xestexana

Brend xəstəxanaların ölkəmizə gətirilməsi səhiyyənin inkişafına təsir edəcək?

Baxış sayı: 528

“Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov brend xəstəxanaların ölkəmizdə də fəaliyyət göstərməsini təklif edib. O bildirib ki, vətəndaşlarımız müxtəlif səbəblərdən müalicə üçün xaricə üz tutur. Sədrin fikrincə, həmin xidmətlərin ölkəmizə gətirilməsi rəqabəti və keyfiyyəti də artıracaq. Brend xəstəxanaların ölkəmizə gətirilməsi səhiyyənin inkişafına təsir edəcək? Yaranacaq Rəqabət səhiyyə xidmətlərində qiymətlərin aşağı düşməsini şərtləndirəcək?

 

Sağlam rəqabət formalaşacaq ki… 

Millət vəkili Musa Quliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, brend xəstəxanaların filiallarının ölkəmizdə açılması geniş imkanlar yaradacaq: “Brend xəstəxanalar ölkəmizə qabaqcıl təcrübəni, bilikli və təcrübəli mütəxəssisləri gətirəcək. Eyni zamanda ölkə daxilində sağlam rəqabəti artırmağa kömək edəcək. Həkimlərin, tibb işçilərinin öz sənətlərinə daha yüksək keyfiyyətlə yanaşmalarına və biliklərini artırmasına sövq edəcək. Həm də vətəndaşlarımız hər hansı səbəbdən xaricdə tanınmış klinikalara gedəndə Azərbaycandan valyuta çıxarılır. Üstəlik, vətəndaşlarımızın da əlavə xərcləri çox çıxır. Xaricə  getmək, orada yaşamaq, müalicə almaq vaxt itkisi, əziyyət, çətinlikdir. Ona görə də, brend klinikaların ölkəyə gətirilməsi beynəlxalq səviyyədə peşəkarlığının yüksəldilməsi, sağlam rəqabətin formalaşması, dünya təcrübəsinin Azərbaycana gəlməsi, vətəndaşlarımızın ehtiyaclarının daha rahat, tez, ucuz təmin edilməsinə hesablanıb”.

 

“Klinika açmaq üçün şəraitimiz var”

Milli məclisin deputatı bildirdi ki, biz əcnəbilər üçün klinika tikməyəcəyik, sadəcə şərait yaradacağıq: “Azərbaycanlılar hansı klinikalara daha çox üz tuturlarsa, haranı tanıyırlarsa, onların mütəxəssislərini bizim müvafiq özəl klinikalarla əməkdaşlığa cəlb etmək, ya da filiallarını açmaq üçün şərait yaratmaq lazımdır. Ölkəmizdə brend klinikaların filiallarını açmaq üçün hazırda hər cür şəraitimiz var. Lakin biz onları xahişlə gətirməyəcəyik, sadəcə şərait yaradacağıq ki, gəlin burada klinika tikin, ya da müvafiq özəl klinikalarla əməkdaşlıq edin. Yaxud təklif edə bilərik ki, dövlət klinikalarında boş sahələr varsa, gətirin avadanlığınızı qurun və işləyin. Onlar pul qazanmağa gələcəklər. Brend klinikaların filiallarının açılması dünya təcrübəsində də geniş yayılıb”.

 

Brend klinikaların qiymətləri

Musa Quliyev qeyd etdi ki, qiymətlərin necə olacağı ilə bağlı  indidən proqnoz vermək mümkün deyil: “Qiymətlər bazar iqtisadiyyatına, tələb-təklifə bağlıdır. Baxır hansı klinikalar gələcək, onların ehtiyacları nə qədər olacaq. Xaricdən gələn klinikalara da müəyyən şərtlər daxilində İcbari Tibbi Sığortanı şamil etmək olar ki, vətəndaşlarımız müalicə alarkən əlavə pul xərcləməsinlər”.

 

“1-2 həkimin gəlməsi effektiv olmayacaq”

Millət vəkilinin fikrincə, xəstəxanaların effektli olması üçün orada xarici həkimlərdən ibarət komanda çalışmalıdır: “Xaricdən həkim gəlməsə, o xəstəxananın nə mənası var? Onlardakı avadanlıqlar bizdə də var. Təkcə təcrübə deyil, uzun illərin dünya səhiyyə məktəbləri lazımdır. Hansı səviyyədə komandanın gəlməsi əsas şərtdir. Söhbət 1-2 mütəxəssisin gəlməsindən getmir. Çünki elə olsa, o qədər də effektiv olmayacaq. Komanda ilə gəlsələr, nəticə də müsbət olacaq”.

 

“Azərbaycanda kadr çatışmazlığı var”

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov “Kaspi”yə dedi ki, xaricdən həkimlər gətirmək lazımdır: “Azərbaycanda xəstəxana yox, kadr çatışmazlığı var. Kadrların da təcrübə problemi mövcuddur. Azərbaycana xəstəxanaların gətirilməsi bir az absurd səslənir. Çünki Azərbaycanda yetəri qədər xəstəxana var. Bizə lazım olan xaricdən tibbi səhiyyə təcrübəsinin gətirilməsidir. Xaricdəki xəstəxana strukturunun Azərbaycana gətirilməsi kifayət etmir. Əgər orada yerli həkimlər çalışacaqsa, onda eyni şey olacaq. Xaricdəki təcrübəni gətirmək üçün xarici kadrları gətirmək lazımdır”.

 

Cib yandıran Dubay modeli

Ekspert bildirdi ki, xarici həkimlərin gətirilməsi xidmətlərin bahalaşmasına səbəb olacaq: “Xaricdəki kadrları gətirmək üçün Dubay modelindən istifadə etmək olar. Yəni sonsuz resurslarla, külli miqdarda maaş təklif edib, xaricdən təcrübəli həkimləri cəlb etmək olar. Bu da avtomatik olaraq səhiyyə xidmətinin bahalaşmasına gətirib çıxaracaq. Çünki Dubay modelində həkimlərə təklif olunan maaşlar ayda 20-25 min dollardan başlayır. Xəstəxanada bir həkimə bu məbləği verə bilmək üçün səhiyyə xidmətlərinin xərcləri qaldırılmalıdır”.

 

“Uzunmüddətli səhiyyəyə faydası olmayacaq”

Həkim qeyd etdi ki, bu işləri detallı şəkildə həyata keçirmək lazımdır: “Əgər bu addım düzgün yerinə yetirilsə, səhiyyənin inkişafına müəyyən qədər təsiri olar. Amma uzunmüddətli inkişafda heç bir rolu olmayacaq. Çünki hər hansı bir ölkənin səhiyyəsini uzunmüddətli inkişaf etdirmək üçün orada tibbi təhsili yaxşılaşdırmaq lazımdır. Paralel olaraq tibbi təhsil alan tələbələrin sonrakı təcrübə müddəti yaxşılaşdırılmalıdır ki, müəyyən bir özək formalaşsın və onun üzərində də səhiyyə inkişaf edə bilsin. Yoxsa sadəcə xəstəxananı gətirdik və adını qoyduq ABŞ-ın filan xəstəxanasının filialı, bununla iş bitməyəcək. Bu işləri detallı şəkildə, incəlikləri nəzərə alaraq etmək mümkün olsa, təbii ki, qısa müddətdə səhiyyə xidmətində müəyyən irəliləyişlər əldə etmək mümkündür”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir