Mother with her baby boy in an aircraft

Boşanmış ana bu hallarda uşağı özü ilə xaricə apara bilər

Baxış sayı: 1. 544

Bəzən boşanan ailələrdə anası ilə qalan uşağın xaricə getməsinə icazə verilmir. Bəs qanunvericilik nə deyir? Uşağın ananın himayəsi altında olması faktını təsdiqləyən məhkəmə qətnaməsi ilə ana uşağı xaricə apara bilərmi?

Valideynlər boşanıbsa və məhkəmə uşağın ananın himayəsində qalmasına dair qərar veribsə, ana uşağı atanın razılığı olmadan xaricə apara bilməz. Bunun üçün ata notarial qaydada etibarnamə verməlidir. Yəni 18 yaşı tamam olmamış vətəndaş ölkədən yalnız valideynləri ilə, onu övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər.

Əgər ata etibarnamə vermirsə, ana nə etməlidir? Hansı yolla uşağı özü ilə birlikdə xaricə apara bilər?

teyyare
Bu halda ana məhkəməyə iddia ərizəsi yazaraq, digər valideynin razılığı olmadan uşağın ölkədən getməsi üçün razılığın verilməsi ilə bağlı qətnamə əldə etməlidir. Ərizədə ananın hansı əsasla (müalicə, təhsil, turizm və s.) uşağı xaricə aparmaq istədiyi göstərilməlidir. Məhkəmə iddianı təmin edəcəyi təqdirdə ana bu qətnamə ilə 18 yaşına çatana kimi uşağı atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxara bilər.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə də qeyd edilən halla bağlı müddəalar var.

Əsasnamənin 2.5 maddəsində göstərilir ki, 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur (“femida.az”). 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürənin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Əsasnamənin 2.6-cı bəndinə görə, 18 yaşı tamam olmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, həmin valideynin razılığı tələb edilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir