qadin

Boyun, sinə və döş nahiyəsinə necə QULLUQ ETMƏLİ?

Baxış sayı: 1. 320

Boyun, sinə və döş nahiyələrinin dərisi bədən dərisinin digər sahələrinə nisbətən daha nazik olur. Bu sahələrin dərisində piy vəziləri daha azdır. Məhz buna görə bu sahələrin dərisi bədənin digər sahələrinə nisbətən daha tez qocalır (qırışlarla örtülür, rəngini dəyişir və s.).

Bəs boyun və sinə nahiyələrinin dərisinə hansı faktorlar ziyan vurur?

Boyun dərisində qırışların əmələ gəlməməsi üçün yatarkən hündür balışlardan istifadə etməyin və uzanan vəziyyətdə kitab oxumayın. Əgər siz belinizi bükürsünüzsə, başı aşağı və çiyinləriniz əyilmiş səkildə gəzirsinizsə, bu, tez bir zamanda sizin boynunuzun dərisinə öz mənfi təsirini göstərəcəkdir. Erkən qocalmamaq üçün, başınızı düz saxlayın. Bu halda boyun dərisi düzlənir və dartılmır ki, bunun da nəticəsində onun üzərində erkən büküklər və qırışlar da əmələ gəlmir.

Kəskin və uzunmüddətli pəhrizlər, tez-tez solyariyə gedilməsi, sinəsi və döşləri açıq şəkildə günəş altında qaralmalar, çox dar büsthalter (qadın lifçiyi) geyinilməsi və ya onu geyinməkdən imtina edilməsi, boyun və sinə nahiyəsinin dərisinə çox böyük ziyan vurur. Günəş altında olmaq məsələsinə gəldikdə isə, kosmetoloqlar bu halda dəriyə günəşdən qoruyucu kremlər çəkilməsini və qaralmanı mümkün qədər kölgəlikdə etməyi məsləhət görürlər.

Büsthalter geyinməyi sevməyən qadınları isə xəbərdar etmək istəyirik ki, döşləriniz öz ağırlıqlarından sallandıqları üçün, onların dərisi daim dartılmış vəziyyətdə olur. Nəticədə döşlər sallanaraq öz formalarını itirirlər. İntensiv olaraq müxtəlif rəqslərlə və ya hər hansı idman növü ilə məşğul olan qadınlar bu barədə xüsusi olaraq xəbərdar edilməlidirlər.

Beləliklə, boyun və sinə nahiyəsinin dərisinə daimi olaraq diqqətlə qulluq etmək lazımdır. Yəni, üz dərisinə qulluq edilməsində olduğu kimi onu da hər gün təmizləmək, nəmləndirmək, tonuslaşdırmaq və qidalandırmaq lazımdır. Boyun və sinə nahiyəsinin dərisinə gündəlik qulluq edilməsi üçün məhz bu sahələr üçün nəzərdə tutulmuş xüsusi kosmetik vasitələrdən – kremlərdən, liftinq-vasitələrdən, zərdablardan və s. istifadə etmək lazımdır.

Bu mümkün olmadıqda, üz dərisi üçün olan kosmetik vasitələrdən də istifadə edə bilərsiniz. Ancaq boyun və sinə nahiyəsinin dərisi daha çox nəmləndirilmək və qidalandırılmaq tələb etdiyi üçün bu zaman dərini qurudan vasitələrdən istifadə edilməsindən imtina edilməlidir. Səhər və axşam saatlarında boyun və sinə nahiyəsinin dərisi də üzün dərisi kimi təmizlənir. Təmizləndikdən sonra bu sahənin dərisinə əla tonuslandırıcı təsirə malik olan buz kubları sürtülməsi məsləhət görülür. Əgər sizin qalxanvari vəzinizdə hər hansı bir problem vardırsa, və ya siz uşaq əmizdirirsinizsə, buzdan istifadə etmək olmaz!

İlkin olaraq sinə nahiyəsindən başlayaraq, tədricən çənə nahiyəsinə keçməklə, kub şəklində olan buzla dairəvi hərəkətlər etməklə, onu dərinizə sürtün. Bu prosedura 1-2 dəqiqə ərzində yerinə yetirilir. Dəri təbii şəkildə quruduqdan sonra isə tələbatından asılı olaraq ona qidalandırıcı və ya nəmləndirici krem sürtün.

Bəs boyun və sinənin dərisinə kremi necə sürtmək lazımdır?

İlkin olaraq kremi hər iki əlin ovucuna çəkirlər. Başı arxa tərəfə əyərək sağ ovucunuzla masaj hərəkətləri etməklə kremi boyunun sol tərəfinə, sol ovucunuzla isə boyunun sağ tərəfinə sürtmək lazımdır. Ovuclarınızla etdiyiniz hərəkətlər yalnız yuxarıya doğru istiqamətləndirilməlidir! Ehtiyatlı olun, boyun dərisini çox əzməyin və dartmayın. Kremi sinə nahiyəsinə də yüngül masaj hərəkətləri ilə sürtün.

Qalxanvari vəzi nahiyəsində xüsusi olaraq ehtiyatlı olun! Bu nahiyəyə yalnız yüngül şəkildə toxunmaq olar. Belə ki, artıq dərəcədə təzyiq və ya masaj edilməsi qalxanvari vəziyə pis təsir edə bilər.

 

Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar. Onların dəriyə müxtəlif xeyirli təsirləri vardır: dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir