armud

Bu meyvə həzmi, ürək ritmini, sidik kisəsini… gücləndirir

Baxış sayı: 1. 758

Gülçiçəklilər fəsiləsinə aid olan armud çoxumuzun sevimli meyvəsidir. Lakin gəlin qəbul edək ki, dadının nə qədər vurğunu olsaq da, onun faydalarından xəbərsizik. Sulu və şirin meyvə olan armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımdan olduqca zəngin bir meyvədir. Bu faydalı meyvə Şərqi Avropadan Qərbi Asiyaya qədər yayılmışdır. Armudun əla növləri vətənimizdə də yetişir. Şirin armud susuzluğu yatırdır, həzm üçün əhəmiyyətlidir, qəbizlik vaxtı məsləhət edilir, ürək ritminin pozulmasında və sidik kisəsi iltihabında faydalıdır. Həmçinin, armud bəzi göbələk zəhərlərinin təsirini zəiflədir. Turş armud isə əksinə, bağırsağı bərkidir, ödqovucudur, qızdırma zamanı xeyirlidir. 9 q armud tumu bağırsaqda qurdları öldürür.
Onu da qeyd edək ki, armud ağacının çiçəyi ürəyi möhkəmlədir, hal-əhvalı yaxşılaşdırır, qanaxma və ishalın qabağını alır. Armud ağacının güllərini sürtgəcdən keçirərək, iltihablı göz şişində qoyurlar. Armud yarpaqları ishal zamanı istifadə edilir, əgər onları dərinin üzərinə qoysalar, mövcud yaranı sağaldar. Armud ağacının gülündən tutiyə (qara göz boyası) hazırlayırlar. Armud ağacının qətranı güclü irin çıxardan vasitə kimi məlumdur. Cır armud ağacının tozu yaranı əla sağaldır. Mütəfəkkir İbn Sina yazır: «Cır armud kolit, öd ishalında, göbələklə zəhərlənmədə faydalıdır». Xalq təbabətində armud mürəbbəsi və bişmiş armud güclü öskürəkdə, təngnəfəslikdə, ağ ciyər vərəmində xeyirlidir, quru armud həlimi isə sidikqovucu və bərkidici vasitə kimi istifadə edilir. Həlimi hazırlamaq üçün 1 stəkan xırdalanmış armud götürürlər, üzərinə 0,5 litr su tökürlər və 15 dəqiqə qaynadırlar. Sonra bir qədər saxladıqdan sonra acqarına gündə 4 dəfə yarım stəkan içirlər.
Yetişmiş armud çox sulu və şirin olduğu üçün böyrək və mədə-bağırsaq xəstəliklərində xeyirlidir. Xüsusilə, orqanizmə şirə ilə daxil olan xeyirli maddələr daha tez mənimsənilir. Armudun tərkibində olan balanslaşdırılmış mineral elementləri orqanizmdən ağır metalların çıxarılmasına kömək edir. Armud qan və hüceyrə artıran, C vitamini ilə, immun sistemini möhkəmlətməkdə vacib sayılan foli turşusu ilə zəngindir. Orta böyüklükdə olan 1 armudun tərkibində 100 k kalori enerji mövcuddur. Armudun uşaq qidasının tərkibinə daxil olması məsləhətdir. Təzə meyvəni avqustdan noyabr ayına qədər satırlar. Bu gün Bakı bazarlarında armudun qiyməti 1 manatla 1 manat 50 qəpik arasında dəyişir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir