606180

Bizimkilərin utancverici Dubay “səfərləri” – ARXİVDƏN

Baxış sayı: 1. 959

““Kostumarlarımız” əsasən hindular, pakistanlılar, livanlılar və ərəblər olurlar”

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət mərkəzlərində dil bilən bələdçi işi ilə təmin olundular.

İlk gediş-gəlişdən sonra insan alverçiləri üçün də Dubay maraqlı və gəlirli görünməyə başladı…

Cinsi istismar

“Qədim peşə sahibləri” ərəblərlə ilk münasibətlərini qurandan sonra iştahları da böyüdü. Və məlum oldu ki, burada “bədən alveri” ilə də çox əzab-əziyyət çəkmədən qaz vurub-qazan doldurmaq mümkündür. Yəqin çoxlarını bilirsiniz: dünyanın hər yerində “bədən biznesi”ni təşkil edən qadınları “Mama Roza” adlandırırlar, Fransa və İtaliyada bu işlə məşğul olan qadınlar mənzillərinin pəncərələrindən qızılgüllər asmırlar. Azərbaycanda belə bizneslə məşğul olanları hamıdan əvvəl polis sahə müvəkkiləri tanıyırlar. Onların öz işinə vicdanla yanaşaraq belələrini nə qədər vaxtında məsuliyyətə cəlb etdiyi isə bir qədər mübahisəlidir.

Xatırlatmaq üçün deyim ki, bir zamanlar qızların cinsi istismarında “əli gətirən” qadınlar Azərbaycan Türkmənistana da satmaq üçün qızlar aparırdılar. Həmin şakərlərindən qalmayan “Mama Roza”lar bu dəfə Dubayda öz biznesləri üçün əlverişli şərait olduğunu gördülər. Bəzi qızları öz razılıqları, bəzilərini isə aldatma yolu ilə Dubaya gətirdilər. Onlar buraya gələndə “Mama Roza”lar  qadınlara yaxşı qazanc, yaxşı güzəran  vəd edirlər. Daha çox kasıb ailələrdən çıxmış, talelərdən şikayətçi, arzuları çörək pulu qazanmaq olan bu qadın və qızları qərib ölkələrə aparan “Mama Roza”lar əvvəlcə onların əyin-başını düzəldir, ailələrinə “avans” verir və yol biletlərini alırlar. Misal üçün, “Mama Roza”lar bir gəlişində bir deyil, 10 və hətta 20-yə qədər qızı özü ilə Dubaya gətirə bilir. Bəlkə də ömründə bir dəfə təyyarəyə minib, belə bir şəhər görən qadınların çoxuna elə gəlir ki, buraya qab yumağa, ev süpürməyə gəlib. Belələrinə Mirzə Cəlil “fatmanisə” deyirdi. Və bir neçə gün keçəndən sonra məlum olur ki, Fatmanisəni “Mama Roza” aldadıb. Onlardan adını çəkməyəcəyim Dubayda söhbət etdiyimiz birinin hekayəti ilə siz də tanış olun.

 

“Bir ərəbin evində qulluqçuyam…”

“Güzəranımız çox acınacaqlı idi. Bir gün sinif yoldaşımı gördüm. Soruşdu ki, necə dolanırsan. Dedim ki, necə dolanacağam, məktəbdə də bir fərli oxumadım ki, indi gedib bir yerdə işləyim. Qız mənə dedi ki, istəyirsənsə, səni xaricə göndərək, get orada işlə. İşin nədən ibarət olduğunu soruşanda söylədi ki, dil bilmirsən, gedib birinin evini, restoranını yığışdırarsan. Hər halda evini-eşiyini dolandıracaqsan. Sevinə-sevinə onun təklifi ilə razılaşdım. Gəlib bu qürbət diyara yetişdik. Baxdım ki, sinif yoldaşımın anası məndən başqa neçə qızı da gətirib. Fikirləşdim ki, nə ürəyiaçıq adamdır. Elimizin-günümüzün bu vaxtında bu qədər azərbaycanlı qızına əl tutmaq Allahın altında ən böyük savabdır. Qadın bizi bir mehmanxanada yerləşdirdi. Bizimlə bir reysdə uçan qadınların, qızların bəzilərinə baxanda ürəyim sıxılırdı. Fikirləşirdim ki, bunlar niyə söyüş söyür, siqaret çəkir. Öz aləmimdə onları tərbiyəsiz adlandırırdım. Qaradinməz, sakit oturub onları seyr edirdim. Bir hala da fikir vermişdim: bu qadınların hamısı bizi gətirən qadından çəkinir, bir sözünü iki eləmirdilər. İki-üç gün sonra məlum oldu ki, qadın bizi qab yumağa deyil, “işlətməyə” gətirib. Mənə belə bir təklif edəndə, çox sərt şəkildə çağırıb dedim ki, mən heç kimlə görüşə getməyəcəyəm. Pasportumu ver, çıxıb gedim. Qadın mənə tərsinə bir sillə çəkdi. Ağzım qanla doldu. Və beləcə qadının dediklərinə razı oldum. Və bundan sonra mənim də “İşə gedən” günlərim başlandı. Elə gün olur ki, bir gün ərzində 10-15 kişi ilə görüşməli oluram. Artıq öyrəşmişəm. Ingilis və ərəb dillərində də danışıram. “Kostumarlarımız” (“Kostumar – bu qızların dilində “müştəri” deməkdir”) əsasən hindular, pakistanlılar, livanlılar və ərəblər olurlar. Evimizə hər ay gedə bilmirik. Lakin mən burda işləyəndən ailəmizi əməlli-başlı ayağa qaldıra bilmişəm. Hər ay az göndərəndə 300 ABŞ dolları göndərirəm. Başçımız qazandığımızdan bizə paltar alır, yemək-içməyimizi verir, ev pulunu ödəyir. Evdə soruşanlara isə deyirəm ki, bir ərəbin evində qulluqçuyam”.

“Papa Roza”lar

Burada gəzən söz-söhbətlərdən onu da öyrəndim ki, bu gün Ərəbistanda qız alveri ilə təkcə qadınlar deyil, eyni zamanda kişilər də məşğul olur. Belə kişiləri isə “Papa Roza” adılandırırlar. “Papa Roza”lar arasında Ramiz və Arif daha yüksək “göstəricilərə” nail olublar. Qadınlar arasında isə bu ad uğrunda mübarizədə Azərbaycandan olan “Mama Roza”lar – Xanım, Gülnarə, Nigar, Şahsənəm daha sanballı yerlər tutublar.

Qadın biznesi bu ölkədə çiçəkləndiyindən, son zamanlar respublikamızdan Birləşmiş Ərəb Əmirliklərinə 30 yaşdan aşağı qızlar və qadınlar buraxılmırlar.

Onların həmin ölkəyə  gedişləri üçün mütləq qardaşı, atası və ya həyat yoldaşları ilə birlikdə alınmış biletləri olmalıdır. Lakin bacarıqlı işbazlar, turizm şirkətləri bunun da çarəsini tapıblar. Gecə-gündüz ad-soyad axtarışına girişən qız alverçiləri indi aparacaqları qızların ad və soyadına uyğun eyni soyadlı kişi və oğlanı taparaq onunla qıza eyni gündə bilet alırlar. Qızı müşayiət edən kişi Dubaya düşdükdən iki gün sonra oynadığı qohumluq rolunun pulunu alaraq geri dönür. Qız isə “mama-papa rozalar”ın ixtiyarında qalır. Deyilənə görə, belə bizneslə məşğul olanları hətta Azərbaycanda çox yüksək səviyyədə  himayə edənlər də tapılır.B1dg

 

“Siaidilər” əfv etmir

Bu işlə məşğul olanlarla söhbətimizdə məlum oldu ki, ilk illərdə Ərəbistanda “işləyən” qız-qadınlar hətta bir aya 15-20 min ABŞ dolları qazanırdılar. İndi isə bu rəqəm çox da böyük deyil. Onların aylıq qazancı 2-3 min dolları aşmır. Bu rəqəmləri sadalamaqla elə bilməyin ki, bu biznesi təbliğ etmək fikrindəyəm. Əsla! Aylarla iyrənc  bir sənətlə məşğul olan bu qadınlar, “Mama Roza”lardan aldıqları bu izndən sonra evə qayıdarkən xəstəxanalarda əsəb xəstəliklərindən müalicə olunurlar. Ancaq bu da hamısı deyil – əksəriyyəti yoluxucu xəstəliklərin daşıyıcısıdır. Ən əsası isə bu insanlar mənəvi cəhətdən məhvə doğru gedir.

Belə qadınların burada ən çox qorxduğu şəxslər “Siaidilər” – polislərdir. Onların əlinə keçən qızlara əfv yoxdur. Polislər gecə reydləri zamanı saxladıqları belə qadınları şəxsiyyətini müəyyən etmək üçün polis bölmələrinə gətirirlər. Şəxsiyyətin müəyyən edilməsi isə uzun sürən bir prosesdir. Bu, hətta aylarla çəkə bilər. Polis bölmələrindən türmələrə gedən qızları isə məhkumluq həyatı gözləyir. Ərəb polis üsul-idarəsində isə rüşvət, xahiş-minnət rol oynamır. Polisin dediyi qanundur. Daha doğrusu, polis qanuna tabedir və yalnız onun tələblərini yerinə yetirir. Gecə saat 12-dən sonra polisin gözünə görünən qızlar saxlanılaraq yoxlama üçün polis bölmələrinə gətirilir.

Deportasiya

1996-cı ildə iki nəfər varlı ərəb gənci və iki azərbaycanlı qızı Dubaydan Əbu-Dabi şəhərinə gedərkən yol-avtomat qəzasına uğrayırlar. Nəticədə şeyx ailəsindən olan iki ərəb oğlan və bir azərbaycanlı qız həlak olur. Bu hadisədən sonra ərəb qadınlarının köhnə sovet qadınlarına, daha doğrusu – “biznes şarmutalara” (bədən alveri ilə məşğul olanlar) qarşı qəzəbləri birə-beş artır. Əhali arasında belə söz-söhbət gəzir yaxın günlərin birində “biznes şarmuta”ların yığışdıqları məhəllənin sökülmək ehtimalı var. İndi Dubay şəhərində bütün müsəlman ölkələrində olduğu kimi Ramazan bayramına hazırlıq gedir. Polisin üzərinə düşən ən ümdə vəzifələrdən biri də Dubayın küçələrində “kustamar” axtaran qadınları tutub polis idarəsinə gətirməkdən və “deport” etməkdən ibarətdir. Biz Dubayda ezamiyyətdə olarkən artıq 450 nəfər azərbaycanlı qadın və qız tutularaq deportasiya edilmişdi.

***
Dubay türmələrindən birində cəza çəkmiş bir azərbaycanlı qadın tutulmasını və türmədə yatmasını belə xatırlayır:

“…Telefonla mənə zəng gəldi. Müştərilərdən biri gəlib mənimlə görüşmək istədiyini bildirdi. Razılaşdım. Mən üst və alt paltarlarımı soyundum. O, isə hələ heç bir hərəkət etmirdi. Bu zaman bizim oturduğumuz otağın qapısı açıldı və bir nəfər ərəb polisi içəri daxil oldu. Mənimlə görüşə gələn oğlan cəld alt paltarımı götürüb torbaya qoydu. Başa düşdüm ki, onlar məni “iş üstündə” tutmaq üçün “torba tikiblər”. Daha sonra məni “Polisteyşinə” – yəni polis idarəsinə apardılar…”

Dubay polislərinin belə əməliyyatlarına bizimkilər “poliçka” ilə tutulma deyirlər. Bu cür tutulan adamları 1 il cəza gözləyir”.

 

“Penaltin”, deport…

Polislər bədənləri ilə alveri edən qadınları əsasən gecə reydləri zamanı tuturlar. Belə reydlərdə əsasən vətəndaşın vizası yoxlanılır. Vizasının vaxtı keçən adamı “penaltinə” (cərimə otağına) salırlar. Bir çoxlarını da həbs edirlər. Həbsin müddəti bitəndən sonra isə həmin şəxsi polisin müşayiəti ilə Dubay aeroportuna gətirib vətəninə qaytarırlar. Belə yolasalma mərasiminə “deport” deyilir. Bizim bir neçə dəfə belə üsulla yola salınan həmvətənlərimiz məlum biznes üçün Dubaya yenidən qayıtmağa çalışırlar. Ancaq son zamanlar ayıq-sayıq Dubay polismenləri azərbaycanlıların bu fırıldaqlarının üstünü aça biliblər.

Bir fakt da “penaltin” barədə: Bura düşən şəxsin Dubayda yaşadığı hər gün 28 ABŞ dolları ilə cərimə kimi onun boynuna yazılır.

Tanış olduğum azərbaycanlı qadınlardan biri buraya gəlməsini belə əsaslandırdı:

“Hamı kimi məni də ər evinə gəlin köçürdülər. Sumqayıtda yaşayırdıq. İki uşağım oldu. Ərim vəzifə sahibi olsa da, bir gün bildim ki, narkotikə meyl edib. Məni çox döyüb incidirdi. Artıq vəziyyət dözülməz həddə çatmışdı. Bir səhər tezdən evin kupçasını da götürüb ev bazarına çıxdım. Qismətdən elə həmin gün günorta evi satdım. Mənzilimdə olan əşyalarımı da yığıb uşaqlarla birlikdə anamgilə gəldim. Tez bir vaxtda anamgilin də mənzilini dəyişdik. Sonra isə Dubaya gəldim. Ərim burada olduğumu bilmir, elə bilir ki, uşaqlarımla birlikdə Amerikada yaşayan bacımın yanındayam. Bir çoxlarından fərqli olaraq mən ingilis dilini evimizdə öyrənmişəm. Burada da bir varlı ərəblə tanış oldum. Mənim qismətimdən tanışlığımızdan 10 gün sonra onu banka olan kredit borcunu vaxtında ödəmədiyinə görə həbs etdilər. Mən də məcbur olub bu kasıb otelə köçüb yaşamaq məcburiyyətində qaldım. Günlərim pis keçmir. Bilirəm ki, evimdə pulum var, uşaqlarımın hər istəyinə əməl edirəm. Özüm də daha belə həyata adət etmişəm. Burdan sonra itirəcəyim heç nə yoxdur”.

Alimənin qurduğu tor

Adının hallanmasını istəməyən digər müsahibimizin iri qara gözləri var. Elə bil ki, lap nağıllarda tərif edilən gözəllərdəndir. Buraya gəlib düşməsini, başına gələn bədbəxtliklərin səbəbini Mingəçevirli “Kiçik Mama Roza Alimə” də görür. Deyir ki, məni belə axmaq və iyrənc yola çəkən Alimə bir neçə qız və qadını da aldatma və böhtanla şantaj edərək həyatının korlanmasına səbəb olub. O bir qayda olaraq yaşadığı məhəllələrdə gözaltı etdiyi qadınlarla mehriban münasibət yaradaraq, onları evlərinə gətirir, sonra da guya ki, evindən nəsə oğurlayıbmış kimi və başqa böhtanlar ataraq polisə verəcəyi ilə hədələyir. Polisə, prokurora düşəcəyindən qorxan qıza isə digər bir şərt də qoyur: “Əgər polis və prokurordan qorxursansa, onda mən deyənə əməl etməlisən”. Və beləcə, həmin qızları tora salaraq videokameraya çəkdirmək və ya başqa üsullarla talelərini məhv edir. Daha sonra isə bizim kimi qadın qızların əli il yaxın ərazilərdə yaşayan vəzifəli və pullu kişilər üçün “torba tikir”. Bizi varlı, vəzifəli kişilərlə görüşməyə təhrik edərək onları gizli kameraya çəkərək polis və ya prokurorluğa verir. Orqan işçiləri də tutulan vəzifə və səlahiyyət sahibindən “haqq” aldıqdan sonra onun  müəyyən hissəsini Aliməyə verir. Belə əməllərinə görə qonşuları neçə dəfə ərizə yazaraq Aliməni yaşadığı yerdən köçürüblər. Məni də beləcə bədbəxt etdi. Onun əlindən xilas olmaq üçün Dubayı seçdim. Elə vaxt olur ki, bir gündə 10-15 nəfərlə görüşürəm…”

… və biz Bakı hava limanına enəndə yüngül həyat tərzi keçirdikləri hiss olunan 20-dən artıq qadın da Bakıya qayıdırdı.
Aidə Eyvazlı

Noyabr, 1999-cu il

Bakı-Dubay-Bakı

Bu yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində “Xeberle.com” saytı və “168 saat” qəzeti Konsorsiumunun həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində dərc olunur. “Gencaile.az” saytı layihə çərçivəsində hazırlanmış materialların daha geniş auditoriyaya çatdırılmasına dəstək verir. Bu gündən başlayaraq 2 həftə ərzində mövzu ilə bağlı araşadırma yazıları təqdim edəcəyik.

Məqalələrdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir