mugenni

Bu il hansı mədəniyyət xadimlərini itirdik?

Baxış sayı: 601

Cari ilin bitməsinə saylı günlər qalıb. 2020-ci illə müqayisədə bu il ölkəmizdə xeyli sayda mədəniyyət hadisələri baş verdi. Təəssüf ki, itkilərimiz də az olmadı. Dünya mədəniyyəti, eləcə də Azərbaycan sənəti bir çox sənətkarlarını pandemiya dönəmində itirdi. Bunların bəzisi elə koronavirusdan, bəziləri isə digər səbəblərdən vəfat ediblər. Beləliklə,  2021-ci ildə vəfat edən mədəniyyət adamlarının adlarını təqdim edirik:

2021-ci ilin qədəm qoyduğu ilk günlərdə bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat etdi. Tanınmış bəstəkar 4 yanvar 2021-ci ildə ürək tutmasından dünyasını dəyişdi.

Fevral ayının 22-i isə Xalq artisti Yalçın Rzazadə üçün son gün oldu. Müğənni uzun sürən xəstəlikdən sonra vəfat etdi.

Tanınmış komediya aktyoru Ramiz Hüseynzadə də bu ilin əvvəlində – mart ayının 18-i vəfat etdi. Aktyor beyninə qan sızması nəticəsində dünyasını dəyişdi.

Aktyorun ölümündən 3 gün sonra onun adaşı və həmkarı olan Xalq artisti Ramiz Məmmədov dünyasının dəyişdi. Uzun illər Akademik Musiqili Teatrda çalışmış aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilirdi.

Rəmiş kimi tanıdığımız Rafiq Hüseynov 76 yaşında dünyayla sağollaşdı. Koronavirusa yoluxan gitara ifaçısı Bakı Sağlamlıq Mərkəzində müalicə alırdı. 76 yaşlı sənətçi 2021-ci il aprelin 5-də vəfat etdi.

Xalq artisti, rejissor Eldar Quliyev uzun sürən xəstəlikdən sonra aprel ayının 16-ı dünyasını dəyişdi. Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. Martın əvvəlində evə buraxılan sənətkarın səhhəti ağırlaşdığından bir müddət sonra özəl klinikaların birinə yerləşdirilmişdi.

Mahnıları dillər əzbəri olan, Əməkdar artist Baloğlan Əşrəfov da koronavirsun qurbanlarındandır. Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, bu diaqnozla 2007-ci ildə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, “Palmali” şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılmışdı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov Aprel ayının 26-ında 69 yaşında koronavirusun qurbanı oldu.

Sevilən müğənni Aslan İsmayılov may ayının 4-ündə vəfat etdi. Mərhum müğənni Bakı-Qazax yolunda idarə etdiyi avtomobillə “KamAZ” markalı yük maşının toqquşması nəticəsində həyatını itirdi.

Xalq şairi Fikrət Qoca mayın 5-də , 85 yaşında vəfat edib. Görkəmli şair fəxri Xiyabanda dəfn olunub.

arif quliyev

Müxtəlif obrazları ilə Azərbaycan tamaşaçılarının qəlbini fəht edən Xalq artisti Arif Quliyev mayın 7-də vəfat etdi. Dünyanı cənginə almış COVİD-19 sevimli aktyorumuzdan da yan kemədi. Bir müddət vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi “buzlaşmışdı”. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

Həmin gün – may ayının 7-i Azərbaycanın Xalq şairi Musa Yaqub da uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat etdi.

Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov da Türkiyədə koronavirusdan vəfat edib. Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.

Rəssam Tahir Salahov 20 may 2021-ci ildə Almaniyanın paytaxtında müalicə olunduğu ağciyər iltihabından vəfat edib. 92 yaşında vəfat edən rəssam Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın Əməkdar artisti, müğənni Zöhrə Abdullayeva may ayının 28-də vəfat etdi.

İyun ayının 9-u Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. 72 yaşlı Xalq artisti bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun qızı da koronavirus diaqnozu ilə xəstəxanada müalicə alırdı. Xatırladaq ki, bir neçə il öncə Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. R.Əzizbəylinin digər ayağında bənzər riskin yaranmaması üçün onun yenidən əməliyyat oluna biləcəyi söylənilmişdi.

Ramiz Ezizbeyli

Sağlığında “Toylar kralı” adı ilə tanınan Xalq artisti Səməd Səmədov 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olan müğənni koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya səbəbindən vəfat edib. Bütün səylərə baxmayaraq, iyulun 24-ü COVID-19 ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.

“Ayrılq”la məşhurlaşan müğənni Yaqub Zurufçu bu il sentyabrın 14-də bu dünyadan ayrılıb. Həm ABŞ-nın, həm də Azərbaycanın vətəndaşı olan sənətçi koronovirusa yoluxaraq, müalicə üçün “Yeni klinika”ya yerləşdirilib. Süni nəfəs aparatına qoşulan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev sentyabrın 20-də İsraildə müalicə aldığı xəstəxanada vəfat edib.

Müğənni Səyyad Əlizadə də COVID-19 virusuna yoluxan və sağala bilməyən sənətçilərdəndir. Müğənninin vəziyyətinin dəfələrlə yaxşılaşması məlumatları gəlsə də, EKMO cihazına qoşulsa da, müğənni sentyabrın 30-da virusa məğlub olub.

Oktyabrın 8-i Xalq artisti, rejissor Ağakişi Kazımov 86 yaşında dünyasını dəyişib.

caneli Ekberov

Xalq artisti Canəli Əkbərov oktyabrın 22-də vəfat etdi. Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi.

Oktyabr ayının 20-i tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu da koronavirusdan dünyasını dəyişib.

Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov da koronavirsun qurbanları sırasındadır. Edilən müdaxilələrə baxmayaraq, sevimli aktyorun həyatını xilas etmək mümükün olmayıb.

Allah rəhmət eləsin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir