qetl

Boşanan qadınlar niyə keçmiş ərinin qurbanına çevrilir?

Baxış sayı: 427

Addımbaşı həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlara çıxış yolu olaraq boşanmağı tövsiyə edirlər. Əslində isə bu da çıxış yolu deyilmiş. Artıq boşanmaların da nəticəsi faciəvi olur. Təəssüf ki, son illərdə boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları “ənənə” halını almağa başlayıb. Cütlüklər boşandıqdan sonra belə, keçmiş ərləri qadınların həyatına müdaxilə etməkdən əl çəkmir.

Azərbaycan cəmiyyətində boşandıqdan sonra belə arvadına “başqası ilə ailə qura bilməzsən” şərtini qoyan kişilər olduğunu vurğulayan ekspertlərə görə, keçmiş ərlər tərəfindən törədilən qətllərinəksəriyyəti məhz boşanmadan sonrakı qısqanclıq səbəbindən baş verir. Son zamanlar boşanan qadınlara qarşı ittihamların daha çox əxlaq məsələləri ilə bağlı olduğunu deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, cəmiyyətdə inamsızlıq, yeni qurulan ailələrdə psixoz vəziyyətə gətirib çıxarır. Yəni heç kim heç kimə etibar eləmir. Hər an təhdidlər, hər hansı izləmələr, inamsızlıq ailədə hökm sürür. Bunlar hamısı bugünün məsələsi deyil, sabaha yönəlmiş çox ciddi məsələlərdir. Birlik sədrinin qənaətincə, evli və ya boşanmış olmasından asılı olmayaraq qadınların təhlükəsizliyi kifayət qədər təmin olunmur:

Mehriban Zeynalova

“Hətta bir çox ölkələrdə qadınların təlhükəsizliyi ilə bağlı qəbul olunmuş mexanizmlər işləmir. Azərbaycanda isə “Məişət zorakılığı haqqında” qanun yeni olduğu üçün müvafiq mexanizmlər formalaşmayıb. İsraildə təhlükə altında olan qadınlara qolbağ verirlər ki, hansısa təhlükə sezən kimi hüquq-mühafizə orqanlarına siqnal ötürsünlər. Azərbaycanda isə sadəcə mühafizə orderi tətbiq olunub ki, bununla bağlı da əhali tam məlumatlı deyil”. Mehriban xanım bu cür faktların sayının artmasını qadınların öz hüquqlarını bilməməsi ilə əlaqələndirir: “Qadınlar üzləşdikləri hədə-qorxu, şantaj, təhdid və zorakılıq barədə aidiyyəti qurumlara məlumat verməkdən çəkinirlər. Bəzən isə məişət zorakılığı qurbanın sağlamlığına ciddi xəsarətlə yekunlaşır. Bu kimi hadisələr kifayət qədərdir. Ümumiyyətlə, zorakılığa məruz qalmış qadınlar ilk növbədə ərazi üzrə polis bölməsinə müraciət etməlidir”. Boşandıqdan sonra əri tərəfindən öldürülən qadınların çox olduğunu vurğulayan M.Zeynalovanın sözlərinə görə, qadınlar bir çox hallarda illər əvvəl boşandıqları keçmiş ərlərinin qurbanına çevrilir. Səbəb hamısında da demək olar ki, eynidir: “Keçmiş ər illər əvvəl rəsmən boşadığı keçmiş arvadının başqası ilə tanış olduğunu, yaxud evləndiyini öyrənib onu qısqanclıq zəminində öldürür. Bu cür hallara dünyanın müxtəlif ölkələrində də rast gəlmək olar. Boşanmış da olsa, kişi elə zənn edir ki, bu qadın mənimdir və həyatını mən istədiyim kimi də idarə etməlidir. Bu da daha çox evladların anada qalması ilə bağlıdır. Kişilər övladının əxlaq norması pozulmuş qadının yanında qalmamasına görə, bu cür vəhşi üsullara da əl atırlar. Kişilər öz övladını saxlayıb, onu böyütmək və tərbiyəsi ilə məşğul olmadıqlarından bu məsuliyyətdən canlarını qurtarmağa çalışdıqlarından uşaq anada qalır. Uşağın anada qaldığı müddətdə isə onun ehtiyaclarının təmin olunması məsələsində kişi heç bir dəstək vermir, əksər vaxtlarda alimentdən də qaçırlar. Əlində heç bir peşəsi olmayan qadınların bəzən xoşagəlməz hərəkətlərə yol verdiyini də inkar etmirik. Odur ki, boşanmış qadınlar üçün reabilitasiya mərkəzləri yaradılmalı, qadınlar boşandıqdan dərhal sonra peşə kurslarına göndərilməli və iş yerləri ilə təmin olunmalıdırlar. İqtisadi cəhətdən qadınlar özlərini idarə edə bilsə, başqa yolla pul qazanmağa çalışmazlar”.