Nigar Semedova

Bu müalicəni hansı saatda etməyin fərqi var – MÜSAHİBƏ

Baxış sayı: 408

Pandemiya dövründə Harvard Universitetində akupunkturla müalicənin koronavirusla mübarizədə təsirləri ilə bağlı siçanlar üzərində araşdırma aparılmışdı. Araşdırma akupunkturla müalicə edilən siçanların bu üsulla müalicə olunmayan siçanlarla müqayisədə həyatda qalma şansının 3 dəfə çox olduğunu ortaya qoydu.

Pandemiyanın yeni yayıldığı zamanlarda da xəbərlər oxuyurduq ki, Çində virusa yoluxmuş şəxslərin müalicə prosesini sürətləndirmək, orqanizmin immun sistemini gücləndirmək məqsədilə akupunktur müalicəsi geniş tətbiq edilir.

“Şərq təbabətinin möcüzəsi” adlandırılan bu müalicə növü Çində geniş yayılıb və insanların ona inamı da artıq qədim bir tarixə söykənir. Çin xalq təbabətinin əsas tərkib hissələrindən olan akupunktur zamanla dünya ölkələrinə də yayılıb. Azərbaycana da həmçinin. Ölkəmizdə o qədər geniş yayıldığını demək olmaz, amma tətbiq edilir, az sayda da olsa, mütəxəssislər var. Onlardan biri də Çin tibbi və təbabəti üzrə mütəxəssis, akupunkturist, refleksoloq, fitoterapevt Nigar Səmədovadır. Nigar xanımla görüşüb bu müalicə metodu haqqında danışdıq.

Qeyd edək ki, N.Səmədova bu sahə üzrə təhsilini akupunkturun vətənində – Çində alıb. Çin Tibb Nankin Universitetində ənənəvi Çin təbabəti üzrə bakalavr, akupunktur və masaj üzrə magistr təhsili alıb. Çində Nankin Qırmızı Xaç Xəstəxanası, Ənənəvi Çin Tibb Nankin Xəstəxanası, Ənənəvi Çin Tibb Jiangsu Əyalət Xəstəxanası, Xianlin İctimai Səhiyyə Mərkəzində çalışıb.

– Nigar xanım, ilk olaraq akupunkturla müalicənin necə aparılmasından danışaq.
– İnsan bədənində 14 meridian var. Bu meridianlar başdan barmaq uclarına qədər bütün orqanları, sinir sistemini əhatə edir. Meridianlar Qi enerjisinin bədən daxilində hərəkəti üçün yollardır. Şərq təbabəti həkimləri hesab edirlər ki, insan o zaman sağlam olur ki, enerji meridianlardan sərbəst keçsin və bərabər paylansın. Enerjinin durğunluğu, onun yatırılması soyuqdəymə, artıqlığı isə istilik xəstəliklərinə səbəb olur. Meridianlara uyğun olan nöqtələrə iynələr batırılmaqla akupunktur müalicəsi aparılır.

700-800 müalicəvi nöqtə

– Akupunkturun hansı növləri var?
– Yalnız iynə ilə olan akupunktur var. Bu zaman müalicəvi nöqtələrə iynə yerləşdirilir. Yanaşı təbii vasitələrlə müqavilə gedə bilir. Bundan başqa, elektrik akupunkturu var. Burda müəyyən nöqtələrə iynələr yerləşdiririk. Bu iynələrə aparat vasitəsilə elektrik verilməklə müalicə edilir. Bu zaman pasiyent iynə batırılması, yaxud bədəndə qarışqa gəzməsi kimi hiss edə bilər. Yaxud led akupunktur var. Onun da gözəl müalicəvi təsiri var. Xüsusi qırmızı işıqdır. Onu tək də istifadə edə bilərik. Amma iynə ilə istifadə edəndə, iynə qızır, şüa və istilik nöqtələr vasitəsilə bədənə daxil olur. Moksa terapiya var. 15-16 say bitki toplanır, illərlə qaranlıq bir yerdə saxlanır. Terapiya zamanı yandırılır və yaranan istilik və buxar əzələlərə, sümüyə, lazım olan nöqtələrə gedir. Profilaktik məqsədlədirsə, tək iynələrlə də müalicə gedə bilir. Ancaq hansısa problemin müalicəsi üçündürsə, yanaşı olaraq bitki və heyvan mənşəli təbii dərman vasitələri də qəbul edilir.

– Bədənimizdə müalicəvi nöqtə sayı nə qədərdir?
– Kitabda 400 nöqtə olduğu yazılıb, amma normalda 700-800 nöqtə var. Çünki zamanla bu sahə də yenilənir, yeni nöqtələr kəşf edilir. Nöqtələri düzgün istifadə etmək lazımdır ki, təsiri olsun. Yəni xəstəliklərə görə işlədiyimiz nöqtələr dəyişir.

– Nöqtələrə iynə batırmaqla müalicə deyəndə, adam istər-istəməz düşünür ki, iynə birdən həmin nöqtəyə düşməzsə, nə olar?
– Nöqtəyə düşmək çox vacibdir. Birincisi, elə bir yanlış nöqtəyə toxunular ki, insan iflic ola bilər. İkincisi, bəzən həkim səhv düşər, bu səndə problem yaradacaq bir səhv olmaz. Yəni əzələ boşluğuna düşər, ağrı da verməz, ancaq müalicəvi təsiri də olmayacaq.

– Yəni həm fayda görmək, həm də sağlamlığımızı təhlükəyə atmamaq üçün bunu istifadə ediriksə, ciddi araşdırmalıyıq…
– Çox-çox məsuliyyətli işdir. Daxili orqanlarla bağlı tətbiq ediriksə, sinə hissəsində, kürəkdən iynələr tətbiq edirik. Daxili orqanlar üçün olan iynələr nisbətən uzun olur. Əgər yanlış edilərsə, daxili orqanları da zədələyə bilərik. Məsələn, qlaukoma, katarakta kimi göz xəstəliklərində akupunktur müalicəsi istifadə edilir. Səhv edilsə, göz ümumiyyətlə görməyə bilər. Göz, qulaq akupunkturunda mikro iynələr istifadə edilir.
Buna görə bu sahəni seçən adam yaxşı təhsil almalı, işini dəqiq bilməlidir. Azərbaycanda 3-6 aylıq, 1 illik akupuntkur kursları var. Bu, çox təhlükəli haldır. Bu sahədə çalışmaq üçün uzun illər təhsil almaq lazımdır. Çində yarım il, bir il üçün gəlib öyrənmək istəyənlər olurdu. Həkim deyirdi ki, siz o müddətə heç nə öyrənə bilməyəcəksiniz. Maksimum nöqtələri yadda saxlayacaqsınız. Amma bu sahənin tam mahiyyətini bilmək, iynəni, nöqtələri hiss etmək, yanaşı gediləcək müalicə və s. dərindir, ciddi təhsil almalısan. Hansı mütəxəssisə müraciət edəcəksinizsə, təhsilinə fikir verin.

İynə doğru nöqtədə deyilsə…

– Pasiyent necə müəyyənləşdirə bilər ki, iynələr doğru nöqtədədir, yoxsa yox?
– Mütəxəssis edərsə, akupunktur ağrılı prosedur deyil. İynə batırılanda, cüzi ağrı ola bilər. Amma güclü ağrıdan söhbət getmir. Baş nahiyəsində ümumiyyətlə, ağrı hiss edilmir. Əl-ayaqda sinirlərin sayı çox olduğu üçün orada müəyyən qədər hiss edilə bilər. İflic səviyyəsində olacaq halda isə ağrı lap pis olur. Həm də iki dəfədən sonra adam faydasının olub-olmadığını hiss etməlidir. Əgər faydasını hiss etmirsə, deməli, müalicə onun probleminə lazım olan nöqtələrlə getmir, ya da səhv nöqtələrə düşülür.

– İynələrdən, materiallarından danışaq.
– İynələrin ölçüsü millimetrlərdən başlamış neçə santimetrə qədər olur. Qalınlıqları da fərqli olur. Material olaraq yanaşsaq, 3 növ olur. Polad, qızıl və gümüş iynələr. Qızıl və gümüş daha bahalıdır. Bunlar bədənə daxil olanda, bədənə qızıl, gümüş lazımdırsa, onu da təmin edir.

– Biz elə filmlərdə də bu müalicəni daha çox yuxarı təbəqələrin istifadə etdiyini görürük…
– Aşağı təbəqə bu müalicədən yararlana bilmir. Dünyanın hər yerində belədir. Qiymətlər başqa müalicələrə görə daha baha olur.

– Bir dəfəyə bədənə nə qədər iynə yerləşdirilə bilər?
– 10-12-dən tutmuş 40-50-yə qədər. Xəstəliklərin müalicəsindən söhbət gedirsə, bu qədər bəs edir. Amma təyinatından asılı olaraq daha çox da istifadə edilə bilər. Çində doğuş zamanı ağrını kəsmək üçün sırf akupunktur istifadə edilməsi təcrübəsi var. Bunu da yüksək təbəqə insanlar etdirirlər. Çünki bahalı prosedurdur. Cərrahiyyədə də ağrıkəsici kimi istifadə olunur. Bu zaman daha çox iynə tətbiq edilə bilinir. Pasiyent var idi, üstündə 200 iynə olardı. Sırf keyidici kimi istifadə edilmişdi. Anesteziya iynəsi vurulmur, ağrının qarşısı bu cür alınır. Mən onu etmirəm, amma Çində bunu edənlər var.

– Niyə etmirsiniz?
– Biz düşünürük ki, akupunktur bir sahədir. Amma Çində bu sahədə ixtisaslaşma var. Endokrinoloji, ginekoloji, cərrahi, dermatoloji, kosmetoloji və s. akupunktur üzrə ixtisaslaşmalar var.

Müalicəvi və ağrıkəsici təsiri

– Hansı xəstəliklərin müalicəsində tətbiq edilir, hansılarda yox?
– Çox sayda xəstəliklərdə tətbiq olunur. Həm kişi, həm qadın problemlərində müalicəvi təsiri var. Prostat problemləri, hemaroid, babasil, qadınlarda xoşxassəli şişlər, baş ağrıları, onurğa sütunundakı problemlər, ağrılı menstruasiyalar, sidik qaçırma, varikoz, limfalar və s. hamısı daxildir. Hamilə qadınlara bədənə akupunktur tətbiq edilmir, üzdə ola bilər. Menstruasiya vaxtı olmaz. Dəri xəstəlikləri olanlara, xərçəng xəstələrinə də müalicəvi təsir göstərmir. Xərçəng, AİDS xəstələrində ağrını götürmək üçün yaxşı təsiri olur. Bahalı ağrıkəsicilərə baxanda, akupunturun qiyməti aşağıdır və daha effektlidir. Mən ümumiyyətlə bahalı dərmanlara, əməliyyatlara qarşıyam. Vaxtında həkimə müraciət edilərsə, demək olar ki, bütün xəstəliklər müalicə olunur. Bizdə bəzən kiçik həcmli yırtıqlarda, mioma, fibroma, mastopatiyada da əməliyyata yönəldilir. Amma Çin tibbi ilə bunları müalicə etmək mümkündür. Tək akupunktur deyil, müalicəvi nöqtəvi masajlar, hicama daxildir.

– İlkin müayinə zamanı pasiyentdən nələri öyrənirsiniz?
– Gəldiyində pasiyenti müayinə edirik, problemlərini öyrənirik. Ona uyğun analizlər, aparat müayinələri istəyə bilərik. Pasiyentlərdən hepatitlər, siflis, AİDS analizlərini də istəyirik. Diaqnostikadan sonra edəcəyimiz müalicəni seçirik. Hansı növ, neçə kursa olacağını, hansı saatlarda edəcəyimizi müəyyənləşdiririk.

– Saatın belə fərqi var?
– Hansı meridianda problem varsa, onun əhatə etdiyi orqanda, sinir sistemində xəstəlik yaranır. Biz müalicəni meridianlar üzərindəki nöqtələrə əsasən aparırıq. Bu meridianların da saatları var. Problem hansı meridianla bağlıdırsa, onun saatına uyğun edilməsi daha yaxşıdır. Normalda səhər və günorta vaxtlarına düşür. Ancaq hər kəsin bir rejimi var, işdən imkan etdiyi zamana salırlar. Gün ərzində də edə bilərsən.

– Cərrahi əməliyyatlarda ağrıkəsici effektindən danışdıq. Müalicə olaraq yanaşaq. Xəstə ağrı ilə gəlir. Bu ağrını nə qədər vaxta götürür?
– Çin tibbinin – eləcə də akupunkturun bir tərəfi odur ki, tez bir zamanda effekt göstərmir. Biz öyrəşmişik ki, dərman içək, bir müddət ağrı olmasın. Halbuki o dərman müalicə etmir, ağrını bir müddətlik bloklayır. Amma içdiyimiz dərman ətraf orqanlara zərər vurur, sinir sistemini sıradan çıxarır. Biz akupunkturla müalicəyə başlayırıq, ağrını tez bir zamanda götürə də bilər, götürməyə də. Bu, bədənə, problemə bağlıdır. Əzələ, boğaz, baş ağrısıdırsa, tez bir zamanda götürür. Ancaq daxili orqanlarla, onurğa ilə bağlı problemlər daha uzun zaman tələb edir. Ağır, psixotrop dərmanlar yazılan xəstələri birbaşa dərmandan ayıra bilmirik. Zamanla müalicə gedir, dərmanları da zamanla azaldırıq. Yavaş-yavaş ot tərkibli dərmanlarla bədəndən çıxarırıq.

“Yeni nəslin botoksu”

– Çində immuniteti qaldırmaq üçün akupunkturdan çox istifadə edilir. 
– Akupunktur immuniteti qaldırır, tez-tez qrip olmursan, soyuqlamırsan. Orqanizm xəstəliklər qarşısında daha güclü olur. Akupunkturda bir kurs müalicə 15 seansdır. Çində insanlar ildə iki dəfə bir kurs akupunktur müalicəsi alırlar. Akupunktura müraciət edənlərin çoxu məhz elə profilaktik məqsədlidir. Gəlirlər ki, xəstələnməsinlər. Çünki əhali çoxdur, rəqabət yüksəkdir. Hamı işləməlidir. Xəstələnməyə vaxtları yoxdur.
Eyni zamanda akupunktur psixoloji durumu rahatlaşdırır. Bizdə insanlar çox gərgindir. Uşaqlardan tutmuş qocalara kimi. Bu, olmamalıdır.

– Profilaktik məqsədli bir kurs müalicə kifayət edir. Bəs xəstəlikləri müalicə etmək üçün neçə kurs lazım olur?
– Xəstəlik müalicə edilirsə, problemə görə kurs sayı dəyişir. Uşaq serebral iflicində minimum 6 aydır, amma 2 ilə kimi çəkir.

– Kosmetologiyada da tətbiqi var. Nə kimi təsir göstərir?
– Akupunktur yeni nəslin botoksu sayılır. Heç bir əks göstərişi yoxdur. Qalıcılığı botoksdan da uzundur. Yanaşı olaraq masaj və hicama da ola bilər. Qırışları götürür, kollagen ifraz edilir, liftinq olur. Təbii ki, vaxtında edilirsə.

– Hətta arıqlamağa da köməklik edir…
– Bəli. Bunun üçün ilk olaraq pasiyentin köklük səbəbini tapırıq. Əgər köklüyə səbəb olan sağlamlıq problemi varsa, təbii ki, onu həll etmək lazımdır. Amma elə problem yoxdursa, müalicəyə gedirik və çəki itirmək üçün gözəl təsir göstərir. Ümumi çəki ilə yanaşı, hissəvi piyləri də əritmək üçün yaxşıdır. Eyni zamanda həmin hissə masaj da edilir. Burda diqqət ediləcək məsələ axşam 8-9-dan sonra heç nə yeməməkdir.

– Uşaqlara iynə vurmaq həmişə problem olur. Bəs akupunkturu uşaqlara necə tətbiq edirsiniz?
– 5 yaşından etibarən uşaqlara etmək olar. Uşaqlara ən nazik, ən qısa iynələr istifadə edilir. Maksimum 10 iynə olur. Təbii ki, uşaq ağlayır, valideynlərin köməkliyi ilə edirik.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir