Nermine Abbasova

Böyrək daşı xəstəliyi haqda nələri bilməliyik? – HƏKİM DANIŞIR

Baxış sayı: 282

Müasir dövrdə insanlar bir çox xəstəliklərlə yanaşı, uroloji xəstəliklərdən də əziyyət çəkirlər. Bu xəstəliklər yaş tanımır. Bəzən kor-koranə müalicə, vaxtında həkimə müraciət etməmək isə təbii ki, yeni fəsadlara yol açır.

Beləliklə, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə bu dəfə böyrək daşı xəstəliyindən bəhs edəcəyik.

Böyrək daşı xəstəliklərinə isti iqlimlərin mövcud olduğu yerlərdə daha çox rast gəlindiyini deyən həmsöhbətimiz bununla yanaşı qidalanma tərzimizlə də əlaqəli olduğunu vurğuladı:

“Böyrəklər insan orqanizminin ən güclü süzgəcidir. Bu xəstəliyin yaranmasının səbəblərindən biri də bizim daha çox çay içməyə üstünlük verməyimiz, sudan isə az istifadə etməyimizdir. Ancaq daş xəstəliklərinin aradan qaldırılmasında içdiyimiz suyun miqdarı çox vacibdir. Ümumiyyətlə, bizim həyat tərzimiz böyrəklərdə daş xəstəliyinin yaranmasında böyük rol oynayır”.

Həkim-terapevt deyir ki, böyrəkdaşı xəstəliyinin əsas əlamətləri böyrək sancısı, hematuriya, piuriya və kiçik daşların öz-özünə düşməsidir. Nərminə xanım bildirdi ki, xəstəliyin gedişində sancıların növü və sancıarası dövrləri qeyd etmək lazımdır. Onun sözlərinə görə, böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar olur ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır:

“Böyrəklərdə olan iri daşlar adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi belə daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur. Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir.

Böyrək sancıları çox vaxt daşın sidik axarına düşməsi nəticəsində baş verir. Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğru irradiasiya edir. Ağrılar baş verən zaman xəstədə tez-tez ağrılı sidiyə getmə, ürəkbulanma, qusma, köpmə, defekasiya aktının ləngiməsi əlamətləri özünü göstərir.

Sancı baş verən zaman xəstə çox narahat olur, özünə yer tapmır. Hətta ağrıların şiddəti bəzən elə olur ki, çox vaxt böyrək sancılarının qarşısını almaq üçün xəstələrə narkotik vururlar. Böyrəkdaşı xəstəliyi zamanı arabir ağrılar sakitləşir və sonradan yenidən güclənir. Sakitləşmə axarda ilişən daşın tərpənərək yığılıb qalmış sidiyin axmasına səbəb olduğu zaman baş verir.

Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsini döyəclədikdə ağrılar artır. Sidik axarı ətrafları əllədikdə isə güclü ağrı simptomları meydana çıxır.

Böyrəkdə sancıların olması daşlar yerindən tərpənən vaxt baş verir. Bəzən sancılardan sonra xırda daşların tökülməsi də müşahidə edilir.

Böyrək daşları düşən zaman sidik yollarının selikli qişasını zədələdikldə hematuriya əmələ gəlir. Əksər hallarda kələ-kötür oksalat daşları düşən zaman hematuriya baş verir.

Böyrəkdaşı xəstələrinin 13%-də daş düşən zaman heç bir əlamət olmur. Belə hallarda daş təsadüfən rentgen və ya USM-lə müayinə zamanı aşkar edilir.

N.Abbasova bildirdi ki, böyrək daşı xəstəliklərində çox zaman cərrahi müdaxiləyə ehtiyac olur. Burada əsas faktorun daşın ölçüsü olduğunu deyən həkim qeyd etdi ki, böyrək cüt orqan olduğu üçün digər orqanın da vəziyyətinin rolu var. Onun sözlərinə görə, xırda ölçülü daşların bədəndən təmizlənməsi mümkündür. Həkim maye miqdarı, müəyyən dərmanlar və bitki mənşəli dəmləmələrlə xırda daşları bədəndən xaric etməyin mümkünlüyünü desə də, bu üsulla bir santimetrdən böyük olan daşların bədəndən xaric olunmasının ancaq nadir xəstələrdə olduğunu vurğuladı:

boyrekustu vezler

 

Bu ölçüdə olan daşları kənarlaşdırmaq üçün daha çox cərrahi müdaxilə lazım olur. Böyrəklərdə daşların təkrar yaranmaması üçün özümüz də məsləhət görürük ki, tünd qara çayların əvəzinə daha çox bitki mənşəli çaylardan istifadə olunsun. Bu çayların sidikqovucu effekti var. Eyni zamanda, daha çox su içdikdə sidiyin miqdarı artır ki, bu zaman sadəcə, xırda daşların sidik yolları vasitəsilə qovulması effekti güclənir. Ancaq daşları nə suyun miqdarı, nə də bitki mənşəli çaylar əridir. Biz daşların təmizlənməsindən sonra yemək və içmək alışqanlığı olan xəstələrə tövsiyə edirik ki, açıq limonlu çaya, bitki çaylarına üstünlük versinlər. Xalq təbabətinin rolu xırda daşların tökülməsi və onların təkrar yaranması və böyüməsinin qarşısının alınması üçün lazımdır. Amma bunu kurs müalicə kimi deyil, ömür boyu etmək lazımdır. Yəni gündəlik qidada su və bitki çaylarına üstünlük verilməlidir”.

Həkim-terapevt böyrək kistalarından da bəhs etdi. Böyrək kistalarının hansı səbəbdən yaranması haqqında əldə mükəmməl məlumatın olmadığını deyən Nərminə xanım bu cür xəstəliklərin iki qrupa bölündüyünü qeyd etdi. Bildirdi ki, anadangəlmə polikistoz xəstəliklərə az rast gəlinir:

boyrek

 

“Bu, genetik xəstəlikdir. Ancaq sadə böyrək kistalarına çox insanlarda rast gəlinir. Dəfələrlə daş düşürmüş və ya böyrək əməliyyatı keçirmiş xəstələrdə bəzən kistaya rast gəlinmir. Amma həyatında ilk dəfə həkimə gələn və heç bir xəstəlik keçirməyən insanın böyrəyində kistaya rast gəlinə bilir. Bu cür kistalar çox vaxt xoşxassəli olur. Böyrək kistaları nadir hallarda bədləşə bilir. Çox vaxt kistalar xırda ölçüdə olur və xəstəyə hər hansı narahatçılıq vermir. Bu baxımdan böyrək müalicəsində olan xəstələr daim müayinədən keçməlidirlər. Çünki az hallarda da olsa, kista bədləşib şişə çevrilə, bəzən də böyüyüb böyrəyi sıxaraq ona zərər verə bilir. O zaman da yeganə müalicə cərrahi əməliyyatla kistanın götürülməsi və ya ağrısız iynə ilə kistanın boşaldılmasıdır. Böyrək kistalarının dava-dərmanla və ya xalq təbabəti ilə müalicəsi qəti olaraq yoxdur”.

Nərminə Abbasova qeyd etdi ki, bəzən hər iki böyrək fəaliyyətini itirir və nəticədə hər iki böyrək götürülür. Həkim-terapevt deyir ki, böyrəklərin hər ikisinin götürülməsi həyatın sonu deyil. Belə ki onlar süni böyrək aparatı – dializ vasitəsilə yaşaya bilirlər. Bu gün ölkəmizdə çox sayda belə xəstələrin olduğunu vurğulayan həkim qeyd etdi ki, o xəstələr dializlə yaşayır və çox zaman normal həyat fəaliyyətlərini yerinə yetirirlər.

Nərminə xanım onu da vurğuladı ki, pasiyentlərə həmişə çoxlu maye içmək tövsiyə edilir:

“İnsanlar gərək tünd çay, kofe, kola, qazlaşdırılmış rəngli içkilərdən uzaq olsunlar. Gün ərzində ən azı iki litr, böyrək daşı olanlara isə hətta 3 litr adi su içməsini məsləhət görürük. Həmçinin, mümkün qədər duzdan həddi aşmamaq şərtilə istifadə etməli, heyvani proteinlərdən mümkün qədər uzaq olmaq lazımdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir