Ramin haciyev

“Bu sualı bir neçə ay bundan öncə versəydiniz…”

Baxış sayı: 970

Yeni mövsümdə yeni seriallar qonağımız olacaq. Artıq tamaşaçılar öyrəşdiyimiz, alışdığımız serialların bir çoxu ilə vidalaşıb. Televiziyaların yaradıcı heyətində yeni layihələr təsdiqlənib və artıq hazırlıqlara da başlanılıb. Daha çox tamaşaçıları komediya serialları ilə ekrana cəlb edən əməkdar mədəniyyət işçisi, rejissor Ramin Hacıyev suallarımızı cavablandırdı.

 

–  Tamaşaçıları yeni mövsümdə necə bir serial gözləyir?

– Əslində bunu mətbuat üçün ilk dəfə sizə açıqlayıram. Artıq layihələrimiz reala yaxındır. Yeni mövsümdə Xəzər televiziyasında iki serialımız yayımlanacaq. Onlardan biri melodrama, digəri isə komediya janrında olacaq. Bundan başqa, digər kanallarda – ATV və İctimai Televiziya ilə də layihələrimiz gözlənilir, ancaq hələ dəqiq deyil.

 

– Sizi hər zaman komediya janrında çəkilən serialların kamera arxasında görmüşük. Melodrama yaradıcılığınızda ilkdirmi?

– Bəli. Dram serialımız bir qədər ağrılı mövzudadır və ona görə bu layihəyə başlamaq bir qədər çətindir. Belə ki, serialın mövzusu Daun sindromu olan bir uşaqdan bəhs edir. Ona Günəş uşağı da deyirlər. Daun sindromluların xromosomları bizdən bir dənə artıqdır. Onlar bizə örnək ola biləcək insanlardır. Məhz onlardan birini baş qəhrəman olaraq çəkəcəyik.  Yeni mövsümdə arzusunda olduğum, çəkmək istədiyim layihələri etməyi planlaşdırıram. Neçə ildir ki, bu layihəni düşünür, gerçəkləşdirmək istəyirdim. Burda tək rejissor mən olmayacam. Biz bu layihəni Tural Baxışla birlikdə işləyəcəyik. Ona deyirəm ki, mən dram çəkməkdən bir az qorxuram. Ola bilər ki, hamıdan yaxşı çəkim, amma bəlkə də bacarmadım. Hər zaman qarşıda qaranlıq görünən bir işdən qorxmuşam. Demirəm ki bacarmayacam, ancaq dramın xırdalıqları var ki, komediyada onlar yoxdur. Elə bir stili, estetikası var ki, bu, komediyada işləmir. Mənim üçün komediya çox rahatdır. Misal üçün, ikinci layihəmiz olan serialla bağlı çox rahatam. Komediyada dominant rejissor mən olacam, amma dramda Tural Baxış.

 

– Tamaşaçı sizi dram janrında qəbul edəcəkmi?

– Qəbul etmək lazımdır ki, mən dram da çəkəcəm. Ramin Hacıyev hər zaman komediya çəkib, indi dram çəkir. Tamaşaçı onu qəbul etməyə bilər. Hansısa bir aktyorun obrazda olması sünidir, onu başqa janrda görməyə öyrəşibsə, tamaşaçı üçün o fikri dəyişmək çox çətindir. Biz bilirik ki, Şaban komedik aktyordur və o, komediyanı möhtəşəm ifa edir. Ancaq dramda da oynaya bilərdi. Tamaşaçı isə onu komediya janrında qəbul edib.

 

– Necə ki, siz digər kanaldan Xəzər-ə gəldikdə, yeni seriala başlamaq böyük bir risk idi.

– Çalışdığım hər bir kollektiv mənim üçün dəyərlidir. Xəzər-lə yenə işləyirik. Ondan əvvəl çalışdığım kanaldakı seriallar uzun müddət var idi və sevilirdi. Xəzər-ə gəldikdə isə, yeni bir kollektivlə işə başladım. Açığı, Azərbaycanda ilk komediyanı də mən çəkmişəm. Ona görə çətin heç nə yox idi. Bilirdim yaxşı olacaq, yenə də komediya olaraq irəli çıxacağıq, reytinq toplayacaq. Kollektiv fərqli idi və çətinlik bunda idi. Məni narahat edən isə istədiyimi yeni kollektivdən ala bilib-bilməyəcəyim idi.

 

– Ala bildinizmi?

– Əlbəttə. Çalışdıqca, komanda olaraq bir-birimizə daha çox öyrəşdik və hazırda dördüncü layihəyə başlayırıq.

 

– Bəs yeni komediya serialı nədən bəhs edəcək?

– Bu, sitqom janrında çəkiləcək. İnanmıram ki, Azərbaycanda bu tipli serialdan indiyə qədər kimsə çəksin. Sözügedən layihə bu günə qədər ölkəmizdə sitqom formatında çəkilən seriallardan çox fərqlidir. Bu layihədə biz sitqomun stilistikasını dəyişmişik. Dünya praktikasında 2017-ci ildə belə bir təcrübədən istifadə edilib. İndi isə biz təcrübədən keçirəcəyik. Çox maraqlı olacaq. Əvvəllər bizə deyirdilər ki, ciddi və gülməli bir şey çəkin. İndi o dediklərini komediya janrında edirik. Həm baxımlı, həm də düşündürücü olacaq.

Yəqin, Məhəbbətin ömrü buraya qədərmiş" - Ramin Hacıyev

– Bəzən komediyanın dramdan daha çətin olduğu deyilir. Çünki gündəlik olaraq ölkədə az hadisələr yaşanmır…

– Komediyanı çəkmək deyil də, tamaşaçıya qəbul etdirmək daha çətindir. Bu günün tamaşaçısı hər şeyə də ağlamır. Sünilik olduqda, onu hiss edirlər. Biz xarici filmlərə niyə gözəl, səviyyəli deyirik? Əslinə baxanda isə, bizim aktyorlar onlardan da yaxşı oynayır. Biz özümüz çəkiləndə, süniliyi birbaşa görürük, amma xaricilərdə bunu o qədər də görmürük. Çünki xaricilərlə bizim daxilimiz bir deyil. Bizim daxilimiz birdir deyə, aktyorun obrazını süni oynamasını o dəqiqə hiss edirik. Əsas məsələlərdən biri də budur. Biz artıq onun süni olub-olmamasını bilirik. Bu bir az incə məqamdır.

 

– Bəs yeni layihələrdə sizi aktyor kimi görə biləcəyikmi?

– Serialda çəkilməyəcəm. Bütün komediya aktyorları kimi, mən də istəyirəm ki, dramda oynayım. Ola bilər, amma hələ ki belə bir fikir yoxdur.

 

– Üzərindən illər ötsə də, nə qədər seriallar çəksəniz də, tamaşaçı sizi Məhəbbət kimi tanıyır.

– Bu, bir möhürdür. Tamaşaçı səni başqa cür qəbul etmək istəmir.

 

– Komediyanı aktyor kimi canlandırmaq daha rahatdır, yoxsa rejissor kimi çəkmək?

– İşini bilən insan üçün hər şey rahatdır.

 

– Rejissor aktyorluğun sirlərinə bələd olanda, ona çalışmaq daha asan gəlir.

– Mən hər zaman demişəm, yenə də deyirəm ki, rejissor ən gözəl aktyordur. Rejissor daha peşəkar aktyordur. Ssenarini tamaşaçıya ən yaxşı izah edən şəxsdir. Rejissor aktyor sənətinin xırdalıqlarına o qədər bələd olmalıdır ki, aktyora bunun izahını verə bilsin.

 

– Fəxri ad aldıqdan sonra yaradıcılığınızda nələr dəyişdi?

– Fəxri ad aldıqdan sonra da öz işmi görürəm. Bu ad mənə ölkə başçımız tərəfindən verilən bir stimuldur. Əgər əməyinə dəyər verirlərsə, bu səni sevindirir ki, gördüyün işlər hədər getməyib. Əməkdar mədəniyyət işçisi o deməkdir ki, işgüzar bir adamsan.

 

– Bəs xalq artisti?

– Bu işlədikcə, çalışdıqca, əldə etdiyin peşəkarlıqla gələn bir şeydir. Bu dəqiqə məqsədim o deyil.

 

– Məqsədiniz nədir?

– Məqsədim dram janrında çəkəcəyim serialı yaxşı təqdim edə bilməkdir. Tez-tez mənə sual verirlər ki, niyə film çəkmirsiniz. Deyirəm ki, ürəyimə yatan süjet, ideya yoxdur. Tamaşaçı məndən yaxşı serial görübsə, yaxşı da film gözləyir. Bu, drama da aiddir. Ona görə belə fərqli mövzu seçmişəm.

 

– Yeni yetişən gənc nəsil komediya seriallarını izləyərək böyüyür. Bəzən deyirlər ki, niyə komediyalarımızda mesaj yoxdur. Mesaj komediyada önəmlidirmi?

– Əgər serial Kütləvi İnformasiya Vasitəsi olan ekran vasitəsi ilə yayımlanırsa, tamaşaçılara mesajın ötürülməsi mütləqdir. Ekrana çıxırsansa, demək, sənə baxırlar və tamaşaçı oradan nəsə götürə bilər. Hər bir insana da göstərdiyin mesajlar fərqli çatır.

Komediya seriallarında ehtiyac yoxdur ki, düşündürücü nəsə verək. Məqsədimiz odur ki, işdən yorğun gələn insanlar əylənə və istirahət edə bilsin. Düşünməsin, sadəcə olaraq gülsün. İndi isə komediya çəkəcəyik, o düşündürücü olacaq.

 

– Bəs edilən tənqidləri qəbul edirsinizmi?

– Əlbəttə ki, tənqidləri qəbul edirəm. Tənqidlərdən nəticə çıxarıram. Kütlə bəyəndiyimi bəyənmirsə və əksinə çıxırsa, demək, fərqli düşünmüşəm, kütlənin istədiyini verə bilməmişəm. Kütlənin qarşısına çıxırıqsa, bizim məqsədimiz olmalıdır ki, niyə bunu göstəririk? Təqdim etdiyimiz serialla nə demək istəyirik? Komediya janrında olan çəkdiklərimizdə məqsədimiz deyildi ki, kimisə oturdurub televiziyanın qarşısında düşündürək. Biz o serialları, baxıb əylənsinlər deyə çəkdik.

 

– Seriallarınızın reytinqi çox zaman ön sıralarda olub. Bunu öncədən təxmin etmək mümkündürmü?

– Təxmin etmək olar. Bilirik ki, hədəf kütləmiz kim olacaq. O kütlə bizə reytinq verə biləcək, yoxsa yox. Baxır, biz kimə ismarış vermək istəyirik. ATV telekanalında yeni-yeni başladığımız seriallardan olan “Bacanaqlar”, “Qardaşlar”, “Qız atası” serialları, bu günə kimi çəkdiklərimiz səthi xarakter daşıyırdı. Səthi yumorda düşünməyə ehtiyac olmur.

Bacanaqlar”dan gedən “Məhəbbət”: “Hər şeydən bezdim” – VİDEO ...

– Ramin bəy, bəzən əvvəlki teletamaşaların, komediyaların indi olmadığı, müasir komediyaların daha bayağı olduğu fikirləri ilə rastlaşırıq.

–  Əslində, o deyilənlərlə mən də razıyam. Komediya ümumilikdə dəb xarakterli olan şeydir. İndi nə dəbdədir, biz onu görə bilirik. 10 ildən sonra nəyin dəbdə olacağını görə bilmirik. O vaxt komediyalar bir dəfə çəkilirdi. Bütün güc ora səfərbər olurdu. Biz həftədə bir dəfə çəkirik. Aktyorlar da az idi, hamısı bir kanalda görünürdü. Hamı onları gözləyirdi. İndi isə bizdə aktyorlar da çoxdur, kanallar da. O zaman çəkilən filmlərin süjet xətti də fərqli idi, insanları güldürmək üçün çəkilmirdi. Situasiyanın özü maraqlı gəlirdi. “O olmasın, bu olsun” filmindən heç vaxt çəkə bilməyəcəyik. Bu filmdə bu dəqiqə fikirləşdiyimiz, düşündüyümüz o sözlər o vaxt deyilib. Bu elə bir filmdir ki, hər sözü, hərəkəti əvəzolunmazdır. Əliağa Ağayevin oynadığı kimi, heç kim oynaya bilməz. Elə aktyorlar dünyaya bir də gəlməyəcək. Misal üçün, mən efirdə “Bəyin oğurlanması” filmini görəndə, hər dəfə izləyirəm.

 

– İndi çəkilən komediyalara ard-arda baxa bilirsinizmi?

– Açığını desəm, baxa bilmərəm. Bəlkə bir 10 ildən sonra baxdım. Amma inanmıram ki, o filmlər 10 ildən sonra aktual olsun.

 

– Halbuki, həmin filmlərin çəkildiyi zamanlarda nə indiki kimi müasir avadanlıqlar olub, nə də yayım imkanları.

– O aktyorlar individual idi. Filmlərin ssenarilərinin möhtəşəmliyi də insana təsir edir.

 

– Son olaraq, Azərbaycan komediya seriallarının neçə faizində sizin dəst-xəttiniz var?

– Bu sualı bir neçə ay bundan öncə versəydiniz, 80 faiz deyərdim. İndi dəqiq bir söz deyə bilmərəm.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir