usaqlar

Bu gün uşaqların beynəlxalq müdafiəsi günüdür

Baxış sayı: 834

İncəsənətin müxtəlif sahələri ilə məşğul olan uşaqlar daha ünsiyyətcil və daxilən zəngin şəxsiyyətlər kimi formalaşırlar

Dahi yazıçı Viktor Hüqo dünyada körpə qığıltısından əzəmətli himn görmədiyini yazırdı. Doğrudan da hər evin, hər ailənin bəzəyi, yaraşığı uşaqlardır. Uşaqlar həm də dövlətin, millətin sabahı, gələcəyidir.
Bu gün – iyunun 1-i məhz onların günüdür. Belə ki, tarixdə bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, Uşaqların Beynəlxalq Müdafiəsi Günü vətənimizdə də qeyd edilir.
Bəs görəsən, mədəniyyətimizdə uşaqlara kifayət qədər meydan verilibmi? Dövrümüzün uşaqları cəmiyyətdə hansı mövqeni tutublar, onlara yönəldilən diqqət və qayğı hansı səviyyədədir? Suallarımıza cavab axtarmaq üçün mütəxəssislərə müraciət etdik. Onlardan aldığımız cavablara görə, uşaqlara hər şeyi öyrətməyə indidən başlamaq daha faydalıdır. Əks təqdirdə, sonra gec ola bilər. Sağlam gələcək qurmaq istəyiriksə, bu gün uşaqların təməlini möhkəm zəminlərdən qurmalıyıq. Qayğı əhatəsində böyüyən hər bir uşaqda özünə inam, güvən olur. Özünə güvənən insanlar isə ölkəsi, dövləti üçün daha çox faydalı işlər görə bilər.
“Oyuq” teatr studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva bizimlə söhbətində studiyada istedadlı uşaqların əldə etdikləri uğurlardan danışdı. Qeyd etdi ki, çalışdığı Abdulla Şaiq Adına Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr  studiyasının başlıca vəzifəsi uşaqları təhsildən yayındırmamaqdır: “Teatr studiyasına gələn uşaqlara xüsusi vaxt ayrılıb. Biz onlarla yalnız həftə sonları məşğul oluruq. Maraqlı əyləncəli oyunlarla proqramımızı onların mənimsəməyinə yardımçı oluruq. Studiyamızın uşaqları bizimlə həm əylənir, həm də öyrənirlər. Hesab edirəm ki, mədəniyyət uşaqlara lap erkən çağlarından tədris olunmalıdır. Uşaqlar burada dost olmağı, səhnədə bərabər olmağı, dostlarına kömək etməyi, bir-birlərini sevməyi öyrənirlər. Onlar düzgün danışığı, tamaşaçı ilə rəftarı, Azərbaycan dilini sevməyi öyrənirlər. Bizim uşaqlar dünyanın müxtəlif festivallarında iştirak edirlər. Studiyamızın iştirakçısı Nuray Rəhman qardaş Türkiyədə keçirilən “Türkvizyon”  mahnı yarışmasının qalibi olub. Bundan əlavə, Selcan Müseyibova və Aylin Nəcəfli Sankt-Peterburqda keçirilmiş “Caz karuseli” ikinci beynəlxalq müsabiqəsində baş mükafata – Qran-priyə layiq görülüblər. Selcan Moldova və Bolqarstanda, eyni zamanda Aylin də Bolqarıstanda müsabiqədə iştirak edərək layiqli yerləri tutublar. Biz “Oyuq” studiyasının uşaqları ilə dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak etmişik və gözəl nəticələrlə geri dönmüşük”.
S.Haqverdiyeva Azərbaycanda kifayət qədər uşaq dərnəklərinin mövcud olduğunu və onların fəaliyyətlərini qənaətbəxş hesab etdiyini də dedi. Bildirdi ki,  “Oyuq” teatr studiyası dövlət tərəfindən maliyyələşir. Burada uşaqlar tam təmənnasız, heç bir ödəniş etmədən fəaliyyət göstərirlər. O ki qaldı uşaqlarla işləməyə, studiyanın rəhbəri deyir ki, onlarla işləmək çox çətindir: “Uşaqların psixologiyası çox qəlizdir, hərəsi bir ailədən gəlir. Biz burada uşaqların daxilindəki istedadı oyadırıq. Onlara nizam verir, özlərini ifadə etməsi üçün şərait yaradırıq. Ehtiyatla davranırıq ki, onlar çəkinib utanmasınlar, kompleksdən çıxsınlar. Bizim uşaqlarımız çox aktivdirlər. Onlar tamaşaçı qarşısına çıxanda heç bir narahatlıq, həyəcan hissi keçirmirlər. Onlarla bərabər əylənsək də, bizim də bir çox çətinliklərimiz olur. Ən böyük çətinliyimiz valideynlərin uşaqları məcburi şəkildə teatra gətirməyidir. Belə ki, bəzi uşaqlar var ki, mədəniyyət və incəsənətlə bağlı olan dərnəyə gəlmək istəmədiyi halda, valideyn məcbur edir ki, onun övladı bura gəlib tamaşa oynasın. Əslində biz buna qarşıyıq. Uşaq var ki, valideyn onu cəzalandıranda deyir ki, səni studiyadan çıxaracağıq. Ancaq elə uşaqlarımız da var ki, özlərini çox gözəl ifadə edirlər”.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev rəssamlığın incəsənətin ən maraqlı sahələrindən biri olduğunu deyir: “Təsviri incəsənət uşaqların estetik duyumunu formalaşdırır. Rəssamlıqla məşğul olan uşaqlar çox sərbəst olurlar. Valideyn göstərişi, müəllim hökmü ilə böyüdülən uşaqlar sanki çərçivəyə salınıblar. Cəmiyyətə çıxdıqda, o uşaqlar çox zaman özlərinə qapanır və sıxılırlar. Ancaq rəsmlə məşğul olan uşaqlar öz duyğularını büruzə verməyi bacarırlar, daha çox sərbəst olurlar. Bizim böyük rəssamlarımız uşaq yaradıcılığını təbliğ etməyə başlayırlar. Hətta deyərdim ki, rəssamların özləri də zaman-zaman uşaq yaradıcılığından faydalanırlar. Əsrlər boyu uşaq yaradıcılığı diqqət mərkəzində olub. Əbəs yerə demirlər ki, uşaqlar bizim gələcəyimizdir. Bu gün uşaqlara qayğı göstərməsək, onlar gələcəkdə bütün sahələrdə axsayacaqlar. Dövlətimizin incəsənət sahəsində uşaqlara göstərdiyi qayğı duyulmaqdadır. Günü-gündən uşaq yaradıcılıq dərnəkləri açılır, uşaq yaradıcılığı daima diqqət mərkəzindədir, bunun da nəticələri görünməkdədir. Təsviri sənətin yükünü daşımağa qadir olan uşaqlarımız kifayət qədərdir. Onları təbliğ edirik, öyrədirik. İstedadlı uşaqlarımız çoxdur. İnanıram ki, təsviri sənətimizin gələcəyi üçün narahat olmağa dəyməz. Çünki bu sənətə göstərilən qayğı, diqqət bizə bunu deməyə əsas verir. Uşaq yaradıcılığına böyük maraq var. Bir dəfə məni həm yaşlıların, həm də uşaqların sərgisinə dəvət etmişdilər. Mən uşaqların sərgisinə getdim. Uşaqlara dəstək olmağa çalışırıq. İnanırıq ki, onlar bizim ümidlərimizi doğruldacaqlar”.
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə deyir ki, təhsil, mədəniyyət və incəsənət hər bir xalqın həyatı və inkişafı üçün ən vacib sosial nemətlərdən biridir. Çünki təhsil savadın, mədəniyyət təhsilin, incəsənət isə mədəniyyətin zəmanətçisidir: “Bu üç amil hətta insanın xoşbəxt gələcəyini müəyyən edir və bu gün ən aktual mövzulardan biri olan davamlı inkişafın təməl daşlarından birini təşkil edir. Bəli, sual yarana bilər ki, axı davamlı inkişafın əsas təməl daşları iqtisadiyyat və ekologiyadır, bunun mədəniyyətə və incəsənətə nə aidiyyəti var? Məsələ bundadır ki, zahiri gözəlliyi, paklığı yaratmaq üçün insan daxili, bətni aləmini gözəl etməli və onu ətrafdakılarla paylaşmalıdır. İqtisadi inkişaf və ekologiyanın mənəvi tərəfləri sosial məsuliyyətin ən vacib amilidir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü – uşaqların sosial-hüquqi nöqteyi-nəzərdən tələbatlarının ödənilməsi ilə əlaqələndirilir. Lakin biz daha dərindən düşünsək, görərik ki, zamanında yaradılmış şərait sonradan törəyə biləcək problemlərin qarşısını ala bilər. Hər bir uşağın həyatı ana bətnindən başlayır. Hər bir ana gözlədiyi övlad üçün artıq bətnində lazımi mühit yaratmalıdır. Mütaliə və incəsənətlə məşğuliyyət həmin qadının mənəvi cəhətdən ən yüksək mənəvi hisslərlə zənginləşməsi deməkdir. Bu da bətnindəki övladının artıq yüksək mədəni keyfiyyətlərə malik olmasının zəmanətçisidir. Hər bir uşağın gələcəkdə hansı peşənin sahibi olmasından asılı olmayaraq, birbaşa və ya əlavə olaraq bədii təhsillə məşğul olması da onun mədəni cəmiyyətdə yaşaması, ümumbəşəri dəyərlərə hörmətlə yanaşması, tolerant və multikultural dəyərlərə sayğı göstərməsini təmin edir. Bu da müasir cəmiyyətin tələblərinə uyğun şəxsiyyətin formalaşmasına şərait yaratmış olur.
Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri birinci sinifdən başlayaraq sevgi, qayğı, nizam-intizam, tələbkarlıq və qarşılıqlı hörmət keyfiyyətləri ilə əhatə olunurlar ki, onların məşğul olduğu incəsənət növləri arasında ən incəsi olan rəqs vasitəsi ilə ətraf mühitlə ünsiyyət qura bilsinlər”.
Bakı Xoreoqrafiya Akademiyasının sözçüsü bildirdi ki, istedadlı şagird və tələbələr onları narahat edən problemlərə, etiraz etmək istədikləri məsələlərə rəqsin dili ilə münasibət bildirirlər: “Hər bir dilin öz əlifbası var. Rəqsin dili – musiqi ilə vəhdət təşkil edən hərəkətlərdən ibarət görüntüdür. Xoreoqrafiya sənəti uşaqlarda incə zövq, qarşılıqlı hörmət, ülvi məhəbbət, sadiqlik, xüsusi davranış, natiqlik, geniş dünyagörüşü, novatorluq, çağdaşlıq, zəngin daxili aləm, səliqəlilik və özünəməxsusluq keyfiyyətləri formalaşdırır. Məhz buna görə xoreoqrafiya sənəti dünyanı xilas etmək qabiliyyətinə malik mədəniyyətin ən dərin hisslər üzərində qurulan sahəsidir. Uşaqların bu sənətlə məşğul olması, maraqlanması onların mənəvi rahatlıq tapması və xoşbəxt gələcək qurması üçün bir imkandır”.
Xəyalə Rəis



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir