bosanma

Boşanan ailələrdə uşağa ata, yoxsa ana baxmalıdır? – POLEMİKA

Baxış sayı: 1. 611

10 yaşlı Nurayın hekayəsi ötən həftə sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çoxları qızın atada, digərləri isə ana tərəfdə qalmasının tərəfdarı oldular. Təəssüf ki, cəmiyyətimizdə nurayların sayı çoxdur.  Bəzən valideynlər boşandıqdan sonra bir-birlərinə olan aqressiyanı öz övladlarından çıxırlar. Belə ki, bir çox hallarda qanunvericilik aktlarına əməl edilmir, uşaq öz doğma atasına, yaxud anasına həsrət qalır. Bəs gənclərimiz bu haqda nə düşünür? Bu problem necə çözülə bilər, tərəflər ayrıldığı zaman uşaq öz valideynlərindən məhrum edilə bilərmi?

Yetər Kərimli, tələbə
Məsələ sivil yolla həll edilməlidir

Yetər deyir ki, heç bir halda uşaq valideynlərin anlaşılmazlığının qurbanı ola bilməz: “Belə düşünürəm ki, heç bir uşaq valideynlərinin günahına görə həyatının bütün mərhələlərinə təsir edəcək zədə almağa layiq deyil. Valideynlər uşağı dünyaya gətiriblərsə, onun həm fiziki, həm də psixi sağlamlığının qayğısına qalmalıdırlar. Valideynlər arasında böyük anlaşılmazlıqlar varsa,  onlar  elə əvvəlcədən uşaq haqqında düşünməməlidirlər. Elə ailələr var ki, ata ilə ananın bir-birini görməyə gözləri olmasa belə, üç uşaq dünyaya gətiriblər. Belə bir mühitdə uşaq böyütmək nə qədər düzgündür, anlamıram. Digər bir tərəfdən, əgər valideynlər ayrılmaq barədə qərara gəliblərsə, onlar ər və arvad münasibətlərinə son qoymalıdırlar. Amma ata və ana olaraq, uşaqların tərbiyəsində birgə iştirak etməlidirlər. İndiki dövrdə gənc valideynlərin bir çoxu bunu başa düşmək istəmir. Cəmiyyətdə bir çoxu boşanarkən ümumiyyətlə, yollarını tamamilə ayırırlar. Hesab edirəm ki, ərlə arvad bir-birinin həyatında olmasalar belə, uşaqların bundan sonrakı həyatında iştirak etməyə məcburdurlar”.
Müsahibim deyir ki, valideynin övlad borcu onun  təkcə maddi yox, həm də mənəvi ehtiyaclarını qarşılamaqdır: ” Valideynlərin əksəriyyəti düşünür ki, uşağın maddi problemlərini həll etməklə işləri bitmiş hesab olunur. Bu zaman uşağın mənəvi problemləri bir kənarda qalır. Ayrılarkən uşağın atada, yaxud anada qalmaq məsələsinə gəldikdə isə bu, ədalətli şəkildə həll olunmalıdır. Azyaşlı uşaqlar qanuna görə anada qalsa da, bəzən analar öz həyat tərzinə, yaxud üzərinə düşən məsuliyyəti yerinə yetirmədiyi təqdirdə, uşaq  ataya verilə bilir. Bizdə cütlüklər boşandıqdan sonra ümumiyyətlə, görüşmürlər. Əgər valideynlər yola getmirsə, sivil qaydada boşana bilərlər. Dünya təcrübəsində uşaqların kiminlə qalmaq istəyi ilə bağlı rəyi öyrənilir.  Həmçinin,burada psixoloji məqamlar da nəzərə alınmalıdır. Bu kimi məsələlərdə psixoloq dəstəyi də alınmalıdır. Uşaq əvvəlcədən gedəcəyi mühitə hazırlanmalıdır”.

Samirə Ərəstun, rejissor
Övlad valideynlə böyüməlidir

Samirə fikirləşir ki, uşaq nəvaziş gördüyü adamın yanında qalmalıdır: “Ailə müqəddəs qurumdur. Əslində atanın özünə görə, xalanın isə özünə görə həqiqətləri var. Bəlkə də uşağı xalası öyrədib, bəlkə də ümumiyyətlə, heç elə şey yoxdur. Amma uşaq nəvaziş gördüyü adamla qalmağı  seçir. Bəlkə atasına bir şans versə, xalasının göstərdiyindən daha artıq nəvaziş görəcək, atasını daha çox sevəcək. Bir daha vurğulamaq istəyirəm ki, nə qədər pis olsa da, övlad valideynlə, ata və ana ilə böyüməlidir”.
Samirə deyir ki, hər bir ailə individual olduğu üçün bu haqda hökm vermək düzgün deyil: “Bu hadisəyə fikir bildirmək üçün heç də ətraflı  məlumatımız yoxdur. Dərindən şərh bildirmək üçün onların hər ikisini danışdırmaq, məsələni kökünə qədər araşdırmaq lazımdır. Qanunlara qalanda isə ata ölsə uşağa ana, ana ölsə ata baxır. Əgər uşaq hər iki valideynini itiribsə,  bunun üçün  dövlət qurumları var. Valideynsizlərə sahib çıxan qurumlar var. Nurayın hekayəsinə gəlincə isə bu günə kimi ona xala baxıb və  öz insani keyfiyyətlərini uşaqdan əsirgəməyib. Bundan sonra isə icazə verməlidir ki, ata öz valideynlik borcunu yerinə yetirsin. Hər halda, məsələ ilə bağlı hər iki tərəfin fikirlərinə bələd deyiləm, amma şəxsi fikrimdir ki, övlad öz valideyninin yanında böyüməlidir”.

Elvin Rəcəbli, tərcüməçi
“Bu qadağalar uşağa çox böyük mənəvi zərbə vura bilər”

Elvin deyir ki, məsələ öz həllini qanun çərçivəsində tapmalıdır: “İşin qanuni tərəfini tam olaraq bilmirəm. Əslində bu, sırf qanunla tənzimlənməli olan bir məsələdir. Kənardan fikir bildirmək asan olsa da, qanunvericiliyi bilmədən danışmaq düzgün deyil. Amma hər halda 10 yaşdan sonra uşaq müəyyən təfəkkürə malik olur və özü sərbəst qərar verə bilir. 10 yaşına kimi uşağın valideynləri ayrılarsa, uşaq anada qalmalıdır. Bu onun təlim tərbiyəsi üçün çox vacibdir. Amma uşaq bu yaş həddini keçibsə, məhkəmədə onun da rəyi mütləq öyrənilməlidir. Yoxsa, uşağı ataya, ya da anaya göstərməməklə bu iş öz həllini tapa bilməz. Bütün hallarda, uşaq hər iki valideynini görməli, onların nəvazişi ilə böyüməlidir. Bəzən valideynlər uşaqları öz maraqlarına qurban verir, yaxud öz aralarındakı şəxsi münasibətlərə görə övladlarına qadağalar qoyurlar. Bu isə azyaşlı uşağın psixoloji zədə almasına gətirib çıxara bilər”.
Müsahibim deyir ki, zor gücünə nəyisə həll etmək düzgün deyil: “Qeyd etdiyim kimi, azyaşlı uşaqlar qanunla anada qalır. Elə uşaqlar özləri də seçimlərində anasına daha çox meylli olurlar. Amma bu anaya əsas vermir ki, uşağa tam olaraq sahiblənsin. Dəfələrlə olub ki, uşaq anasının qorxusundan atasını görməkdən  məhrum olub. Bu isə onu psixoloji təzyiq altında qoyur. Məcburiyyətlə heç nə etmək olmaz. Çünki o uşaqdır və bəzi şeyləri hələ tam dərk etmir. Amma bu qadağalar sonradan uşağa çox böyük mənəvi zərbə vura bilər”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir