Boşanmış ailələrdə uşaq kimin yanında qalmalıdır? – MM-də müzakirə başlayır

Baxış sayı: 1. 352
Ali Məhkəmənin Plenumunun qərarı ilə Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü Milli Məclisə daxil olub.
Parlamentin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı Ailə Məcəlləsinə ediləcək əlavə və dəyişiklər barədə mətbuata danışıb.
“Bəzi hallarda boşandıqdan sonra uşaqların kimin yanında qalması məsələsi qətnamə ilə həll olunur. Bu zaman uşaq yanında qalmalı olduğu valdeynin deyil, digər valideynin yanında olduğundan, qətnamədə uşağın həmin valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi birbaşa göstərilmədiyindən problemin həlli hərdən aylarla, hətta illərlə uzanır. Qətnamənin icrasında yaranan qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının müdafiəsini vaxtında təmin etmək üçün Plenum təklif edir ki, Ailə Məcəlləsinə bəzi redaktələr edək”.
A.Naxçıvanlı qeyd edib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə örə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığı müəyyən edilməli, əgər uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.
“Nikahın pozulması ilə əlaqədar dövlət qeydiyyatı üçün əlavələr də olunub. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparılır. Əvvəl bu proses bir az uzanırdı. Dəyişikliyə əsasən, nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər”.
A.Naxçıvanlının sözlərinə görə, sabah Milli Məclisin Ailə, qadın və uşaq, Gənclər və idman, Əmək və sosial siyasət komitələrinin birgə iclasında Ali Məhkəmənin Plenumunun qərarı ilə daxil olan təşəbbüs müzakirə diləcək.
“Sabahki iclasda Ali Məhkəmənin nümayəndəsi olacaq, bu arayışla bağlı geniş şərh veriləcək və qərar qəbul olunacaq. Biz də bu sənədi Milli Məclisin növbəti iclasına hazırlayırıq”.
Aytən ZƏHRA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir