Bu ilin yaz-yay geyimləri necə olacaq?

Baxış sayı: 2. 326

Bir çoxları üçün moda həddən ziyadə maraqlıdır, hətta deyərdim ki, əksər xanımlar üçün moda həyatın mənasıdır. Moda kimisi üçün sadəcə maraqdırsa, kimisi üçünsə zərurətdir. Bəzi xanımlar modanı həyatlarının bir çox sferaları üzərində zövqün Allahı zənn edir, bəziləri isə modanı mədəniyyətin daha bir qolu, forması sayır.

Artıq isti yaz günlərini yaşayırıq. Hər fəsil dəyişikliyi dəblə geyinməyi sevənlər, illah da xanımlar üçün özü ilə bir sualı da gətirir: bu mövsüm hansı rənglərin, hansı üslubların diktəsi altında keçəcək? Görəsən yaz-yay fəslində nələr dəbdə olacaq?

Biz də xanımların bu istəyini nəzərə alıb, kiçik bir araşdırma apardıq. Araşdırmamız zamanı məlum oldu ki, builki yaz-yay geyim kolleksiyasında dominant rənglərə uyğun olaraq paytaxtımızın geyim mağazaları indidən al qırmızı, zoğalı rəngə bürünüb. Mövsümün trend rənglərindən biri olan zümrüd yaşılı və onun tonları demək olar ki, 2013-cü ildən bəri aktualdır. Bu rəng hələ də öz aktuallığını qoruyub saxlayıb. Hətta moda mütəxəssisləri hesab edir ki, bu rəngin dominantlığı cari mövsümdə də qalacaq. Onlar düşünür ki, xaki rəngini də yenidən “militar” stilində olan geyimlərdə daha çox görəcəyik.

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova 2016-cı ilin modası haqqında mətbuata danışarkən demişdi ki, əsas tendensiya romantik üslublar, avanqard ideyalardır. Belə ki, ilin bahar-yay mövsümü üçün çox gözəl rəng palitrası təqdim olunur: “Onların arasında təbii ki, açıq-çəhrayı, qızılgül rəngləri çox aktual olacaq. Zümrüd rəngləri, dəniz dalğası, ümumiyyətlə, bu cür əlvan rənglər müşahidə olunacaq. Stillərə gəldikdə isə, geyimə yeni bir baxış müşahidə olunacaq. Geyimlər daha sərbəst biçimli, daha azad ruhlu və avanqard olacaq. Amma təbii ki, klassikaya da müraciət olunacaq. Klassik cizgilər hər zaman sevilən geyim istiqamətidir. Amma yeni mövsümdə bu cür düz xətlər o qədər də ciddi olmayacaq. Sadaladığım bu stillər təkcə gənclər üçün deyil, hər yaşa aid olduğu üçün geyimlərdə dəyişikliklər müşahidə ediləcək. Geyimdə bir neçə parçanın sintezi, kontras rənglər üzərində qurulan kombinasiyalı rənglər dəbdə olacaq. Çox incə şifon parçalar ilə daha sərt dərinin kombinasiyası mümkündür Dizaynerlar çalışıblar ki, son kolleksiyalarında qeyri-adilikləri göstərsinlər. Təbii ki, bu da geyimi daha çox maraqlı və orijinal edir. Orijinal fərdi və fərqli görünmək üçün 2016-cı ilin bahar-yay dəbi bütün fürsətləri özündə ehtiva edir. Amma klassikanı da bəyənən insanlar təbii ki, öz zövqləri üçün maraqlı geyimlər tapa biləcəklər”.

F.Xəlilova qeyd etmişdi ki, xanımlar keçən ildən qalan geyimləri ləğv etməməlidir: “Yeni tendensiya və mövsüm gələndə, keçən ildən qalan sevdiyimiz geyimləri ləğv etməməliyik. Sadəcə olaraq, onlara yeni bir nəfəs vermək lazımdır. Bu işdə bir az yaradıcı olmaq kifayətdir. Geyimlərinizə yeni bir nəfəs vermək istəyirsinizsə, aksessuar və ya hər hansı bir elementdən istifadə edə bilərsiniz. Hətta qarderobunuzda olan geyimləri qarışdıraraq da, bunu əldə etmək olar. Ona görə də moda jurnalları, moda kanalları, fotolar, eləcə də müsahibələri izləmək lazımdır”.

Modelyer Leyla Əliyeva bizimlə söhbətində xanımlarımızı baxımsızlıqda günahlandırdı və bildirdi ki, Azərbaycanda çox az sayda dəblə geyinən xanımlar var. İlin rənglərindən və dəbindən danışan modelyer deyir ki, yazın rəngi mavi və onun tonlarından ibarət olacaq. Xüsusilə də elektrik mavisi xanımların sevimli rənginə çevriləcək: “Ümumiyyətlə, isti hava şəraitində parlaq rənglərdən istifadə etmək daha məqsədəuyğundur. Bir neçə ildir ki, sarı rəng dəbdən düşmüşdü. Lakin bu il yenidən dəbə minir. Bu rəng ən çox ofis stilində işlənəcək. Qırmızı və bənövşəyi çalarlar da həmişə dəbdə olan rənglər hesab edilib. Onlar bu yay da öz hegemonluğunu qoruyub saxlayacaq. Bu rənglərdən əsasən xırda güllü və saya parçalarda istifadə olunacaq. Hər mövsümdə yaz və yay rəngi hesab olunan ağ rəng isə özünü bu il qısa donlarda və ətəklərdə daha çox göstərəcək. Bu ilin yaz geyimləri 1970-ci illərin hippi üslubunda olacaq. Bu üslub onu sevən xanımların geyimlərinə rəngarənglik, rahatlıq, təbii materiallar (ipək, pambıq), müxtəlif uzunluqda olan ətəklər, asimmetrik kəsimlər və naxışlar gətirəcək”.

O ki qaldı geyimlərə, Leyla Əliyeva deyir ki, dəblə geyinməyi sevən xanımlarımız gündəlik geyimlərində daha çox rəngarəng, saya, xırda güllü, uzun donlara, habelə enli şalvarlara üstünlük verəcəklər: “Xanımların xüsusi diqqətlə seçdiyi ziyafət geyimlərində əsas obraz romantik obrazdır. Heç bir xanım maksi-şifon, midi-güpr, müxtəlif muncuq və biserlə bəzədilmiş şəffaf parçalardan hazırlanan donlara laqeyd qala bilməyəcək. Bu geyimlərdə zoğalı, yaşıl və ya yaşıl çalarlı, qırmızı, qızılı, gümüşü rənglər üstünlük təşkil edəcək. Onu da qeyd edim ki, hər mövsümün dəbini bu sahədə söz sahibi olan və dünya miqyasında tanınan məşhur dizaynerlerin həmin il üçün geyim kolleksiyaları müəyyənləşdirir”.

Tanınmış stilist Samir Əliyev (Samiraldo) qəzetimizə açıqlamasında bildirdi ki, hər mövsümdə olduğu kimi, bu mövsümdə də güllü geyimlər, elementlər, yaylıqlar, şallar daha çox dəbdə olacaq: “Qeyd edim ki, bu il dünyanın tanınmış dizaynerləri Azərbaycanın buta elementləri əks olunmuş yaylıqlar istehsal edir. Onların içərisində gül elementləri yer alıb. Gül insanın əhvalını qaldırır. İnsanların geyimlərində, aksesuarlarında nə qədər gül olarsa, onların ab-havaları dəyişər və onlar dəbli görünərlər. Bütün dünya modelyerləri də bundan istifadə edirlər. İstənilən geyimdə mütləq şəkildə gül elementi olmalıdır. İlin brend rənginə gəlincə isə, hesab edirəm ki, qırmızı və narıncı rənglərdir. Qırmızının arasında mütləq şəkildə yaşıl və göy rəng yer almalıdır. Hər il xanımlar geyim seçərkən ayaqqabı, ya kəmər, ya da çantaya uyğun gəlməlidir – deyə düşünürdülər. Bu il isə tam əksinə olacaq. Geyimlər digər aksesuarlarla uyğun gəlməyəcək. Belə ki, ayaqqabı, çanta, aksesuarlar tamam başqa rənglərdə ola bilər. Uyğun gəlməyən rənglər bu il çox dəbdədir. Qıcıqlandıran rənglər dəbdə olacaq. Belə ki, narınc, sarı rənglər dəbdə olacaq. Hətta rəngli saç modelləri də bu ilin rəngi olacaq. Hər bir dizaynerin işinə çox hörmətlə yanaşıram. Əgər dizaynerlər bunu belə görüblərsə, bizim də işimiz onu insanlara çatdırmaqdır. Dəb elə bir şeydir ki, əgər bu il bu rəng və geyimlər dəbdədirsə, gələn il dəbdə olmaya bilər. Bu ilin dəbini gələn il edirsənsə, bu artıq gülməli görünür”.

Modelyer deyir ki, Azərbaycan xanımları komplekslidir. Onlar nə qədər kök olsalar da, bunu gizlətməyə çalışmırlar: “Dizaynerlər isə geyimləri arıq xanımlar üçün nəzərdə tutublar. İndi yavaş-yavaş qidalarına fikir verməyə başlayıblar. Qadınlarımız dietalardan istifadə etməli, qidaya, idmana fikir verməlidirlər ki, rejimdə olsunlar. Belə olmasa, onlar kənardan çox pis görünürlər. Çox zaman cəmiyyət içinə çıxanda görürəm ki, kök xanımların bədənində artıq ətlər var. Onlar bunu gizlətməyə çalışmaqdansa, bunu daha da qabarıq insanlara göstərirlər. Yəni ki, baxın, mən ətli qadınam. Əgər sənin artıq kilon varsa, heç cür onu əridə bilmirsənsə, geyimlə gizlədə bilərsən”.

Samiraldo deyir ki, brend mağazalarına hər mövsüm yeni geyimlər gəlir və onların hamısı da gələn kimi alınır: “Bahalı, dəbli geyim almaqla deyil, onu düzgün şəkildə istifadə etmək lazımdır. Brend geyinmək dəbli olmaq deyil. O geyimin saç düzümü, aksesuarları olmalıdır. Misal üçün, brend geyimlərlə heç zaman qızıl taxmaq olmaz. Brend geyim o qədər bahalıdır ki, mütləq şəkildə onu aksesuarlarla geyinmək lazımdır. Xanımlarımız toya gedəndə görürəm ki, çox bahalı geyimlər geyinsələr də, çalışırlar ki, öz qızıl, brilyantlarını göstərsinlər. Lazım gəlsəydi, dizaynerlər o geyimləri qızıllarla səhnəyə çıxarardı. Əgər sən bu geyimi Fashion-da görüb bəyənmisənsə, onun saç düzümünə, aksesuarlarına, makiyaja diqqət etməlisən. Aksesuarlarla, makiyajla həmin brendi məhv edirlər. Hərdən deyirəm ki, dizaynerlərin geyimlərini zövqsüz xanımların üzərində görəndə onu icad edənlərin goru çatlayır. Makiyajı çox edəndə bütün diqqət simada olur, geyim olur heç nə. Ümumiyyətlə, xanımlarımız həddən ziyadə kosmetikadan istifadə edirlər. İndi 18-19 yaşlı qızlar o qədər kosmetika istifadə edirlər ki, kənardan 50 yaşlı xanımlara oxşayırlar. Kosmetika nə üçündür? Yaşlı qadınlarda üz cizgilərinin qırışlarını örtmək üçün. Bizdə isə bir çoxları istəyirlər özlərini Madonnaya, Cenifer Lopezə oxşatsınlar. Anlaya bilmirlər ki, onlar səhnə adamlarıdır, onların üzündəki makiyaj deyil, qrimdir. Həm də onların 50-dən çox yaşları var. Qızlarımız özlərini böyütməyə meyillidirlər”.

Türk moda mütəxəssisləri isə hesab edir ki, əgər 2016-cı ildə romantikanın öldüyünü hesab edirsinizsə, yanılırsınız. Dizaynerlər yekdilliklə 2016-cı ilin yaz-yay kolleksiyasında podiumda şifon don, köynək, lələk və büzmələr, pastel çalarlarını nümayiş etdiriblər. Belə ki, “Valentino”, “Roberto Cavalli”, “Alexander Mcqueen”, “Balenciaga”, o cümlədən “Blumarine” kimi moda evlərinin hazırladığı kolleksiyalar bu sözləri deməyə bizə zəmin yaradır. Türk moda mütəxəssisləri düşünür ki, həndəsi fiqurlar ötən il dəbdə olduğu kimi, bu il də öz hakimiyyətini davam etdirmək niyyətindədir. Dizaynerlərin bir çoxu yay kolleksiyalarında həndəsi naxışların əks olunduğu geyimlər təklif edirlər. Bu tendensiya “Salvatore Ferragamo”, “Missoni”, “Prada”, “Tommy Hilfiger”, “Dolce & Gabbana” kimi brendlərin kolleksiyalarında yaranıb. Bəzi dizaynerlər göy qurşağının bütün klassik rənglərini seçib, digərləri isə bir neçə rəngi bir geyimə səpələmək qərarına gələrək ilin dəbini belə təsvir ediblər.

Sonda qeyd etmək istəyirəm ki, dəbdə ən başlıcası obraz, yəni sizin özünüzsünüz! Geyim insanın daxili aləmini əks etdirir. Modanın ardınca qaçanda isə bəzilərimiz bunu unuduruq və buna görə də bəzən bayağı, şit görünüş alırıq. Zövqlə geyinmək böyük məharətdir. Unutmayaq ki, moda sadəcə olaraq bir yöndür, hansı ki bizə seçim hüququ verir. Biz modanı izləyərək, eyni zamanda, həmişə özümüz olaraq qalmalıyıq. Məhz bu halda biz həqiqətən də gözəl və təkrarolunmaz olacağıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir