ecnebi

Bizim qızları əcnəbilərlə nikaha nə məcbur edir? – ARAŞDIRMA

Baxış sayı: 200

2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindn ölkədə 27525 nikaha daxilolma halları qeydə alınıb. Bu barədə Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Leyla Kərimova bildirir. I.Kərimovanın sözlərinə görə, onlardan 552-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb. 449-u isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır. Komitə rəsmisi deyib ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha daxil olublar. Rəsmi statistikadan da göründüyü kimi, əcnəbilərlə ailə quran azərbaycanlı qadınların sayı daha çoxdur. Maraqlı məqam isə ondan ibarətdir ki, xarici ölkə vətəndaşları ilə bizim xanımlar bir çox hallarda təsadüfi tanışlıqlardan sonra ailə qururlar. Amma təbii ki, xaricilərlə evliliklərdə digər faktorlar da rol oynayır. Ondan başlayım ki, əcnəbilərlə nikahların nə qədər xoşbəxtlik gətirdiyini anlamaq üçün əcnəbi ilə ailə quran ən azı beş tanışımı xatırlamağa çalışıram. Onlardan ikisi türk, biri rus, biri iranlı, biri isə kanadalı ilə ailə qurub. Tanıdığım şəxslər həqiqətən də xoşbəxtdirlər. Amma təəssüf ki, hamıda belə deyil. Yəni, ərə getdiyi əcnəbi heç də həmişə qadının həyatını dəyişmir. Amma xarici ilə evlilik, xaricdə yaşamaq o qədər cəlbedici görünür ki, yəqin, hər qadın bu haqda düşünür.

 

Amma məsələnin başqa tərəfləri də var.

Əcnəbi ilə nikah həm də yad dil, yad ənənələr, yad insanlar deməkdir. Əslində, nəyin bahasına olursa-olsun, əcnəbiyə ərə getmək məqsədini qarşıya qoymusansa, buna əlbəttə ki, nail olmaq olar. Amma xoşbəxt ailə ilə bağlı arzular əcnəbi həyat yoldaşının istəkləri, düşüncələri, xarakteri ilə üst-üstə düşməyə bilər…

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

 

Qızlarımız “ağ atlı oğlan”ı niyə xaricdən gözləyirlər?

Sosioloqlar belə hesab edir ki, əcnəbilərlə nikah dövrün tələbi, həm iqtisadi problemlər, həm də psixoloji amillərlə bağlıdır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiya bu cür nikahların sayının artmasına səbəb olub.

Sosioloq Əhməd Qəşəmoğlunun bildirdiyinə görə, qadınlarımızın əcnəbilərlə nikahına səbəb daha çox bizim oğlanlarımızın iqtisadi vəziyyəti və işsizliyidir: “Təəssüf ki, bir çox oğlanlarımız vaxtında ailə qura bilmirlər. Qurduqları ailədə də dərhal ciddi iqtisadi problemlər başlayır: evsizlik, maaş və s. Bu, məsələnin bir tərəfidir.

Digər tərəfdən, qızlarımız arasında son vaxtlar vətənpərvərlik məsələləri lazımi şəkildə təbliğ olunmur. Bizim cəmiyyətdə belə bir illüziya və nağıl xarakterli baxış var ki, əcnəbilərlə ailə quranda iqtisadi cəhətdən təmin olunursan və həyat daha maraqlı olur”.

Mehriban Zeynalova

Şərq ölkələrinin vətəndaşları ilə evlənənlər arasında boşananlar daha çoxdur

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, son vaxtlar daha çox qızların əcnəbilərlə nikaha girməsi məsələsi gündəmdədir: “Proses iki istiqamətdə gedir: birincisi, xaricdə təhsil alan, orada müəyyən dünyagörüşü əldə etmiş və ailə seçimi məsələsində fərqli baxış tələbləri ortaya qoyan qızlarımızdır. Onlar daha çox Avropa ölkələri vətəndaşları ilə nikaha üstünlük verirlər və xarici dil bilməsi, təhsili, yaş meyarı burada özünü göstərir.

İkinci istiqamətə isə boşanmış, yaşı ötmüş qadınlarımız daxildir. Onlar Şərq ölkələri – İran, Türkiyə vətəndaşları ilə nikaha üstünlük verirlər. Bu, daha çox vətəndaş nikahı və ya dini nikah olur. Belə ailələrdə sonradan problem yaranarsa, uşağa atalığın verilməsi, uşağın ölkəyə gətirilməsi və s. problemlər ortaya çıxır.

Çoxu düşünür ki, əcnəbi vətəndaş iqtisadi cəhətdən sığortalanıb. Avropa ölkələrinin vətəndaşları ilə nikaha girənlər daha çox rəsmi nikaha üstünlük verirlərsə, Şərq ölkələrinin vətəndaşları ilə evlənənlər daha çox dini nikah və ya vətəndaş nikahında olurlar. Boşanmalara da əsasən Şərq ölkələri – İran və Türkiyə vətəndaşları ilə nikaha girənlər arasında rast gəlinir. Boşanma prosesində də problemlər ortaya çıxır və çoxlu maliyyə vəsaiti tələb etdiyindən, bir çox hallarda qadın özünü müdafiə edə bilmir”.

“Təmiz Dünya” İctimai Birliyinin sığınacağına daha çox bu ölkələrin vətəndaşları ilə ailə quran qadınların müraciət etdiyini deyən Zeynalovanın sözlərinə görə, onları narahat edən məsələlər əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır.

Mütəxəssis hesab edir ki, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır: “Bir sıra gənc qızlar, qadınlar düşünürlər ki, əgər əcnəbi kişi ilə ailə qurarsa, demək, onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq…”

 

Olan uşaqlara olur…

Ekspertlər hesab edirlər ki, əcnəbilərlə nikahın müəyyən faizə qədər qorxusu yoxdur. Əgər ailə qurulursa, bunu qanunla qadağan etmək olmaz. Amma faiz çoxalarsa, təhlükəli hal ala bilər. Çünki bu həm genefonda təsir edir, həm də həmin əcnəbilər bir müddətdən sonra Azərbaycanda yaşayır və ölkə əhalisinin etnik tərkibi dəyişir.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, digər tərəfdən, qarışıq ailələrdə, yəni marginal tip ailələrdə olan uşaqların böyüyəndə bəzi psixoloji problemləri olur. Uşaq bilmir ki, özünü hansı etnik mənsubiyyətə aid eləsin. Bəzən mənsubiyyətlər arasında gərginlik yarananda uşaq üçün faciə olur. Məsələn, dünənəcən rus və ukraynalı qardaş idisə, indi onlar arasında böyük problemlər yaranıb.

Mütəxəssis hesab edir ki, bu baxımdan maarifləndirmə işinə də böyük ethiyac var.

Sosioloqun sözlərinə görə, problemdən çıxış yolu kimi, çalışmaq lazımdır ki, bizim ailə qurmaq yaşında olan gənclərimizin mənzil problemini hansısa vasitə ilə kömək edək: “İpoteka var, amma hamı bunu ala bilmir. Ev məsələsini uzunmüddətli kreditlərlə tənzimləmək olar.Vətənpərvərliklə bağlı maarifləndirmə işləri çoxalmalıdır.

Bir də, əcnəbilərlə ailə quranlar üçün KİV-də maarifləndirmə aparılmalıdır ki, hər ailə quran yağ-bal içərisində üzmür. Onların arasında sonradan çoxlu problemləri olanlar da olur. Bəzən əcnəbilərlə vətəndaşlıq almaq və ya digər məqsədlərini həyata keçirmək üçün saxta nikahlara da rast gəlinir. Lakin insanlar bilməlidirlər ki, evliliyə ciddi yanaşmaq lazımdır və onu oyuncaq hesab etmək olmaz. Hazırda bütün dünyada mənəvi dəyərlər maddi dəyərlərin basqısı altındadır. Ona görə də ailə dəyərlərini gücləndirmək lazımdır”.

 

Aydan Kərimli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir