1349814566-463

Bu 7 ifadə münasibətlərinizi dağıda bilər

Baxış sayı: 2. 399

Hazırda müasir cəmiyyətimizin mənəvi problemlərindən biri də yeni qurulan – gənc ailələrdəki boşanma hallarıdır. Aydındır ki, bu problem bizlərə nisbətən Qərbi daha çox narahat edir və etməlidir də. Çünki bu ölkələrdə bir çoxlarımıza məlum olan səbəblərdən, orta statistik göstəricilərə görə, boşanan ailələrin sayı daha artıq olur. Orta statistik azərbaycanlı ailəsində isə İslam dini, milli mentalitet, spesifik mənəvi dəyərlər ailə təməlinin daha möhkəm olmasını təmin edir.

Lakin son vaxtlar bizim ailələrdə də bu kimi halların sayı artmaqdadır. Və təbii, çox zaman boşanma halına gəlməmişdən öncə cütlüklər arasında sərt, qızğın və bütün sərhədləri aşan mübahisələr baş verir ki, bu da onların hüquqi cəhətdən də ayrılmasına rəvac verir. Ailəsinin dağılmasını istəməyən hər bir şəxs, fərq etməz, kişi, ya qadın, ilk növbədə, özünü və qarşısındakını sakitləşdirməyə çalışmalı, qıcıqlandırıcı sözlərdən imtina etməli, yeni yaranan mübahisəyə son qoymağa çalışmalı, kompromis həll üsullarına müraciət etməlidir. Qeyd edək ki, xüsusən bu məsələdə əsas yük və məsuliyyət xanımların üzərinə düşməlidir. Zərif cinsin nümayəndələri olmaq etibarilə onlar güclü cinsin nümayəndələri ilə mübahisə və münaqişələrdən bacardıqca yayınmalı, ailə başçısına toxuna biləcək, onun əsəbiləşməsinə səbəb olacaq söz və ifadələri işlətməməlidirlər. Söz yox ki, ilk növbədə, bunları bilmək lazımdır ki, sonradan peşman olmayasan. Əslində, cütlüklərin bir-birinə söylədiyi neqativ kəlmələrin heç də hamısı hissləri öldürmək qüdrətində deyil. Psixoloqların fikrincə, ailədaxili mübahisələr zamanı bir neçə ifadə var ki, onları kişiyə söyləmək tövsiyə edilmir.

Birinci ifadə. “Sən həmişə nəyisə lazımi formasında yox, tərsinə edirsən…” Ev təsərrüfatına lazımi diqqət ayırmırsan, yaxşı geyinib-kecinmirsən, adicə santexniklə normal danışa bilmirsən və sair. Siyahını davam etdirmək də olar.

Təhlükəsi: Bu cür ifadələrin təhkükəsi yalnız ərə qarşı yönələn qıcıq və əsəbi nümayiş etdirmək deyil. “Həmişə” sözüylə siz nəinki onun keçmişdə olan bütün nailiyyət və işlərini hesabdan silirsiniz, həm də gələcəkdə onun nəyisə lazımi qaydada yerinə yetirə biləcəyi ehtimalının da üstündən xətt çəkirsiniz. Bununla, siz onu alçaldırsınız, eyni zamanda, gələcəkdə də özünü düzəltməyə şans vermirsiniz. Onda orta statistik, hətta uzun müddətdən bəri nikahda olan kişilərdə belə bu cür suallar yaranır: Çalışmağa, səy göstərməyə dəyərmi? Əgər bütün bu illərdə onun xoşuna gələ biləcək heç nə edə, nəyəsə nail ola bilməmişəmsə və gələcəkdə də o, hər şeyi belə qəbul edəcəksə, mənə və etdiklərimə dəyər verməyəcəksə, bu qadınla birgə yaşamağa, münasibətləri davam etdirməyə dəyərmi?!

Kişinin gəldiyi nəticə: Məni anlaya biləcək başqa bir xanımla daha ciddi münasibətlər qurmağı – yaxşı nəticələr əldə etmək perspektivini sınamaq lazımdır. Bununla isə artıq nə etsəm belə, heç nə alınmayacaq.

İkinci ifadə. “Yadındadır, deyirdim ki, axır-əvvəl bu baş verəcək…”

Dostunuzun təşkilatına pul ayıranda, maşının yolda qırılmayacağına ümid edəndə, dəvət olunmadığın yerə gedəndə, su kranını düzəltmək lazım gələrkən divandan ayağa durmayanda, qiymətlər bahalaşmayacaq deyəndə……

Təhlükəsi: Ola bilsin ki, siz onu görünməyən xoşagəlməzliklərlə bağlı xəbərdar etmişdiniz. Bəlkə də, əksinə, sadəcə, baş verənlərlə bağlı məsuliyyəti həyat yoldaşının üzərinə atmaq istəyir. Bu da səhvdir. Müasir kişilərin əksəriyyətinin söz və davranışlarına görə heç bir məsuliyyət daşımağı sevmədikləri azmış kimi, xanımlarının onlardan “həyat dərsi” məsələsində üstün olması bu kişiləri, sadəcə, qəzəbləndirə bilər.

Kişinin gəldiyi nəticə: O, məni heç dəyərləndirmir, üstəlik tez-tez burnunu sallayır. Onu yerinə otuzdurmağın vaxtı çoxdan çatıb.

Üçüncü ifadə. “Əgər mən başqasına ərə getsəydim…”

O, varlı, həyatda yerini tutmuş, daha cavan görünən, məni daha çox sevən, yaxşı villa və əla bir avtomobilin sahibi olan şəxs olardı.

Təhlükəsi: Siz bilmirsiniz ki, kişilər emosiyalara deyil, daha çox hərəkət və davranışlara önəm verirlər. Siz bununla onu əməllicə təəccübləndirə və peşman edə bilərsiniz. Bu  zaman onun sizin başqa bir kişiylə münasibətinizin də ola bilməsini düşünməsi normal sayıla bilər. Ola bilər ki, bunadək yaranan hansısa yüngül bir qısqanclıq qığılcımı ailə münasibətlərinizi qaydaya sala bilər, lakin bu “od”u tənzimləmək kifayət qədər çətindir.

Kişinin gəldiyi nəticə: Deyəsən, artıq onun hara getdiyini, ona kimin zəng etdiyini izləmək lazımdır. Xeyir ola, son vaxtlar dəblə geyinməyə, dodaqlarını ayrı cür boyamağa, saçlarını fərqli yığmağa başlayıb?!

Dördüncü ifadə. “Sən bir kişi olaraq elə də dəyərli deyilsən…”

Təhlükəsi: Bu ifadəni bir dəfə söyləmək kifayətdir ki, aranızda olan bütün  hiss və şövqləri məhv edəsiniz. Axı hər necə də olsa, ərlə arvadın münasibətlərinin əsas təməl prinsiplərindən biri də normal intim həyatıdır.

Amerika psixoloqları öz pasientlərindən nikahda qiymətləndirdikləri nəsnələrin prioritetlərini cızmağı xahiş etmişlər. Aydın olub ki, sən demə, 76 faiz kişilər əsl ailə dəyəri kimi düzgün qurulmuş intim münasibətləri qeyd edir.

Kişinin gəldiyi nəticə: Onunla intim həyatımızda da problem var, bəlkə, həmişə onunla münasibətlərimdə düzgün və etibarlı olmağa dəyməzmiş.…

Beşinci ifadə. “Sən elə atan kimisən.., elə ona bənzəmisən…”

Anan, qardaşın, bacın və s. kimisən.., onlara bənzəmisən.…

Təhlükəsi: Adətən, müasir ailə həyatında artıq özünü elə də göstərməyən qohumluq kökləri həm də, müəyyən mənada, şəxsiyyətin psixoloji dominantları kimi özünü göstərir. İnsan atasının necə yaşadığını xatırlamaya da bilər, lakin ağıl insanın özünü rahat, əmin hiss etməsi üçün ən güclü vasitədir.

Özüylə bərabər qan qohumlarını qınayarkən bir daha əbəs yerə nümunəvi ailələrdə olduğu kimi, ərinizi özünüzlə deyil, onlarla birləşdirirsiniz. Bununla da, ərinizə, yad bir elementə qarşı olan kimi, sizə qarşı da düşmən mövqedə olmağa imkan yaradırsınız.

Kişinin gəldiyi nəticə: O, ailəmizi sevmir. Maraqlıdır, onunla evlənəndə hara baxırdım?!

Altıncı ifadə. “Sən başqa bir arvadla indi çoxdan…”

…Qurda-quşa yem olardın, müflisləşərdin, karyeranda uğur qazana bilməzdin, azarlayıb xəstəxanaya düşərdin, yenə sərxoşluq edərdin, onun-bunun yanında veyillənərdin…

Təhlükəsi: Ona başqa bir xanımla sıx ünsiyyət qurmağa imkan vermək, şərait yaratmaq olmaz. Ola bilər ki, ərinizin işdə, idman zalında və s. yerlərdə bir neçə xanım tanışı olsun. Odur ki, bu zaman onun əlinə əla şans düşə bilər.

Kişinin gəldiyi nəticə: Ayrı qadınla? Maraqlıdır, necə? Hansı yolla, bəlkə, cəhd etməyə dəyər?

Yeddinci ifadə. “Elə övladın da sənə bənzəyib bu çatışmazlıqlarla…”

Ondan da təmizlik və səliqə gözləməyə dəyməz. O həm də bədxərcdir, pullarını göyə sovurur. Onun da səninki kimi çoxlu mənfi vərdişləri və zəif təfəkkürü var……

Təhlükəsi: Deyəsən, övladı o yox, siz həyata gətirmisiniz. Üstəlik, təlim-tərbiyə məsələləri ilə də daha çox siz məşğul olmusunuz. Bəs necə oldu ki, artıq nəticələrdən narazı qaldınız? Demək, fiaskoya uğradınız… Lakin aydındır ki, əslində, söhbət övladlarınızdan getmir, sizi həyat yoldaşınız qıcıqlandırır və bu da bax, bu cür eybəcər şəkildə təzahür olunur. Siz məhz ərinizə xatırladırsınız ki, onun bu və ya digər cəhətləri heç xoşunuza gəlmir. Beləliklə, onun “valideynlərinə oxşaması” səhvini yenidən təkrarlamış sayılırsınız. Və bu da çox təhlükəli ola bilər.

Kişinin gəldiyi nəticə: Belə çıxır ki, o, heç vaxt nə məni, nə də övladlarımızı sevməyib, o, bizimçün yaddır.

Psixoloq Esmira Ağayeva isə düşünür ki, əslində, əsas məsələ həmin kəlmələrin sırf mexaniki olaraq səslənməsindən çox, onları doğuran mənfi mənəvi-psixoloji keyfiyyət və vəziyyətlərdir. Bu sadalanan sözlər isə artıq boşanmaq üçün bir bəhanəyə, daşmaqda olan kasanın son damlasına çevrilir. İlk öncə bu həddə gətirilib-çıxarılmamalıdır. Yəni el dili ilə desək, aradakı pərdə götürülməməlidir. Elə ailə həyatının ilk günlərindən, aylarından kişi və qadının bir-birinə neqativləri olmamalı, yaranmamalıdır, bu, olsa belə, minimum müvəqqəti xarakter daşımalı, tez də unudulmalıdır. Odur ki, əvvəlcə əks-cinsə qarşı yaranan neqativ emosiyalar dəf olunmalıdır.

Yeri gəlmişkən, qeyd edim ki, ölkəmizin ayrı-ayrı regionlarında boşanma statistikasında özünəməxsusluqlar olsa da, onların hamısı üçün oxşar cəhətlər var. Bunlardan biri “Xasiyyətimiz düz gəlmir” fikridir.

Boşanmaya mürəkkəb fenomen kimi yanaşan psixoloqlar onun səbəblərinin hər hansı bir ifadə ilə, məsələn, “Xasiyyətimiz düz gəlmir” fikri ilə izahını qəbul etmirlər. Lakin buna baxmayaraq, məhkəmə salonlarında, sanki, Hamlet kimi “Olum, ya ölüm” monoloqu söyləyən dünənki ər-arvadlar özlərinin boşanma qərarlarını çox vaxt bu fikirlə əsaslandırmağa çalışırlar. Sosioloji tədqiqatlar göstərir ki, qadın və kişilərin boşanma zamanı istinad etdikləri “motivlər” içərisində bu səbəb üçüncü yer tutur. Psixoloqlar bu sahədə apardıqları müşahidələr zamanı maraqlı bir faktla qarşılaşıblar. Məlum olub ki, bu səbəbi irəli sürən ərlə arvad “xasiyyətləri düz gəlmədiyinə” görə deyil, əksinə, məhz “düz gəldiyinə” görə boşanırlar. Ərin də, arvadın da eyni dərəcədə kobud, insafsız, tənbəl olduğu ailələri xatırlasaq, bir çox ailə dramlarının köklərini təsəvvür etmək çətin olmaz. Bu zaman ər də, arvad da uşaqların xoşbəxtliyi məramına, ülvi analıq və atalıq hisslərinə yad olan, mahiyyətcə məzmunsuz prinsiplərə istinad edirlər.

Boşanma sosial fakt olduğu qədər də psixoloji faktdır. Təsadüfi deyil ki, psixoloqların müşahidələri göstərir ki, boşanmaq ərəfəsində olan bütün insanlar eyni hiss və həyəcan keçirirlər və bir qayda olaraq, öz vəziyyətlərini düzgün qiymətləndirə bilmirlər. Psixoloqların fikrincə, boşanmağı həyatlarının nicat yolu sananlar, qarşılıqlı şəkildə ayrılmağa qərar verənlərin hamısı, demək olar ki, eyni depressiya halını keçirirlər. Onlar süstləşir, bədbinləşir, nəhayət, “bundan belə necə yaşayacağam” və az qala şüara çevrilən “nə etməli” sualları qarşısında qalır, uzun müddət depressiya halından çıxa bilmirlər. Bəziləri ilk vaxtlar ayrılmaqla, bir növ, problemlərdən yaxa qurtaracaqlarını zənn etsə də, zaman keçdikcə qaçılmaz bir boşluqla qarşılaşırlar. Və bir müddət keçdikdən sonra hadisələri hisslərin deyil, ağlın süzgəcindən keçirəndə peşmançılıq çəkirlər. Psixoloqların gəldiyi bu qərarı sosioloqların apardığı rəy sorğusu da təsdiqləyib. Belə ki, boşananlar arasında aparılan rəy sorğusu zamanı respondentlərin əksəriyyəti peşman olduğunu etiraf edib. Psixoloqların fikrincə, boşananların əksəriyyəti yanlış addım atırlar. Başqa sözlə, onlar düşdükləri vəziyyəti ağılla qiymətləndirə bilmir, düzgün çıxış yolu seçmirlər. Psixoloqlar yanılmaları, əsasən, belə səciyyələndirirlər ki, ayrılmağa qərar verənlər, adətən, yanlış olaraq iki mövqe tuturlar. Onların bir qismi zənn edir ki, ayrıldıqdan sonra həyatı tamamilə mənasızlaşacaq. Onlar həyatdan daha yaxşı heç nə gözləmirlər. Ayrı cür desək, özlərini öz nəzərlərində gərəksizləşdirərək atılmış obrazlarını yaradırlar. İkinci qisim boşanmaqla bütün problemlərini həll edəcəyini, onlardan yaxa qurtaracağını düşünür.

Bu baxışlar bir-birinə zidd olsa da, heç biri reallığa əsaslanmır. Birincilər özlərinə qarşı daha qəddar mövqe tuturlar. Həyat onlara yenidən şans versə belə, onların bu baxışı verilən şansı heçə endirir. Bu baxış onların həyatında, həqiqətən, ağır fəsadlar törədir. Əgər ikincilər sonradan yanıldıqlarını duyurlarsa, birincilər düşüncə tərzləri ilə, əslində, uğursuzluqlarına zəmanət yaradırlar. Onlar ilk baxışdan nəzərə çarpmasa da, özlərini cəmiyyətdən təcrid edirlər. Belə insanlara elə gəlir ki, ətrafdakılar onlara yuxarıdan aşağı baxırlar. Dedi-qodu obyektinə çevrildiklərini fikirləşirlər. Onlar özlərini komplekslər içində qandallayaraq, həyatlarını, həqiqətən, dözülməz edirlər.

Unutmayaq ki, ailələr dünyaya ata-ana nəzərləri ilə baxan körpələrin sevincidir. Boşanmaqla şəxsi xoşbəxtliklərinin arxasınca gedənlər övladlarını sakit, sevinc dolu uşaqlıq dünyasından məhrum edirlər. Bəlkə, məhz buna görə də valideynlər lap ayrı-ayrı dünyanın adamları olsalar da, bütün uşaqlar istəyir ki, onlar bir yerdə olsunlar. Ən azı, “Biri vardı, biri yox…” acısını çəkməmək üçün…

Beləliklə, boşanmanın faciəvi sonluqla bitəcəyini öncə görən psixoloqlar ayrılmağa qərar verənlərə: “DAYANIN!” – deyirlər.

Təqdim etdi:  Elnur Ağayev

gencaile.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir