saclar

Bu il hansı saçlar dəbdə olacaq? – Xanımların diqqətinə

Baxış sayı: 1. 631

İnsanın ümumi görünüşdə saçlar diqqət çəkən başlıca ünsürlərdəndir. Sözsüz ki, geyimi qədər ən azı saç rəngi və düzümü baxımından da dəblə ayaqlaşan xanımlar az deyil. Bəs bu ilin dəbi nədir?

Saç ustası Kifayət Qədimova Aile.lent.az-a 2016-cı ilin trendi olacaq saç düzümləri və rənglərindən danışıb. Usta bu il qızılı, qırmızı tonlar, şokolad rənglərin dəbdə olduğunu deyir. Xanımların artıq çox açıq saç rənglərindən uzaq durmaları məsləhətdir. 2016-cı ildə açıq rəngli saçlar aktuallığını itirib. Kül rəngi və onun tonları, sarı tonlar, sırf sarı kimi açıq rənglər artıq dəbdə deyil: “Qarabuğdayı xanımlar qızılı, şokolad saç rənglərinin tonlarından istifadə etsələr, yaxşı olar. Ağbəniz xanımlara isə nisbətən qızılının açığı və həmçinin dəbdə olan saç rənglərinin açıq və tünd rəngləri də yaraşır. Bu baxımdan ağbəniz xanımlar daha şanslıdırlar”.

Sözsüz ki, təkcə rəng dəbli saçın göstəricisi deyil. Saçın düzümü də əsas şərtdir. Saç ustası bu il əsasən qısa saçların dəbdə olacağını bildirdi: “Lakin hər bir halda kimə nə yaraşırsa, dəb odur. Kimin üzünə hansı saç düzümü yaraşırsa, o cür kəsdirməli və ya forma verdirməlidir. Qısa boy xanımlara çox uzun saç saxlamaq məsləhət deyil. Qısa saçlı olsalar, bu, onların boyunu vizual olaraq hündür göstərəcək. Boyu nisbətən hündür olan xanımlarsa uzun saçlarına rahatlıqla qulluq edə bilərlər”.

Saç düzümlərinə gəldikdə isə, bu il hörüklər yenə də aktuallığını qoruyub saxlayır. Kifayət Qədimova bildirir ki, hörüklərin dəbi, ili  yoxdur: “Hörüklər həm sıx, həm də boş formada ola bilər. Hörüklərin çox sayda forması var. Xanımlar bu formalar arasında istədiklərindən yararlana bilərlər. Ümumiyyətlə isə, hazırda saç düzümündə təbiiliyə üstünlük verilir. Lakdan, “naços”dan çox istifadə olunmur. Hətta gəlinlər üçün də artıq sıx, toppuz, laklı, bərk saç düzümləri istifadə edilmir. Bu ilin dəbləri boş, təbii, laksız saçlardır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir