlərin fikrincə, bu, azərbaycanlı qadınların romantik kişi obrazı, maddi cəhətdən yaxşı təmin olunan ər axtardığı üçün baş verir.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb.

Dövlət Statsitika Komitəsinin məlumatına görə, onlardan 176-sı Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 163-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır. Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır.

2017-ci ilin 9 ayı ərzində ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayı 1541, 2016-cı ilin 9 ayı ərzində isə 1551 olub. Belə ki, 2017-ci ilin 9 ayı ərzində əcnəbilərlə nikah bağlayanların 804-ü qadın, 737-si kişi, 2016-cı ilin 9 ayı ərzində isə 808-i qadın, 743-ü kişi olub.

Psixoloq Ahmet Tuğrul Demir bildirir ki, azərbaycanlı qadınların xaricilərlə evliliyinin fərqli səbəbləri var: “Bunların önəmlisi kütlənin fikri, sosial və psixoloji amillərdir. Azərbaycan qadınlarının xarici kişilərə niyə üstünlük verdiyini anlamaq üçün “Qadın nə istəyir” sualını cavablandırmaq lazımdır. Qadın sevilmək, özünü dəyərli hiss etmək, diqqət, hörmət görmək istəyir və bunları ona verə biləcək kişi ilə ailə qurmaq arzusundadır. Bununla yanaşı, qadına həm də ona dəyər verən kişi cazibədar görünür”.

Müsahibimiz qeyd edir ki, qadın incə ruhludur, kübardır, incədir, zərifdir: “Gül kimidir, çiçək kimidir. Günəşi görmədikdə gül necə solarsa, qadın da sevilmədikdə, dəyər görmədikdə solur. Bu üzdən qadınların dünyaya baxışı ilə kişilərin baxış tərzində çox böyük fərq var. Bununla birlikdə kütlə psixologiyasına görə kişilərin daha güclü tərəf kimi qəbul olunması kişi ilə qadın arasında bir fərqlilik ortaya çıxarır. Qadın dəyərləndirildiyini hiss etdirən ifadələri, sevgi sözlərini gözləyərkən bəzən bunu öz ölkəsindəki kişilərdə tapa bilmir. Qadınlara daha romantik, gözəl sözləri ifadə edən xarici kişilər cazibəli gələ bilər. Bu cazibə azərbaycanlı qadınları xaricdəki kişilərə doğru yönəldir”.

Demir bildirir ki, azərbaycanlı qadınların ətrafında xaricilərlə ailə quran və xoşbəxt olan qadınlar varsa, bu da onları xarici ər tapmağa meylləndirə bilər: “Azərbaycanlı qadınlar xarici kişilər tərəfindən sevildiyini, arzulandığını, dəyələndirildiyini görüncə, xarici kişilərlə münasibət qurmağa üstünlük verməyə başlayır. Belə qadınlar azərbaycanlı kişilərdə nöqsanlar axtarmağa başlayır. Həyat qısadır. Qadın gözəl ailə həyatı qurmaq xəyalı ilə yaşayır və bu xəyalda azərbaycanlı kişini təsəvvür etmir.
Arzuladığı həyatı yaşamaq üçün özünə, planlaşdırdığı ailə modelinə daha uyğun gələn ailə başçısını seçmək üçün fikir edir, düşüncələrə qapanır. Bu düşüncələr bəzən onu sıxır və xoşbəxtliyini xaricdə yaşamağa yönəldir”.

Onun dediyinə görə, xarici kişi ilə ailə qurmaq arzusu bütün azərbaycanlı qadınlara aid deyil: “Qadınlar yaşadıqlarına görə seçim edir. Kütlə çox böyükdür. Bəziləri xarici kişi ilə münasibət qurmaq arzusunda olsa da, hər azərbaycanlı qadın belə düşünmür. Azərbaycanlı qadınlar xaricdəki kişilərlə evlənərsə, xoşbəxt olacaq kimi bir qayda yox. Çünki azərbaycanlı kişilər də çox kübar, zövqlə geyinən və baxımlı kişilərdir”.

Psixoloqun sözlərinə görə, azərbaycanlı qadınlar arasında xarici kişiləri seçənlərin çoxalmasında sosioloji səbəblərin də rolu var: “Azərbaycanlı xanım yalnız sevildiyini, dəyərləndirildiyini hiss etmək üçün bu addımı atmır. Azərbaycanlı qadınların əcnəbilərlə ailə qurmağının səbəblərindən biri sevgidir. İkincisi, maddi cəhətdən qurulan ailələr, üçüncüsü, Azərbaycandakı yaşam şərtlərindən daha yaxşı şərtləri olan ölkədə yaşamaq üçün edilən seçim”.

ecnebi toy

Psixoloq Ramil Nəcəfli deyir ki, azərbaycanlı qadınlar arasında əcnəbilərə ərə gedənlərin artmasının bir sıra obyektiv və subyektiv səbəbləri var: “Əsas səbəblər bizim qadınların xarici kişilərə istər film, istərsə də seriallarda çox baxması və kişi obrazını buradan özünə nümunə götürməsidir. Xarici filmlərə baxdıqca qadınlarımız xaricilər haqqında yaxşı, romantik təsəvvürə malik olurlar. Seriallarda xaricilərdən çox gözəl davranışlar, görüntülər görürlər və elə bilirlər, xaricilər elədir. Bizim qadınlarımız istəyir ki, xarici kişilər onların ayaqlarının altına qızılgül ləçəkləri səpsinlər. Əslində qadınların xaricilərlə təsəvvür etdiklərinin müəyyən qədəri olur. Türk kişiləri qadınlara “canım, ciyərim, ürəyim, aşkım” və ya ingilislər “əzizim” deyirlər. Bu, çox adi sözlərdir. Amma bizim qızlarımızın çox vaxt həsrət qaldığı sözlərdir.
Azərbaycanlı kişilər qadınlara o qədər də şirin sözlər demir. Bizim kişilər arasında həyat yoldaşına kobud müraciət edənlər daha çoxdur. Bizim gəlinlər arasında qayınana, baldız və s. təzyiqi ilə yaşayanlar çoxdur”.

Nəcəfli qeyd edir ki, azərbaycanlı qızlar “ağ atlı şahzadə” obrazını, təəssüf ki, əcnəbilərdə görürlər: “Bunu azərbaycanlıda görmürlər. İkinci səbəbi ola bilər ki, bizim kişilər, istərsə də qadınlar ailədə deyingən olurlar. Kişilərimiz çox vaxt deyinirlər ki, yeməyin duzu azdır, evi yaxşı yığışdırmamısan, çayın rəngi ağdır və s. Bu da qadınlarımızı məyus edir. Səbəblər arasında bizim kişilərin həyat yoldaşlarına sədaqət göstərməməsidir”.

 

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir