Mstislav Rostropoviç ve Qalina Vişnevskaya

“Böyük teatr”da böyük eşq yaşayan və SSRİ-nin qəzəbinə gələn iki düha

Baxış sayı: 1. 701

Onlar tanış olandan 4 gün sonra ər-arvad oldular. Bu, ötəri həvəs deyildi. Onlar ömürlərini birlikdə keçirdilər. Böyük violonçelist Mstislav Rostropoviç və operanın qızıl səslərindən biri gözəl Qalina Vişnevskayanın sevgisi o qədər böyük idi ki, bunu yaşamağa bir ömür yox, onlarla ömür lazım idi. Amma təəssüf ki, hər insan bir dəfə yaşayır.

 

İlk görüş

İlk dəfə onlar “Metropol” restoranında görüşdülər. Gənc violonçelist və Böyük Teatrın parlayan ulduzu xarici qonaqlar üçün təşkil olunmuş şam yeməyinə dəvət olunmuşdu. Mstislav Rostropoviç sonra həmin görüşü belə xatırlayır: “Gözümü qaldıranda qarşımda ilahə simalı birini gördüm. Mənim hətta nitqim də tutuldu. Və elə həmin an mən qət etdim ki, bu qadın mənim olmalıdır”.

Qalina gedəndə Mstislav onu ötürmək istədiyini deyir. Vişnevskaya “mən ərdəyəm” deyə xəbərdarlıq edir. Və maraqlı cavab alır: “Biz hələ buna baxarıq”.

Daha sonra “Praqa baharı” festivalı. Ən əsas hadisə də burada baş verir. Rostropoviç biləndə ki, bu səfərdə Vişnevskaya da var, bütün qalstuk və pencəklərini özü ilə götürür ki, tez-tez əynini dəyişməklə təəssürat yaratsın. Sonralar Vişnevskaya bunu belə xatırlayır: “Arıq, eynəkli oğlan. Çox ziyalı görkəmi vardı. Gənc olmasına baxmayaraq, artıq saçı tökülmüşdü”.

Praqa restoranlarının birində şam yeməyi vaxtı Rostropoviç müşahidə edir ki, onun göz qoyduğu qadın süfrədə duza qoyulmuş xiyarlara diqqət yetirir. Və həmin axşam onun oteldəki şkafına inciçiçəyi dəstəsi və bir iri boşqabda duzlu xiyar qoyur. Bunlarla yanaşı, balaca bir məktub: “Bilmirəm, siz bu buketi necə qarşılayacaqsız. Uğurumu sığortalamaq üçün bir boşqab da duzlu xiyar qoydum, axı siz onları sevirsiniz!”

Həmin günləri Qalina Vişnevskaya belə xatırlayır: “O, hər şeyə əl atırdı. Son qəpiyinə qədər mənim üçün xərcləyirdi. Bir gün biz Praqanın bağlarından birinə gəzməyə getmişdik. Qarşımıza hündür bir divar çıxdı. Rostropoviç “gəl, bu divarı aşaq” dedi. Mən isə “Siz dəli olmusunuz? Mən Böyük teatrın primadonnası divardan aşım?” soruşdum. O dedi ki, “mən sizi qaldıraram. Sonra özüm keçərəm. Siz tullanarsınız, mən də tutaram”. O, belə də etdi. Divarın qarşı tərəfində yağışdan sonra gölməçə vardı. Mən o gölməçəni göstərib “görürsünüz?” dedim. O isə əynindəki aşıq rəngli plaşı çıxarıb həmin gölməçənin üstünə atdı. Mən o plaşın üstü ilə keçib getdim. O, hər şey edirdi ki, məni ram eləsin. Və bunu bacardı”.

 

“Hər dəfə Qalyaya baxanda onunla yenidən evlənirəm”

Onlar dörd gündən sonra Moskvaya qayıdır. Rostropoviç məsələni qəti qoyur: “Sən ya mənimlə yaşamağa başlayırsan, ya da məni sevmirsən və bizim aramızda hər şey bitir”.

Həmin vaxt Vişnevskaya 10 il idi ki, ailəli idi. Əri Leninqrad opera teatrının direktoru Mark İliç Rubinlə birlikdə çox şey yaşamışdılar. Yeganə oğulları doğuşdan dərhal sonra ölmüşdü.

Vəziyyət sadə deyildi. Və Qalina qaçmaq qərarını verdi. Amma hara gedəcəyini də bilmirdi. Praqadan qayıdandan sonra Qalina Mstislava zəng vurur: “Slava, mən sənin yanına gəlirəm”. Slava telefonda qışqırır: “Gözləyirəm!”.

Vişnevskaya taksi sürücüsünə Rostropoviçin dediyi ünvanı verir. Taksi sürücüsü təəccüblənir: “Axı siz o ünvana piyada daha tez çatarsız”. Qalina isə isterika içərisində “Siz sürün, mən pulunu verəcəyəm!” deyir.

Qalinanı aşağıda Rostropoviçin bacısı qarşılayır. Slava tələsik mağazaya qaçmışdı. O, Qalina ilə danışandan sonra anası Sofiya Nikolayevnaya deyir: “İndi mənim arvadım gələcək”.

Qalina Vişnevskaya o anları belə xatırlayır: “Mən evə girdim. Çamadanımın üstündə oturdum. Birdən qapı açıldı. Slava içəri girdi və dedi: Yəqin tanış olmusunuz!”.

Onlar kəbin kəsdirməyə gedəndə VVAQ-da hamı Böyük teatrın primadonnasını tanıdı. Amma onunla gələn cavan heç kimdə təəssürat oyatmadı və hamı təəssüflə ağız büzdü.

 

Mənsiz doğma

“Mən hamilə olduğumu deyəndə onun uçmağa qanadı yox idi. Mənə Şekspirin sonetlərini oxumağa başladı. O vaxtdan Şekspirin sonetlər kitabı bizim yataq otağından əskik olmadı. Slava həmişə mənə yatmazdan əvvəl sonetlər oxuyurdu.

Doğuş vaxtına az qalanda o, İngiltərədə idi. Mənə telefonda qışqırdı ki, mənsiz doğma. Və mən gözlədim. Martın 17-də Mstislav Londondan qayıtdı. Gətirdiyi çamadanı açıb mənə aldıqlarını göstərməyə başaldı. O, çox məğrur idi. Qastrolu da uğurlu alınmışdı”.

18 mart 1956-cı ildə Rostropoviç-Vişnevskaya cütlüyünün ilk qızı dünyaya gəlir. Qalina qızın adını Yekaterina qoymaq istəyir. Amma Slava bununla razılaşmır və doğum evində olan Qalinaya belə bir məktub yazır: “Xahiş edirəm, Yekaterina qoymayaq. Sırf texniki problemlərə görə. Axı mən “R” hərfini tələffüz edə bilmirəm. Gəl onun adını Olqa qoyaq”. Qalina razılaşır. İki ildən sonra onların daha bir qızı olur. Adını Yelena qoyurlar.

 

Klassik kişi

“O, ata kimi qeyri-adi idi. Həlim və tələbkar. Hətta bu tragikomediyaya bənzəyirdi. Slava qastrollarda çox olurdu. Həmişə mən qızları necə tərbiyə etmək lazım olduğunu anlatmağa çalışırdım. O isə sadəcə “sən haqlısan” deyirdi. Evdə olanda qızlar çox vaxt onun məşq etdiyi otaqda olurdu. Çox keçmirdi ki, əvvəl Slava bаşını tutub qaçırdı. Ardınca da qızlar çıxırdı”.

“O qızlarını çox sevirdi və çox da qısqanırdı. Hətta onları kənar gözdən qorumaq üçün hasarın ərtafında çoxlu kollar əkmişdi. O, əkdiyi kollarda çoxlu tikanlar olurdu və çox cavanların şalvarı bu tikanlara ilişib cırılırdı”.

 

Əvəz-əvəz

Qarşıda Rostropoviç-Vişnevskaya cütlüyünü ağrılı-acılı günlər gözləyirdi. Soljenitsinlə dostluğu Rostropoviçə baha başa gəlir. Slava SSRİ vətəndaşlığından çıxarılır. Dissident həyatı. Onlar Parisə köçürlər. Avropada o, musiqi olimpinə yüksəlir. Qalina isə karyerasını ərinə qurban verir. Beləcə, xoşbəxt cütlük qəriblikdə yaşayır. 1991-ci ilin avqust qiyamına qədər.

Avqust qiyamı vaxtı Mstislav televizorda baş verənlərdən xəbər tutur və Qalinaya “mən bir az hava alıb gəlirəm” deyir. Və birbaşa hava limanına. Axşam Qalina televizorda Slavanın Moskvada olduğunu eşidir. Artıq o, başqa bir Moskvaya qayıtmışdı. Boris Yeltsinlə ailəvi dostluğu ona sanki stimul verir və ailə Moskvaya qayıdır.

İllər sonra Qalina xatırlayır: “Bəli, o, mənə deməmiş getdi. Amma bilirdi ki, mənə desəydi, onu buraxmayacaqdım. Amma mən bunun “qisasını aldım”. Çeçenistan müharibəsi haqda çəkilən filmdə Qalina Vişnevskaya baş rola dəvət alır. Qalina Slavadan xəbərsiz çəkilişə yollanır – Qroznıya.

“Mən bilirdim ki, o məni buraxmaz. Ona görə də demədən getdim”.

 

Dörd gün

Onlar qızıl toylarını həmən o “Metropol” restoranında etdilər. Məhz bu restoranda ilk dəfə Slava öz ilahəsi ilə tanış olmuşdu. Mstislav Rostropoviç həmin gün “Ridez daycest” jurnalına verdiyi müsahibəni xatırlatdı.

“Jurnalist məndən soruşdu ki, doğrudurmu siz tanış olandan 4 gün sonra evlənmisiz? Mən isə ona cavab verdim: Təəssüf edirəm ki, mən o 4 günü itirmişəm…”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir