borc

Borc verərkən nələrə diqqət etməliyik?

Baxış sayı: 166

Borc verməzdən öncə gələcəkdə baş verəcək hadisələri hüquq müstəvisində təminat altına almaq üçün bir çox məqamlara xüsusi diqqət etmək vacibdir.

 

Borc verərkən nələrə diqqət etməliyik?

• Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəlləyə əsasən müqavilə predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Borc müqaviləsinin sadə yazılı formada bir kağız parçasında qeyd olunaraq, borc alan və borc verən tərəfindən imzalanması yetərlidir ki, bu razılaşma hüquqi qüvvəyə sahib olsun və gələcəkdə mübahisələndirmək imkanı yaratsın.

• Müqavilənin notarial qaydada təsdiq edilməsi arzuolunandır. Əgər müqavilə yoxdursa və borc pul yalnız şifahi razılaşmaya əsasən verilibsə, məhkəmədə borcun həqiqətən də borcluya verildiyini və hansı məbləğdə verildiyini sübut etmək vəzifəsi borc verənin üzərinə düşəcək.

• Artıq vaxtı ötmüş pul öhdəliyini yerinə yetirməyən borc alan pulu ödəməkdən ümumiyyətlə imtina etdikdə, borc verənin pulu verməsini təsdiq edən hər hansı sənəd mövcud olmadığından mülki qaydada, yəni məhkəmə vasitəsilə öz hüquqlarının müdafiəsi mümkün olmayacaqdır. Borc müqaviləsi bağlanılmadan borc pul verilirsə, ən azından şahidlərin iştirakı ilə verilməsi daha məqsədəuyğun olar. Belə ki, şahid ifadələri sübut əhəmiyyətinə malikdir və borcun verilməsi faktını təsdiq edə bilər.

• Borc pulun verilməsi ilə bağlı yazılı razılaşmalarda

-müqavilənin tərəfləri, yəni borc alan və borc verənin adı, soyadı, atasının adı (şəxsiyyət vəsiqəsi üzrə məlumatların qeyd olunması);

-borc verilən pul məbləğinin miqdarı (rəqəm və sözlə yazılmaqla);

-pul öhdəliyinin icrasının forması və müddəti (yəni, geri qaytarılma müddəti, ödənişin son tarixi hissə hissə və ya bir dəfəlik qaydada ödənilməsi) mütləq şəkildə qeyd edilməlidir ki, razılaşma etibarlı hesab edilsin və gələcəkdə ödənişin gecikdirildiyi və ya tamamilə ödənilmədiyi halda, pul vəsaitinin hüquqi müstəvidə geri alınması mümkün olmuş olsun.

borc

Borc ödənilmədiyi halda hansı tədbirlər görülməlidir?

Müqavilə formasının şifahi və ya yazılı olmasından asılı olmayaraq, hər kəs öz hüquqlarının məhkəmə qaydasında müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Əlbəttə, bu halda borc vermə faktı təsdiq edilməlidir. Borc alan könüllü qaydada borcu qaytarmadıqda pul, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, məcburi icra tədbirləri görülərək borcludan alınır. Bu zaman əlavə olaraq, borclu borc məbləğinin 7% miqdarında vəsaiti də, icra orqanının depozit hesabına ödəməlidir.
Könüllü icradan boyun qaçıran şəxsin borcu onun əmək haqqına, digər gəlirlərinə və ya xüsusi və birgə mülkiyyətdə olan əmlakına və ya üçüncü şəxslərdə olan əmlakına yönəldilə bilər. Borcunu ödəməyə pulu yoxdursa, əmlakı və s. hərraca satışa çıxarılır. Bununla bağlı məhkəmə müvafiq dövlət orqanlarına, o cümlədən borclu şəxsin adında əmlakın olub-olmamasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, şəxsi avtomobilinin olub-olmamasına dair isə Yol Polis İdarəsinə sorğular göndərir, bank hesabları araşdırılır və s.

Borc alan borcu ödəməkdən qəsdən boyun qaçırırsa, əvvəl inzibati, daha sonra məhkəmə qərarına əsasən, cinayət məsuliyyətinə belə cəlb oluna bilər.

Borc müqaviləsi üzrə iddia müddəti 3 ildir. Öhdəliyin son icra olunma günündən etibarən 3 il keçdikdən sonra, borc verən pul vəsaitini geri tələb etmək üçün iddia müddətini ötürmüş hesab olunur. Müddətin ötürülməsi məhkəmə qaydasında hüquqların müdafiəsi üçün müraciət etməyə maneə deyil. Lakin məhkəmə qarşı tərəfin (cavabdehin) etirazını əsas götürüb iddiasını təmin etməyə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir