ZT

Böyük xeyriyyəçinin bəxtsiz övladları

Baxış sayı: 183

Dövrünün tanınmış jurnalisti Haşım bəy Vəzirov 10 aprel 1907-ci il tarixli “Tazə həyat” qəzetinin 8-ci sayında yazırdı: “Bir şəxs 50-60-cı illərdən bəri rahatlığını, ömrünü, malını, hümmətini, qüvvətini – hamısını millətinə sərf etmiş ola, onun müsəlman milləti üçün elədiyi xidmətlərini təfsilatı ilə yazsaq, qəzetin bir çox saylarını ona sərf etmiş olarıq”.

Tağıyevşünasların fikri bu gün də belədir: Hacı Zeynalabdin Tağıyev “Bakı milyonçuları içərisində yeganə şəxsiyyətdir ki, milyonlarını milli ziyalıların yetişməsinə, millətin balalarının dünyəvi təhsil almasına, ana dilində oxumasına sərf etmiş, yalnız Azərbaycan deyil, Rusiyanın çoxmilyonlu müsəlman əhalisindən də vətəndaşlıq köməyini əsirgəməmişdir”.

Bəs millətinin övladlarının taleyini hər an düşünən, onların savadlanması üçün varidatından kecən, bəzən həyatını təhlükəyə atan Hacının öz qızlarının taleyi necə olmuşdur? Əvvəla, onu qeyd edim ki, Hacının dörd qızından yalnız biri – Sara xanım haqqında mətbuatda informasiyalar verilib. Xanım, Leyla və Sürəyya haqqında isə demək olar ki, heç bir məlumat yoxdur. Odur ki, bu gün sizə Xanım, Leyla və Sürəyya haqqında əldə edə bildiyim məlumatları çatdırmaq istədim.
Arxiv sənədlərindən və onun haqqında yazılan tədqiqat əsərlərindən belə məlum olur ki, H.Z.Tağıyev iki dəfə ailə qurub. Birinci dəfə 42 yaşında öz əmisi qızı Zeynəblə. Zeynəb xanımdan Hacının iki oğlu – İsmayıl, Sadıq və bir qızı – Xanım olub. Xasiyyətcə çox mehriban olan və Hacının qulluğunda durmaqdan zövq alan Zeynəbin qəfil ölümü Hacıya çox pis təsir edir, bir neçə il evlənmir. Uzun illər sonra Hacı general Ərəblinskinin qızı Sona xanımla ailə həyatı qurur.

Əslən Zaqatalanın Tala kəndindən olan Balakişi bəy kəndin Ərəblər məhəlləsindən olub. Rusiyada yüksək hərbi təhsilə sahib olan Balakişi bəy 50 ildən çox çar-rus ordusunda qulluq edib. Hər zaman çara sədaqətli olduğu üçün imperator Dərbənddə böyük torpaq sahəsini ona hədiyyə edir. 1898-ci ildə istefaya çıxan Balakişi bəy bu torpaqlarda məskunlaşaraq ömrünün sonuna kimi ailəsi ilə birlikdə burada yaşayır.

Generalın iki qızı olub. Nurcahan və Sona. Hər ikisi Nina Qızlar Gimnaziyasında təhsil alıb. Tanrınınmı, taleyinmi qismətindən Balakişi bəyin hər iki qızı Hacının ocağına gəlin gəlib. Böyük qızı Nurcahan Hacının böyük oğlu İsmayılla ailə qurub (Bəzi mənbələrdə Sadıqla ailə qurduğu yazılır. Əslində isə Hacının Zeynəb xanımdan olan böyük oğlu İsmayıl idi – müəl.). Aradan bir neçə il kecir. Hacı oğlunun evində onun baldızı Sona xanımı görür və ona vurulur. Fikrini Balakişi bəyə bildirdikdə bəy çəkinmədən razılıq verir, amma bir şərtlə ki, qız da bu işə “hə” desin (Görünür, Balakişi bəy düşünüb ki, 21 yaşlı qız (bəzi mənbələrdə 16 yaş yazılır) 73 yaşlı kişiyə ərə getməyə razılıq verməyəcək – müəl.).

z
Beləliklə, Hacı Balakişi bəyin razılığı ilə Sona xanımla təkbətək görüşüb söhbət edir və Sona xanımın razılığını alır. 1896-cı ilin 28 iyununda Hacı Dərbənddə Sona xanımla evlənir və onlar ömürlərinin sonuna kimi bir yerdə yaşayırlar (1920-ci ilin aprel işğalından sonra Hacı Sona xanımın övladlarını da götürüb xaricə getməsində təkid etsə də, Sona xanım onu tək qoyub heç yerə getmir. Hətta bolşeviklər Hacının bütün varidatını əlindən aldıqdan sonra da Sona xanımın ona münasibəti dəyişmir və Hacı 101 yaşında dünyasını dəyişən günəcən sədaqətlə onun qulluğunda durur. Deməli, Sona xanım Hacının varidatını yox, özünü sevmişdi. Bu həm də o Sona xanım idi ki, gözəllikdə və səxavətdə məşhur idi, xeyriyyə işlərində Hacının ən yaxın və sədaqətli köməkçisi sayılırdı-müəl.). Bu izdivacdan onların beş övladı olur: Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas.

Hörmətli oxucular! Sizə bu məqalədə Hacının üçüncü qızı Sara xanım haqqında məlumat verməyəcəm. Çünki onun haqqında “Kaspi” qəzetinin 2014-cü il 14 dekabr tarixli sayında “Sovet adamlarından qorxan Sara xanım, yaxud ata evinin soyuq pillələrində üç-beş dəqiqə oturmaq üçün göz yaşları tökən milyonçu qızı” sərlövhəli məqaləmdə geniş söhbət açmışam.

Bu məqaləmdə Xanım, Leyla və Sürəyya haqqında oxuduqlarımdan, bildiklərimdən bəhs edəcəm. Təəssüf ki, arxivlərdə, tədqiqat əsərlərində H.Z.Tağıyevlə bağlı əksər sənədlərə baxsam da, birinci qızı (Zeynəbdən olan) Xanım haqqında heç bir məlumat əldə edə bilmədim.

Hacının ikinci qızı Leyla 1898-ci ildə Bakıda anadan olub. Bacı və qardaşları kimi Leyla da ilk təhsilini evdə xüsusi müəllimlərdən alıb. Gözəl piano çalmağı öyrənib. Sonra atasının qız məktəbində oxuyub. Hacı qızları Leyla və Saranın daha yüksək təhsilə sahib olması üçün onların sənədlərini Peterburq Zadəgan Qızlar Seminariyasına göndərir. Lakin yox cavabı alır.

Bu haqda qocaman yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində yazırdı: “Çox keçmir Peterburqdan rədd cavabı gəlir ki, nə bəy, nə xan və nə də zadəgan olmadığınız üçün qızlarınızı qəbul edə bilmərik; bu instituta yalnız qraf, knyaz, xan, bəy, əmir qızları qəbul edilir. Hacının arvadı Sona xanım rəsmi sənəd təqdim edir ki, atası general Ərəblinski müharibədə rəşadət göstərib və Rusiyaya sədaqətinə görə çar tərəfindən qızıl silahla təltif olunub. Bu qızlar da onun nəvələridir, bütün imtiyazlardan istifadə etməyə hüquqları var”.

Bundan sonra Hacının qızları Peterburq Zadəgan Qızlar Seminariyasına qəbul edilirlər. Bəzi mənbələrdə qeyd edilir ki, Birinci Dünya Müharibəsinin başlanması nəticəsində onlar təhsilini başa vura bilməyib. Lakin Tağıyevşünas Teyyub Qurbanın fikrincə, qızlar seminariyanı əla qiymətlərlə başa vururlar.

Leyla xanım təhsilini başa vurduqdan sonra ata-anasının xeyir-duası ilə atasının yaxın dostu, Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olan milyonçu Şəmsi Əsədullayevin kiçik oğlu Əli Əsədullayevlə ailə həyatı qurur (Yeri gəlmişkən, bir faktı da qeyd edək ki, Şəmsi Əsədullayev də Hacı Zeynalabdin Tağıyev kimi yoxsul ailədən olub. Hələ kiçik yaşlarından əkin-biçinlə məşğul olan Şəmsi sonra əkin işini buraxıb neft sahəsində fəhləliyə başlayır. Öz zəhməti və bacarığı sayəsində 1860-cı ildə rus taciri Kokorevin yanında işlər müdiri (prikazşik) vəzifəsinə yüksələn Şəmsi sonradan Bakının ən böyük milyonçularından biri olur – müəl.).

1920-ci ilin aprel işğalında ailəsi ilə birlikdə vətənini tərk etməyə məcbur olan Leyla xanımın Əli və Nadir adlı iki oğlu, Gülnar adlı bir qızı var idi. Xaricdə isə dördüncü övladı Zeynalabdin dünyaya gəlir.

Leyla bir neçə il ailəsi ilə Parisdə yaşıyır. Bu zaman Nuru paşa Parisdə yaşayan azərbaycanlılardan ibarət könüllü bir ordu təşkil edib ikinci dəfə Bakını bolşeviklərdən azad etmək istəyir. Leyla xanımın əri Əli və böyük oğlu Əli könüllü olaraq bu orduya yazılır. Bu könüllülər döyüş üçün yola düşür, yolda ikisini də öldürürlər. Bir neçə ay sonra isə yanında olan oğlanları Nadir və Zeynalabdin də müəmmalı şəkildə öldürülür. Bu böyük itkilərdən Leyla xanım dəhşətli dərəcədə sarsıntı keçirir. Dörd əzizini belə faciəli şəkildə itirən Leyla xanımın içində bir qorxu yaranır, o, yeganə ümid yeri olan qızı Gülnarı da götürüb İstanbula üz tutur.
İstanbulda Leyla xanımın qızı Gülnar ailə həyatı qurur. Gülnarın oğlu Əli dünyaya gəlir. Leyla xanım bu körpə Əlidən sevimli ömür-gün yoldaşı Əlinin və əziz oğlu Əlinin iyini alır. Bir az toxtaqlıq tapsa da, o böyük faciənin təsirindən tamamilə özünə qapanır və 1947-ci ildə dünyasını dəyişir.

Nəvə Əli hal-hazırda Amerikada yaşayır. Bir neçə il bundan əvvəl Bakıya gələn Əli, deyilənə görə, babalarının kimliyi haqqında geniş məlumatı da elə birinci dəfə Bakıda eşidib. Dediyinə görə, nənəsi Leyla xanım və anası Gülnar ata və babaları haqqında onlara danışmağa həmişə qorxublar.

Sonda Hacının qızı Sürəyya xanım haqqında da məlumat vermək istəsəm də, əfsus ki, buna nail ola bilmədim. Çünki Sürəyya xanım haqqında yalnız onu öyrənə bildim ki, o, 1904-cü ildə Bakıda anadan olub və 1975-ci ildə dünyasını dəyişib. Deyilənə görə, uzun illər Azərbaycanda yaşayıb, ailə qurub. Nəvəsi Nazim bəy hazırda xaricdə yaşayır və bir neçə il bundan əvvəl Bakıda olub.

Beləliklə, Xanım və Sürəyya haqqında heç bir məlumat əldə edə bilmədim. Hələ 1988-90-cı illərdə Hacının qızı Sara xanımla dəfələrlə görüşəndə ondan baçı və qardaşları haqqında danışmağı xahiş edərkən hiss etdim ki, o, bu mövzudan yayınır, danışmaq istəmir.

Sonda görkəmli yazıçı-publisist Rafael Hüseynovun “Vaxtdan uca” əsərində ön sözdə yazılan “Vaxt və Baxt” haqqında söylənilən bir fikrini xatırladım: “Görəsən kimin baxtına nə çıxacaq?”

Amma inanmıram ki, bu, onların bəxtinə yazılmış bir qismət payı idi. Bu, onları və minlərlə vətənpərvər, millətsevər Azərbaycan övladlarını məhv etmək, manqurtlaşdırmaq üçün sovet hökumətinin düşünülmüş siyasəti idi.

Qərənfil Dünyaminqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir