bosanma

Boşanmaların sayı artır: cəmiyyəti nə gözləyir?

Baxış sayı: 732

Azərbaycanda ötən il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Belə ki, ötən ilin statistikasına nəzər salsaq görərik ki, yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 29 580 nikah və 12 347 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub. Koronavirus pandemiyasına görə mart ayından etibarən toyların, el şənliklərinin, kütləvi tədbirlərin keçirilməsinə qadağanın qoyulması da, evlənənlərin sayını azaldıb.

Ekspertlər hesab edirlər ki, ötən il eyni zamanda pandemiya boşananların da sayına təsir edib. Belə ki, ekspertlərə görə, evə qapanma müəyyən gərginlik və sosial problemlərə səbəb olub ki, bu da nəticədə boşananların sayını artırıb.
Vefa Residova
Psixoloq Vəfa Rəşidova bildirir ki, boşanmaların bir çox səbəbi var:
“Xasiyyət uyğunsuzluğu münasibətləri pozur. Bunu böyütmək lazım deyil. İnsanların hamısının eyni xarakterdə olması mümkün deyil. Yeni qurulan ailədə 3 il ərzində xasiyyət uyğunlaşması gedir. Ailə üzvləri bu müddətdə bir-birilərini tanımalıdır, “xasiyyətimiz uyğun gəlmir” deyib, dərhal ayrılmaq olmaz. Ailə quran gənclər səbirli olmalıdır, bir-birilərinə güzəştə getməlidirlər.
Ailələrin dağılmasına bir səbəb də qadınların qoruyucu olmamasıdır. Kişilər ailəni qadının qorumasını istəyir. Qadınlar isə ailədən tez əl çəkəndə daşlar yerindən oynayır.
Bundan əlavə gənc və yaşlı nəsil arasında uyğunsuzluq olması ailələrin dağılmasına gətirib çıxarır. Yaşlı nəsil oğlunu və gəlinini idarə etmək istəyir. Amma insan olan yerdə daim yenilik və dəyişim var. Hər kəs anlamalıdır dünya da daim inkişaf gedirsə, insanlar da dəyişir, onların fikirləri, dünyaya baxışı fərqliləşir. Fikir ayrılıqlarını böyütmək olmaz”.

Sosioloq Lalə Mehrəli bildirir ki, pandemiyada cütlüklər birlikdə daha çox vaxt keçirdikləri üçün fikir ayrılığı yaşayıblar:

lale mehrali

“Mən də müşahidə etmişəm ki, boşanmaların sayı hər il artır. Boşanmaların çox olduğunu görən, ətrafdakı ailələrdə yaşanan problemlərdən xəbərdar olan gənclər evlənməkdən qaçır. İnsanlar aylarla toya hazırlaşır, cütlüklər evlənir və 3-4 aydan sonra boşanırlar. Bunları görən gənc evliliyə necə isti münasibət göstərə bilər? Bir daha deyirəm, evlənənlərin azalmasına əsas səbəb boşananların çox olmasıdır.

Pandemiya da boşananların sayını çoxaltdı. İnsanlar fikir uyğunsuzluğu yaşadılar. Düşünürəm ki, artıq toylara start verilməlidir ki, evlənənlərin sayı artsın. Cəmiyyətdəki tarazlıq bərpa olunsun”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir