15050135_10154682450377445_581419311_n-512x400

Bu gün… – HƏKİM RƏŞAD SULTAN YAZIR

Baxış sayı: 3. 046

Bu gün yuxudan yandakı məktəbə uşaqları gətirən maşınların siqnalları ilə oyanmadım. Maşınlar dar küçəyə girib, məhz məktəbin arxa qapısının önündə park etməyə çalışmırdılar. Yəqin valideynlər düşünüb ki, uşağımız 50 metr yolu piyada getsə, zəri tökülməz, hətta xeyri olar. Həm də bu gün məktəbin əsas qapısı açıq idi, həm şagirdlər, həm də müəllimlər ordan girə bilirdilər içəri.

Pəncərədən həyətə baxdım, bu gün həyətdəki maşınlar da səliqə ilə park edilmişdi. Qonşunun oğlu həmişəki kimi çəpinə saxlayıb, 3 maşının birdən yerini tutmamışdı. Mənim maşınımın qabağında da heç kim saxlamamışdı.
Elə bil yuxu görürdüm.
Yola çıxanda heç əsəbləşmədim. Elə bil piyadalar da, sürücülər də sözləşib, etikalı olmuşdular. Nəinki dönəndə, zolaq dəyişdirəndə də dönmə işığını yandırırdılar. Döngələrdə bir zolağı tuta bilməyib, maşının önü bir, ortası bir, arxası başqa zolaqla dönən sürücülər bu gün yox idi. Qırmızı işıqda önümə atlayan bir dənə də piyada görmədim.
Sanki yuxuda idim.
İşə çatanda daha da təəccübləndim.
Yoldaykən heç bir pasient zəng etmədi ki, “doktor, biz gəlirik” və ya “qapınızın ağzında gözləyirik”. Hətta elə bildim ki, bu gün xəstə gəlməyəcək. Amma gəlib, gözləyən pasientləri görəndə, lap təəccübləndim. Təəccübümü gizlədə bilməyib, soruşdum ki, “nə əcəb otağı özünüz tapıb belə sakit oturmusunuz? Adətən, pasientlər artıq xəstəxananın qapısından etibarən zəng etməyə başlayırlar ki, çatırıq, qapıdayıq, giririk, liftdəyik, qapınızın ağzındayıq, lap az qaldı, üç, iki, bir və s.”.

Dedilər ki, qəbuldakı qızlardan soruşduq, onlar otağınızın yerini göstərdilər. Hətta qəbulun yerini tanımayan yaşlı pasientimizə güvənlik özü yardım göstərib. Xala tam da mənə zəng etmək istəyəndə, qapıdakı güvənlik soruşub ki, “xanım, necə kömək göstərə bilərəm?”
Düzü çox təəccübləndim. Elə bil ki, yuxudayam.
Pasienti qəbul etdim, dərman yazdım, reaksiyası məni çaşdırdı. Soruşmadı ki, “həkim, bu dərmanları içsəm, ziyan olmaz ki?”. Dedi ki, niyə soruşum, ziyanlı şeyi niyə yazasız ki? Dedim, niyə belə güvənirsiz mənə? Dedi ki, güvənmədiyim həkimə niyə gəlim ki?!
Qarşımdakı insanın məntiqli fikir bildirməsinə çox təəccübləndim.
Dedi ki, bu xəstəliklə əlaqədar daha əvvəl getdiyim həkimlər də eyni məsləhəti veriblər, ona görə də məndə həkimlərimizə inam var. Əgər hərəsi ayrı söz desəydi, onda şübhə yaranardı, həmin sualları verərdim. Deməli tibbdə standart bir təhsil sistemimiz var ki, həkimlərimizin xəstəyə münasibəti standartdır.
Artıq deməyə söz tapa bilmirdim. Bu, yuxu olmalı idi.
Axşam evə gedəndə hələ də təəccüb içindəydim. Hara getsəm, sıra ilə növbə gözləyən insanlar vardı, növbəsiz keçmək heç kimin ağlına gəlmirdi. Oturduğumuz kafedə xidmət mükəmməl, ofisiantlar gülərüz idi. Belə münasibəti ancaq xəyal etmək olardı. Küçədə ikinci sırada park edən bahalı böyük maşınlar yox idi. Maşın sürərkən nəinki mesaj yazan, heç telefonla danışan da görmədim.
Telefon demişkən, səhər qəbul etdiyim xəstələr axşam zəng edib eyni şeyləri sinonimlərlə yenidən soruşmadılar. Sabaha randevu almaqçun zəng edənlər də şikayətlərini indidən telefonla bildirmək istəyi göstərmədilər.
Belə məntiq ancaq yuxuda ola bilərdi.
Dünən çox uzaq qohumun toyu olub, nə əcəbsə, çağırmayıb məni. Toyda olanlar deyir ki, heç israfçılıq olmayıb. Musiqinin də səsi çox yüksək deyilmiş, rahat söhbət edə biliblər qonaqlar. Toya da gedəndə borc-xərc etməyiblər, imkanları çatan minimal məbləği yazılıblar. Toya gedən bir tanış dedi ki, belə şeylərə pul xərcləməkdənsə, övladımın təhsilinə xərcləyərəm. Ən çox buna təəccübləndim. Deyir ki, rüşvət verib qiymət almaq, diplom almaq mənə çatmır. Deyir ki, uşağın savadı varsa, oxusun, alsın, savadı yoxdursa, kənd təsərrüfatı ilə məşğul olsun, hamı oxuyası deyil ki?!
Lap çaş-baş qalmışdım.
Bu gün, evlərdən uzaq, yas yerinə getmişdim, masada banan-kivi yox idi. Bəzəkli konfetlər də yox idi.
Bu gün televiziya da qəribə idi. Bütün kanallarda elmi, sənəti təbliğ edən verilişlər var idi.
Sosial mediada da dar düşüncəli, burnun ucundan o yana getməyən mesajlar yox idi, həyata daha uzaqgörən, dünyaya daha qlobal baxış var idi. Elə bil ki, hamı Molla Nəsrəddinlə Bəhlul Danəndə olmuşdu. Elə bil hamı Cəlil Məmmədquluzadə ilə Sabiri oxumuşdu.
Elə bil yuxuda idim.
Amma nəsə səs gəldi qulağıma…
Siqnal səsiydi bu…, məktəbin arxa qapısına yaxın soxulan maşınların siqnal səsi.
Və oyandım…

Həkim Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir