bosanma

Boşanmadan ən çox kim zərər görür: qadın, yoxsa kişi? – ARAŞDIRMA

Baxış sayı: 164

Nəzilə Süleymanova qardaşı ilə arasında yaranan problemlərdən yaxa qurtarmaq üçün 22 yaşında sevmədiyi və yaxından tanımadığı biri ilə ailə qurur. Amma problemləri azalmaq əvəzinə əksinə artır

Başına gələnləri Nazilə deyir ki, ərinin ailəsində bütün qərarlar qayınana tərəfindən verilirdi: “Mən ərimlə məsləhətləşəndə qayınanam “mən varkən, o kimdir ki, ondan soruşursan”, – cavabını verirdi. Mən işləyirdim, yoldaşım isə yeyib-içib yatırdı. Bir il birtəhər dözdüm, amma artıq elə həddə çatmışdı ki, işdən çıxıb iş yerimə yaxın ərazidə yaşayan qohumlarımın evində qalırdım. Belə ailədənsə olmaması daha yaxşı idi. Sonda boşanmaq qərarına gəldim”.

Nazilə boşanan qadının hansı çətinliklərlə üzləşdiyini belə təsvir edir: “Ətrafdakı qadınlar üçün vəbalı, kişilər üçünsə yem olmaqdan bezmişdim. İşə gedirsən, eşitdiyin söz – “Allah bilir hara gedir”, təzə paltar alırsan, deyirlər “Allah bilir kim aldı”. Bəzənib toya gedirsən, “görəsən, kimin üçün bəzəndi?”, – deyə təəccüblənirlər. Boşanmış qadın namusu ilə yaşamaq istəsə belə, ona bu imkanı vermir bizim cəmiyyət”.

Nazilə Süleymanova digər xanımları öz ayaqları üstə durmağı öyrənməyə səsləyir: “Övladı varsa, yalnız və yalnız özünə güvənib böyütməlidir övladını”.

Azərbaycanlı qadınlar maddi problemlər, sonsuzluq, xəyanət, kənar müdaxilə, karyera qurmaq istəyini boşanmanın kökündə duran başlıca səbəblər hesab edirlər.

İradə Abdulovanın fikrincə, müasir, təhsil almış qadın bir qarın çörəyə görə kimdənsə asılı olmağı qəbul etmir. O, işləyib özünü və uşaqlarını saxlaya biləcəyini bildiyi halda ayrılmağa qərar verir.

Şəhla Süleymanova isə hesab edir ki, hazırda boşanmaların başlıca səbəbi qızların öz hüquqlarını bilməsidir: “Keçmişdə qız ərə gedəndə qapazaltı olurdu, ər nə istədi, necə istədi rəftar edirdi, hətta qayınana-qayınata gəlini döysə, söysə, bu, normal sayılırdı və gəlin bunlara dözməli idi. Ancaq indi qızlarımz özlərinə hörmət, tələb edirlər, istəklərinin nəzərə alınmasını istəyirlər. Bərabərhüquqlu olmaqlarını istədikləri üçün və oğlanlar bunu qəbul etmədikləri üçün düşən davalar boşanmaya qədər çıxarır. Amma qızlar, sükanı belə saxlayın. Qadına hörmət, sevgi lazımdır. Onu verə bilməyən kişiyə özünüzü əzdirməyin”.

 

Boşanmalar vəkillərin gözü ilə

Nümayəndə qismində məhkəmə proseslərində çıxış edən vəkillərin fikrincə, əksər hallarda boşanmada müraciətçi tərəf qadınlardır. Kişilər isə daha çox xəyanət olduqda, adətən isə qayınananın mudaxiləsi nəticəsində ailə mənafəyini qoruyub saxlamadıqıarı üçün boşanmaq qərarına gəlirlər.

Vəkil Tural Musayev ailə qurmuş qadınları hərbi xidmətə çağırılmış gənclərlə müqayisə edir və boşanan bir çox qadının ilkin çətinlikdən keçə bilmədiyini söyləyir: “Hər iki halda ilkin olaraq mühitə adaptasiya, insanlara uyğunlaşma və ən əsası cətinliklərlə uyğun şəkildə mübarizə, özündən boyüklərə, “ev sahiblərinə”, hətta ona qarşı olan bəzi kobudluqlara və yaradılan çətinliklərə rəğmən səbr etmək və düzgün, adekvat addımların atılması gərəkir. Ailədə ilkin dövrü, hərbi xidmətdə isə “molodoy” dövrünü uğurla başa vurmuş şəxs gələcəkdə həmin ailənin (hərbi hissənin) uğurlu idarəçisi, bərabərhüquqlu bir üzvünə çevrilir”.

Tural Musayevin fikrincə, boşanmalara səbəb ailələrin maddi durumu, ailədaxili zorakılıq, valideynlərin ailə münasibətlərinə yerli-yersiz müdaxiləsi, kişinin alkoqol və ya narkotik aludəçiliyi, qadınların və kişilərin ailə dəyərlərinə sığmayan xəyanətləri və s. kimi səbəblər göstərilsə də, bir çox hallarda əsl səbəblər gizlədilir və ya gizlədilməyə çalışılır.

 

Boşanmalar zamanı ən çox hansı tərəf zərər çəkir?

Son 8 ayda təxminən 5 boşanma işində çıxış edən vəkil Tural Musayev hesab edir ki, boşanma zamanı hər iki tərəf, eyni zamanda ailələrlə yaxınlığı olan insanlar zərər çəkir: “Uşaqların anada qalması, bir çox hallarda ayrıca yaşamaq üçün mənzilin olmaması və uşaqların saxlanması üçün verilən alimentin aşağı olması qadınların daha cox zərər çəkməsinə gətirib çıxarır”.

Vəkil Məhərrəməli Həmidov isə boşanma zamanı kişilərin maddi və mənəvi daha çox zərər çəkdiyini qeyd edir: “Qadınlar isə sonradan peşmanlıq hissi keçirərək mənəvi ziyan görürlər. Ümumiyyətlə isə, ayrılma proseslərində ən çox usaqlar zərər görür”.

 

“Başlıq pulu” geri qaytarılsınmı?

Məqalə hazırlanarkən bəzi qadınlar keçmişdə mövcud olan başlıq pulunun yenidən bərpasının mümkünlüyü ilə maraqlandılar.

Vəkil Tural Musayev “süd pulu” və “başlıq pulu” adı altında ailə qurmağa hazırlaşan qadının valideyninə ödənilən pulun sonradan həmin qadının yeni ailədə istismarına, alçaldılmasına və bir çox mənfi nəticələrə gətirib çıxardığını qeyd edir. Vəkil “başlıq pulu” nun məbləğini razılaşdıra bilməyən ailələr arasındakı mübahisələrin ailənin qurulmadan dağılmasına və ya qurulduqdan sonra yuxarıda sadalanan problemlərin yaşandığına şahid olduğunu əlavə edir.

 

Üç aydan sonra gəl

A.R Ailə Məcəlləsinin 20.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Vəkil Məhərrəməli Həmidov 3 aylıq dövrün ayrılmasını boşanmaların sayını azaldan müsbət hal kimi dəyərləndirir. M.Həmidovun fikrincə, bu müddətin 6 ayadək uzadılması bir çox boşanmaların qarşısını ala bilər.

Vəkil Tural Musayev isə göstərilən maddəni insan hüquqları, ailələrin dağılmasının qarşısını almaq üçün, tərəflərin ailə dəyərləri, uşaqları və gələcək həyatları barədə düşünmələri üçün məqsədə uyğun hesab etsə də, reallıqda məhkəmə mübahisəsinə qədər gəlib çıxmış təxminən 90-95% mübahisələrin nikahın ləğvi ilə sona çatdığını vurğulayır.

 

Boşanma və mövcud qanunvercilik

Mövcud qanunvericilikdə bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – ailənin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda verilir. Bu müddət yalnız 1 yaşına qədər uşağı olan aztəminatlı ailələrə şamil olunur.

Hüquqşünas Tural Musayev uşaqlı və işsiz qadınların (kişilərin) boşanmadan sonra sosial müdafiəsinin təmin edilməsi üçün qanunvericilikdə müəyyən əlavə və dəyişikliklərin edilməsini zəruri hesab edir: “Bir çox hallarda uşaqların saxlanılması üçün təyin olunan aliment sərf olunan vəsaitə qətiyyən uyğun gəlmir. Gələcəkdə boşanmış və aztəminatlı ailələr üçün veriləcək sosial yardım haqqında müddəaların əlavə olunması zəruridir”.

Bəzi Qərb ölkələrində qanunvericilikdə ər və ya arvadın xəyanətə görə mənəvi təzminat ödəməsi praktikasının ölkədə tətbiqinin mümkünlüyü barədə suallar yaranır. Vəkil Tural Musayev Azərbaycan qanunvericiliyində ər və ya arvadın xəyanəti zamanı mənəvi təzminatın verilməsi məsələsinin hal-hazırki dövrə görə uyğun olmadığını düşünür və belə bir müddəanın çox sayda sui-istifadələrə yol açacağını bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir