bosanma

Boşanmanın faciəvi tərəfləri – SOSİOLOQ YAZIR

Baxış sayı: 678

Bir evdə, ailədə iki nəfərin anlaşa bilməməsi, hisslərinin, düşüncələrinin, intellektlərinin, dünyagörüşlərinin uzlaşmaması, bir-birinə qarşı mənəvi asılılıqların aradan qalxması, münasibətlərinin soyuqlaşması, adiləşməsi, seksual cəlbediciliyin aradan qalxması normal haldır.

Bu və bu kimi problemlərə görə bu cütlüklərin ayrılıq qərarı verməsi də tamamilə normaldır. Uşaqların travma almasımı? Əgər ayrıldıqdan sonra valideynlər uşaqlarda bir-birinə qarşı mənfi fikir oyatmağa cəhd etməsələr, bu travmalar da olmayacaq. Bir evin içərisində uzlaşa bilməyib, bu halda bir-birinə qarşı soyuq davranan, gərginlik nümayiş etdirən və bu halda birgə yaşayışa davam edən valideynlər uşaqlara daha çox travma verirlər. Bir sözlə, boşanma aktı faciə deyil. Boşanmanı faciəvi vəziyyətə gətirən nədir?

 

1)Boşanmanın hansı tərəfdən və səbəbdən asılı olmayaraq, cütlüklərin bir-birinə böhtan atması.

Əksər halda qadın və qadının valideynləri, qohumları kişini narkamanlıqda, qumarbazlıqda, kişi və kişi tərəfin valideynləri qohumları da qadını xəyanətdə, əxlaqsızlıqda günahlandırır. Azərbaycan insanı sanki ictimaiyyət qarşısında müsahibə vermək, özünü hansı yolla olur, olsun təsdiq etmək ehtiyacı duyur özündə.”Mənim ailəm dağılıb, camaatın qarşısında çıxıb, yalandan nə gəldi danışmalıyam, bircə günahı qarşı tərəfin üzərinə yıxa bilim” düşüncəsi.

 

2) Boşanmadan sonra valideynlərin bir-birinə qarşı uşaqlarda mənfi fikir oyatması.

Baxmayaraq ki, anlaşılmazlıq iki nəfərin arasında olur, azərbaycan insanı isə içindəki kini, nifrəti uşaq vasitəsilə soyutmağa çalışır. Səbəbkarın kim olmasından asılı olmayaraq heç bir ananın, heç bir atanın haqqı yoxdur ki, bu məsələyə uşaqları da qarışdırsın. Əksər boşanma aktlarında uşaqlar anada qaldığı üçün əksər hallarda bu bəndin icrasını qadınlarda-analarda müşahidə edirik. Uşağın yanında atanı söyürlər, təhqir edirlər, onu mənfi obraz kimi təqdim etməyə çalışırlar. Uşaq da müəyyən yaş həddinə kimi ananın ata haqqında danışdıqlarına inanır, xeyli travma alır. Müəyyən yaşa kimi atasına nifrət edir, müəyyən yaşdan sonra deyilənlərin yalan olduğunu görüb, anasına nifrət etməyə başlayır.

 

3)Boşanmadan sonra uşaqla valideyn arasında məsafə yaratmaq istəyi.

Azərbaycanda əksər boşanma aktından sonra uşaq anadadırsa ana, atadırsa ata, uşaqla atanın və ananın az ünsiyyətdə olmasına çalışır. Əksər aktlarda uşaq anada qaldığı üçün ana uşağın atayla görüşməsinə narazı olur. Atasıyla görüşüb, yüksək əhval-ruhiyyəylə evə qayıdan uşağı ana atasına qısqanır. Qorxur ki, ata uşaqda sevgi yaradıb, onu anasının əlindən alar.

bosanma

4) Boşanmadan sonra aliment davası. Bir çox hallarda işsizliyi, maddi vəziyyəti səbəb kimi gətirirlər.

Doğrudur, mən elə adamlar tanıyıram ki, bir ay ərzində onlar 154 azn qazana bilmirlər, nəinki o məbləğdə aliment verələr. Ancaq aliment ödəyən, buna imkanı çatan kişilər də xüsusi qərəzlə o pulu ödəyirlər. Bunu öz uşaqları üçün etdiklərinin fərqində deyillər. Çünki bizdə aliment anlayışı düzgün izah edilməyib. Digər tərəfdən də dövlətin valideyn olan vətəndaşa və onun övladına qarşı etinasızlığı mövcuddur. Sosial yardım, uşaq pulu, işsizlik, alternativ kütləvi iş yerlərinin olmaması, işsiz və ya maddi qazancı aşağı səviyyədə olan adamı boşandıqdan sonra çətin vəziyyətə salır.

 

5) Boşanmadan sonra tərəflərin yenidən ailə qurması məsələsi.

Ölkədə hökm sürən məişət və mentalitet qaydalarına görə boşanan tərəflər, əsasən də qadın yenidən ailə qura bilmir. Boşanıb, yenidən ailə qurmaq istəyən qadınlara da ya gedib, Rusiyada 40-45 yaşına kimi kef çəkib, birdən ailə qurmaq eşqinə düşən, ya həyat yoldaşı vəfat edən, ya boşanan, ya da birinci həyat yoldaşından övladı olmayan kişilər ailə qurmaq təklif edir.

 

Qeyd: Azərbaycanda hər bir halda uşaq valideynin şəxsi mülkü hesab edilir. Birgə yaşasanız da, boşansanız da heç bir halda uşaqları öz səhvlərinizin, nifrətinizin, anlaşılmazlığınızın qurbanı etməyin, lütfən…

 

Sosioloq Sahib Altay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir