bosanma

Boşanmadan sonra uşaqların taleyi necə həll olur?

Baxış sayı: 652

Boşanmalar müxtəlif səbəblərdən gündən-günə artmağa davam edir. Valideynlər ayrılmağa qərar versələr də çox zaman uşaqları düşünmədən addım atırlar. Daim uşaq tərəflər arasında qalmalı olur. Və boşanmada valideynlərdən çox uşaqlar əziyyət çəkir. Onların sonrakı taleyi belə valideynləri maraqlandırmır.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sima Yaqubova bildirir ki, hər yeni qurulan 10 ailədən 5-i boşanır: “Son zamanlar boşanma sayı olduqca çoxalıb. Əslində bu çox təəssüf verici haldır. Mənə gələn müraciətlər əsasında apardığım təhlillərdə nəyin ki gənc ailələr, hətta 10 il və ondan daha artıq ailələr də boşanır. Mənə elə gəlir ki, belə qarşılıqlı anlaşılmazlıqların səbəbi ən çox maddi sıxıntı ilə əlaqədardır. Düzdür, elə ailələr var ki, onların heç bir maddi çatışmazlıqları yoxdur, amma onlarda boşanmaya üz tuturlar”.

Vəkil qeyd edir ki, boşanmada əziyyət çəkən tərəf uşaqlardır: “10 yaşı tamam olan və ondan yuxarı uşaqların hansı valideyn ilə qalacağını dəqiqləşdirmək üçün məhkəmə uşağın fikrini nəzərə alır. Amma ümumən boşanma varsa, bu boşanmaya məhkəmə qaydasında baxılırsa və tərəflərin yetkinlik yaşına çatmayan uşaqları varsa ilk növbədə məhkəmə yetkinlik yaşına çatmayan uşağın hansı valideyn ilə qalmağını qərara almalı, həmin uşaq üçün kimdən hansı miqdarda aliment tutulacağını dəqiqləşdirməlidir. 10 yaşına qədər olan uşaqlarda məhkəmə qaydası ilə hansı valideyndə qalmasını məhkəmə qərar verir. Məhkəmənin bu nəticəyə gəlməyi üçün uşağın yaşadığı yer üzrə qəyyumluq və himayəçilik şöbəsinin verdiyi rəyi əsas tutur. İş gedişatında məhkəmə uşağın hansı valideyn yanında qalması və bu barədə rəy verilməsi üçün mülki iş materialları ilə birlikdə qəyyumluq və himayəçilik şöbəsinə göndərir. Şöbə tərəfləri çağırır, onların yaşayış yerinə gedilir, müayinə aktı verilir, valideynin əldə etdiyi gəlir və ən əsası uşağın mənafeyi nəzərə alınır”.

bosanma

Onun sözlərinə görə, uşaq ümumən anada qalmalıdır: “Bizim məhkəmə taktikasına nəzər yetirdikdə əksər hallarda uşaq anaya verilir. Və bu sual doğurur ki, nə üçün ana? Axı konstitusiyada ailə məcəlləsinə görə ana və atanın hüquqları, vəzifələri bərabərdir. Uşaq Hüquqları Bəyannamələri var və orada deyilir ki, müstəsna şərait olmadığı halda uşaq mütləq ana da qalmalıdır. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. qeyd edilən müstəsna hallar varsa uşaq atasının yanında saxlanıla bilər. Hətta elə hal ola bilər ki, uşaq nə ana da, nə də ata da qalmaya bilər. Bu zaman yenə də yekun rəyi qəyyumluq və himayəçilik şöbəsi ilə birlikdə məhkəmə qərar verəcək”.

O, vurğulayır ki, ata uşağı öz himayəsində saxlaya bilər: “Bəzən məhkəmə qərar verdikdən sonra valideynlər uşağı bir-birlərinə qarşı silah kimi istifadə edirlər. Məsələn, ana qərəzli olaraq başlayır uşağı ataya göstərməməyə, yəni atanın uşaq ilə münasibətinə maneə olmağa. Həm ailə məcəlləsinin tələbinə görə atanın uşaq ilə ünsiyyət hüququ var, həm də ata ilə ünsiyyətdə olmaq birbaşa uşağın hüququdur. Əgər ana belə vəziyyət yaradarsa qanunvericilik müəyyən edib ataya hüquq verib ki, ata məhkəmə qaydasında müraciət etsin və görüş günləri təyin etsin. Və ana məhkəmənin qərarını icra etmirsə yenə də uşağı atadan uzaq tutursa bu aktlaşdırılmalıdır. Belə halda atanın ixtiyari var ki, məhkəməyə müraciət edib ailə məcəlləsinin 61-ci maddəsi ilə uşağın öz yanında qalmasını tələb etsin. Digər bir hal uşağın biri 10 yaşına çatıb digərinin yaşı isə 10-dan azdır. Yaşı çatan uşaq atanı seçir, o biri isə məhkəmə qərarı əsasında anada qalır. Belə hallar çox incə detallardır. Belə olduqda uşaqlar arasında bağlar qırılır. Bu da onlarda psixoloji sarsıntılara gətirib çıxarır. Bizdə cəmiyyət olaraq ər arvad ayrılanda heç vaxt uşağı nəzərə almırlar. Valideynlər uşağa təsir etmədən ayrıla bilərlər, amma əfsuslar olsun ki, bu belə deyil”.

“Onların uşaq və günahsız baxışında ailə son dərəcə əhəmiyyətli bir müəssisədir” –deyən psixoloq Sevinc Əsgərova bildirir ki, boşanma ailə üçün mühüm bir qərardır: “Bir çox ana-ata uşaqlarını düşünərək bu qərarı təxirə salar və ya boşanmanı heç düşünməz. Uşaqların həm bioloji həm də psixoloji inkişaf mərhələlərinin sağlam olması üçün onların yaxşı bəslənmə qaynaqlarına ehtiyacı vardır. Bu qaynaqları birinci planda uşağın doğulub böyüdüyü ailə mühiti təmin edər. Ana-ata olma öhdəçilikləri və məsuliyyətləri olan vəziyyətdir. Ana-atanın bir yerdə olması uşağa güvən və hüzur verər. Davamlı qarşıdurma və şiddət mühitinin olması uşağın həyatını, dünyagörüşünü pozar. İç dünyası sarsılan uşağın davranışlarında ciddi pozulmalar görülər”.

bosanma

Psixoloqun sözlərinə görə, ana-atalar özlərinə daha hüzurlu bir ailə qurmaq üçün hüzursuz mühiti tərk edib öz xoşbəxtliklərini axtararkən onların bədbəxtliyinə səbəb olurlar: “Uşaqların həyatdakı ən mühüm güvən simvolu olan ana və ata birlikdəliyinin pozulması onlarda psixoloji problemlər yaradar. İdarə edilə bilər və ya düzəldilə bilər səviyyədəki ailəvi stressi aradan qaldırmaq üçün daha da əhəmiyyətlisi özümüzü xoşbəxt hala gətirmək üçün uşaqlarımızı bədbəxtliyə itələməməliyik. Uşaqlarda yaşanması ola biləcək psixoloji çətinlikləri isə zamanında fərq edərək dəstək müddətini başlatmalıyıq. İnkişaf müddətini tamamlamamış uşaqların iç dünyalarının zədələnməməsi üçün edilməsi lazım olan hər şey edilməlidir. Ana-ata ayrılığı yaşayan uşaqların evlilik düşüncələrində pozulmalar, evlilik həyatlarında daha çox sarsıntılar, şəxsi həyatlarında isə daha çox psixiatrik problemlər görülməkdədir. Valideyinlər boşanma qərarı vermədən əvvəl uşaqlarının bütün həyatını göz önünə gətirməlidirlər, çünki boşanmaların nəticəsində ən çox zərər çəkən uşaqlar olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir