bosanma

Boşanma: Dərd ağır, çevrə də pis…

Baxış sayı: 226

Boşanma çətin prosesdir. Xüsusilə bizim kimi mühafizəkar, mental dəyərlərlə yaşayan, adət-ənənə əsiri cəmiyyətlərdə bu çox əzablı, zülmlü məsələdir. Xüsusilə boşanmağa qərar vermiş cütlüyün övladı(övladları) varsa…

Həmişə düşünmüşəm ki, evliliyi davam etdirmək hər iki tərəfi də yorursa, bezdirirsə və işgəncəyə çevrilirsə, boşanmaq ən düzgün, ən sadə yoldur. İllərlə əzab çəkmək, övladlara da bu mənfi enerjini ötürüb doğmaları bezdirməkdənsə, alınmayan ailə həyatına mənasızcasına davam etməkdənsə, münasibətləri aydınlaşdırıb sayğı, ehtiram çərçivəsində ayrılmaq ən gözəl çıxış yoludur. Təəssüf ki, bizdə bu nümunə çox azdır. Tərəflər ağlasığmaz ittihamlarla ayrılır, biri digərinin həyatını cəhənnəmə çevirməyə sanki and içir.

Boşanmış qadınların klişe bəhanələri aşağı-yuxarı eynidir: “İçirdi, çəkirdi, gəzirdi, ailəyə baxmırdı və s.” Kişi tərəfinin bəhanələri isə bəzən daha əclafcasına olur: “xəyanət edirdi, başqasıyla danışırdı, başqasıyla görüşürdü.” Boşanmış insanlar nadir hallarda “Birlikdə yaşaya bilmədiyimiz üçün ayrıldıq”, – deməyi bacarır. Çox vaxt qarşılıqlı ittihamlar havada uçuşur.

Bu ittihamlardan sonra boşanmış tərəflərin həyatı əsl cəhənnəmə çevrilir, əzabı ikiqat artır. Sayğı və ehtiram çərçivəsində ayrılmaq, boşanmaq bizim cəmiyyətdə nadir rast gəlinən fenomendir.

bosanma

 

Boşanma faktı hər iki tərəf üçün olduqca ağır, mənəvi ağrısı olan prosesdir. Cəmiyyət boşananlara birmənalı yanaşmır, boşanmışları günahkar bəzən isə əxlaqsız kimi ittiham edir. Çox vaxt hər iki tərəfin də yenidən ailə qurması, həyatını nizama salması müşkülə çevrilir. Qohum-qardaş, dost-tanış, doğmalar və yaxınlar bu məqamda daha həssas, daha anlayışlı davranmaq əvəzinə, tərəflərin yarasına duz basmağa üstünlük verir. Boşanmışlar yüngül həyat tərzi keçirən, məsuliyyətsiz, əxlaqsız, mənəviyyatsız insanlar kimi qiymətləndirilir. Yəni cəmiyyət boşanmış insanları yararsız varlıqlar kimi çıxdaş etməyə, kənara atmağa çalışır.

…Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox sadə, çox bəsit bir problemdir. Övladları olduğu üçün boşana bilməyən yüzlərlə bədbəxt cütlük var. Halbuki, o övladların gələcəyi, xoşbəxtliyi üçün ayrı yaşamaq, boşanmaq bəlkə də ən yaxşı çıxış yoludur.

Hələ vasitəçilik edib barışdırmağa çalışanlar, hər dəfə rastlaşanda çiyninə vurub təskinlik verənlər peyda olur. Dəfələrlə niyə boşandığını soruşub, qarşı tərəfi asıb-kəsənlər, tərəflər arasında söz aparıb gətirənlər isə başqa aləmdir. Halbuki, insanlar bu cür davranışların tərbiyəsizlik olduğunu anlamalıdır.

Əgər boşanmış cütlüyün övladı və ya övladları varsa, hər iki tərəfin bir-birinin qarşısında ömürlük məsuliyyəti olmalıdır. Yəni, övlad düşmənçilik subyekti, incitmək və ya bezdirmək üçün təsir vasitəsi olmamalıdır. Cəmiyyətimiz bunu da həll edə bilməyib. Saxta canyananlıqlar, qayğıkeşliklər bəzən çox bezdirici və incidici olur. Təəssüf ki, insanlarımız bunu başa düşmək istəmir.

Növbəti mərhələ boşananları yenidən evləndirmək üçün meydana çıxan qohum-qardaş və dost-tanışların təzyiqləridir. Boşanma kimi ağır mənəvi zərbəni atlatmamış evlilik müzakirələri başlayır. Və cəmiyyətimiz bu məsələlərdə də klişelərlə hərəkət edir. Boşanmış qadına boşanmış kişi, boşanmış kişiyə də adətən boşanmış qadın axtarışları başlayır. Boşanmısansa sənin seçim haqqın yoxdur. Kimi tapsalar onunla evlənməlisən. Halbuki, bu cür davranış gələcəkdə daha bir bədbəxt ailənin qurulması üçün zəmin yaradır. Cəmiyyət anlamır ki, boşanmış insanların da seçim hüququ var və buna hörmət etmək hər kəsin borcudur.

bosanma

…Boşanmış qadınlara cəmiyyət daha qəddar davranır. Boşanmış qadının bu cəmiyyətdə istədiyi həyatı qurması böyük əziyyət və səy tələb edir. Bu baxımdan kişilər daha şanslı olsalar da, klişelər burada da həyatımıza burnunu soxmaqdan vaz keçmir.

Yaxşı kişi(qadın) olsa, boşanmazdı.” – Boşanmış şəxslər barədə deyilən ən yüngül fikir budur. Bəli, cəmiyyət ilk addımda büdrəyən, həyatı alınmayan insanları linç etməyi sevir. Hansı yaşda olmasından asılı olmayaraq boşanmaq bir ləkə kimi tərəflərin alnında qalır. İstisnalar əlbəttə var. Sosial vəziyyət, cəmiyyətdə tutduğun mövqe bəlkə də gələcək həyatını qurmaq üçün az-çox kömək ola bilər. Amma ümumi vəziyyət o qədər də ürəkaçan deyil…

bosanma

Nə etməli?

Məncə boşanmış insanları ailə, cəmiyyət, qohumlar, dostlar rahat buraxmalıdır. Boşanmaq faciə deyil. Boşanmış insanı qınamaq, ona acımaq, yol göstərmək, həyatına burun soxmaq yanlışdır. Boşanmış insanların da həyatını yenidən qurmaq və öz həyatıyla bağlı söz sahibi olmaq haqqı var. Boşanmış insanları səhv iş görmüş, cinayət işləmiş, günaha batmış insanlar kimi damğalamaq böyük səhvdir. Sadəcə imkan verməliyik ki, insanlar öz həyatlarını müstəqil qərarlarına uyğun yaşasın. Cəmiyyət olaraq basqılardan, dedi-qodudan uzaq olmaq, boşanmış insanlara edə biləcyimiz ən böyük yaxşılıqdır.

 

Cəlil Cavanşir

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir