avtomobil

Bu il hansı avtomobillər sürüləcək? – ARAŞDIRMA

Baxış sayı: 145

Azərbaycanda iqtisadi durğunluq son 2 ildə avtomobil bazarına da mənfi təsir edib. Dolların bahalaşması ilə xaricdən gətirilən avtomobillərin bahalaşması, əhalinin gəlirlərinin azalması, avtokreditlərin dayanması, ölkədə avtomobilə tələbat kəskin azaldı.

Yeni iqtisadi şəraitdə insanların avtomobilə münasibəti də dəyişib. Məsələn, əvvəllər iri mühərrikli  hündür avtomobillərə Azərbaycanda böyük tələbat var idisə, indi əhali daha çox kiçik mühərrikli, az yanacaq işlədən avtomobillərə üstünlük verirlər. Avtomobil ekspertləri bildirirlər ki, 2016-cı ildə avtomobil alıcıları arasında yaranan tendensiya 2017-ci ildə də davam edəcək.

Köhnə “Mercedes”, “Opel”, “Hyundai”, “Kia”lar dəbdə olacaq

Avtomobil eksperti Eyyub Əliyev bildirib ki, hazırki şəraitdə avtomobil alıcıları daha çox gözləmə mövqeyindədirlər. Yanvar-fevral ayları avtomobil satışlarında durğunluq dövrüdür. Mart ayından yeni satış sezonunun başlaması ilə avtomobil bazarında müəyyən canlanma ola bilər. Amma dolların bahalaşmaqda davam etməsi ölkəyə gətirilən yeni avtomobillərin qiymətinə kəskin təsir edib.

Son bir ildə  yeni avtomobillərin qiyməti 2 dəfəyə qədər bahalaşıb.  Alıcılar yeni avtomobillərdəki qiymət fərqini görəndən sonra daha çox ikinci əl avtomobil bazarına müraciət edəcəklər.

Ekspert hesab edir ki, əhalinin maddi vəziyyəti aşağı olan təbəqəsi daha çox qiymətləri 10-12 min manata qədər olan 2000-2005-ci illərə aid “Mercedes”, “Opel”, “Hyundai”, “Kia” avtomobillərinə üstünlük verəcəklər. “Ayağımı yerdən götürsün” prinsipi ilə avtomobil seçənlər isə qiyməti 5-6 min manata qədər olan köhnə avtomobilləri seçəcəklər.

Təzə “Ravon”və  “Reno”ları taksi kimi alacaqlar

Bəzi avtomobillər daha çox taksi fəaliyyəti üçün alınacaq. E.Əliyev bildirib ki, Özbəkistan və İran istehsalı avtomobillərə bu baxımdan tələbat olacaq. Həm taksi şirkətləri, həm də taksi faəliyyəti göstərmək istəyən  şəxslər  “Ravon”, “Reno” kimi avtomobillərə üstünlük verəcəklər.

Ekspert bildirib ki, taksi şirkətləri, əsasən, ucuz və yeni modellərə üstünlük verirlər. “Reno” modelləri daha çox İrandan gətirildiyi üçün daşıma xərcləri aşağıdır və ucuz başa gəlir. Ona görə də belə avtomobillərə 2017-ci ildə də tələbat olacaq.

Orta təbəqə Çin maşınlarına üstünlük verəcək

Ekspert hesab edir ki, əhalinin orta təbəqəsi isə daha çox Çin istehsalı olan avtomobillərə üstünlük verəcəklər. Belə ki, orta təbəqə üçün nəzərdə tutulan avtomobillər dolların bahalaşması ilə həddindən artıq bahalaşıb. Hətta rəsmi dilerlər bəzi modelləri baha başa gəldiyi üçün Azərbayacana gətirə bilmirlər. Məsələn, dolların bahalaşması ilə yeni “Hyundai Grant Santa Fe”nin qiyməti 80-85 min manata yüksəlib. Halbuki, onunla eyni seqmentdə olan  “Haval”, “Great Wall”, “Changan”və digər Çin istehsalı avtomobillərin qiyməti 55-60 min manatdır.

Varlılar “Mercedes GL”dən düşüb “Nissan Tiida”ya minəcəklər

Artıq avtomobil seçimində də Avropa düşüncəsi Azərbaycana gəlir. E.Əliyev bildirib ki, əvvəllər iri mühərrikli avtomobil sürməyə alışmış vətəndaşlar da artıq stereotipləri qıraraq nisbətən kiçik ölçülü modellərə üstünlük verirlər.Məsələn, əvvəl “Mercedes GL” sürən varlı sürücülər çox rahatlıqla gündəlik istifadə üçün “Nissan Tiida” kimi modellərə keçə bilirlər. Və yaxud 5,5 l mühərrikli “Mercedes” avtomobilini sataraq 1,5 l mühərrikli Çin avtomobili sürməyə başlayırlar. Ekspert hesab edir ki, 2017-ci ildə də bu proses davam edəcək.

İş adamları və məmurlar köhnə maşınlarının yenisi alacaqlar

Lüks avtomobil sahiblərinə gəlincə, E.Əliyev bildirib ki, belə avtomobil sahibləri üçün dolların manat qarşısında bahalaşması və yaxud aksiz vergisinin artmasına görə, avtomobilin hansısa məbləğdə bahalaşması böyük əhəmiyyət daşımır. Belə avtomobil alıcıları eyni markaya aid avtomobilləri dəbə uyğun olaraq  yeniləyirlər. Məsələn, “Mercedes S Class” sürməyə alışan iş adamı artıq başqa markaya müraciət etmir, sadəcə eyni avtomobilin ən yeni modelini sifariş edirlər.

Ekspert əlavə edib ki,  sürücüsü olan belə avtomobil sahibləri daha çox “Mercedes S Class” modellərinə üstünlük verir. Dövlət məmurları  “BMW” markasına aid modelləri seçirlər. Avtomobili özü idarəetməyi sevən iş adamları isə  “Toyota Prado”, “Lexus LX 470” kimi hündür krossoverlərə maraq göstərirlər. E.Əliyev əlavə edib ki, 2017-ci ildə də biznesmenlərin avtomobil seçim şərtlərində hər hansı dəyişiklik olmayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir