solaxay

Bu təhlükədən yayınanlar dövlət başçısı, sənətçi, alim ola bilər… – İLGİNC ARAŞDIRMA

Baxış sayı: 1. 346

Bir neçə gün əvvəl Türkiyənin ən yüksək dini qurumu olan Dəyanət İşləri Komitəsi qalmaqallı bir fətva verib. Belə ki, “Sol əllə yemək yeməkdə bir problem varmı?” sualı Dəyanət İşləri Komitəsinin saytında belə cavablandırılıb: “Məhəmməd peyğəmbər sol əllə yemək-içməyi xoş qarşılamayıb. Şeytanların sol əllə yeyib-içdiklərini xəbər verərək ümmətini xəbərdar edib ki, “uşaqlara sağ əllə yemək yeməyi öyrədin”.

Bu fətva solaxaylıq məsələsini gündəmə gətirdi. Maraqlıdır, niyə bəzi insanlar solaxay olur? Bu, fiziki qüsurdur, yoxsa normal haldır? Solaxayları digər insanlardan fərqləndirən xüsusiyyətlər varmı? Ailem.az bu və digər suallara aydınlıq gətirməyə çalışıb.

Səbinə Əvəzqızı bildirir ki, qızı solaxaydır və bu, onda heç bir problem yaratmayıb: “Qızımın sağ əli demək olar ki, tamamilə zəifdir. Bu, irsidir, ata nənəsindən ona keçib. Balaca vaxt bunu hiss etmirdik. Qaşığı, qələmi sağ əlinə verməyə çalışırdıq. Görürdük, o, sol əlini uzadır. Ondan sonra solaxay olduğunu bildik. Qızım 7 illik piano təhsili alıb. Həmçinin gözəl rəsmlər çəkir. Məktəbi yüksək nailiyyətlərlə başa vurub universitetə qəbul olub. Yəni solaxaylıq onun həyatında heç bir problem yaratmayıb”.

Xəyalə Muradova isə deyir ki, oğlu məktəbəqədər hazırlığa gedən ərəfədə müəllimi solaxaylığı tərgitməyə çalışıb və uşağı məcburən sağ əllə yazmağa öyrədib: “Elə o vaxtdan sağ əlini işlətməyə başladı. Amma bunun fəsadlarını illərdir hiss edirəm. Oğlum hələ də qayçıdan normal şəkildə istifadə edə bilmir. Qələmlə yazanda əlini hamı kimi yox, dairəvi formada tutur. Şəkil də yaxşı çəkə bilmir. Yenidən sol əldən də istifadə edə bilməz. Bir sözlə, həm sol əlindən oldu, həm də sağ. Çox peşmanam, gərək o vaxt qoymazdım müəllim onu sağ ələ öyrətsin”.

 

Bu cür ifadələr peyğəmbərin adına bir uydurmadır

Mövzu ilə əlaqədar fikrini öyrəndiyimiz dini ekspert Elşad Miri deyir ki, yuxarıda yazdığımız fətva ilə Quranda heç bir yanaşma yoxdur: “Tutaq ki, Məhəmməd peyğəmbər özü solaxay olsaydı, insanları sol əllə yeyib-içməyəmi dəvət edəcəkdi? Ona görə də buradakı məsələ sonradan uydurulmuş bir anlayışdır. Təəssüflər olsun ki, həm özünü şiə adlandıran, həm də sünnilərin hədis kitablarında bir çox hədislər var. Hətta iddia olunur ki, peyğəmbərimiz guya sol əllə yeyən uşağa bəddua edib, onun əli quruyub. Aləmlərə rəhmət olaraq göndərilən bir peyğəmbər haqqında belə bir ifadənin işlədilməsi, belə pis cümlənin qurulması peyğəmbərin adına bir uydurma deyilmi? Ona görə belə tipik şeylərdə insanlar artıq oyanmalıdırlar və sorğu-sual olunacağımız yeganə kitab olan “Qurani-Kərim”ə sarılmalıdırlar. İnsanın solaxay və yaxud da sağaxay olmasının fizioloji hansısa əhəmiyyəti ola bilər, amma bunun dinə qətiyyən aidiyyəti yoxdur”.

 

Nə fərqi var solaxaysan, ya yox

Məsələnin tibbi aspektlərinə aydınlıq gətirən nevropatoloq Fərhad Əhmədov məlumat verdi ki, bu, genetik bir haldır: “Beyin yarımkürələrində əsas dominant sol yarımkürədir. Sol yarımkürədə sağ əl inkişaf edir. Və əksər adamlar sağaxaydır. Bəzi insanlarda isə beynin sağ yarımkürəsi dominantdır, yəni üstünlük var. Onlarda solaxaylıq olur. Deyim ki, burada anormal bir hal yoxdur. Solaxaylığı tərgitmək üçün bəzən cəhdlər edirlər. Bu isə müəyyən müddət və xərc tələb edən işdir. Həm də heç buna ehtiyac yoxdur. Nə fərqi var ki, solaxaysan, ya da əksinə”.

 

İrsi solaxaylığı tərgitmək olmur

Pediatr Vaqif Qarayevin sözlərinə görə, solaxaylığın bir neçə səbəbi var: “Bəzən  doğuş zamanı yaranan müəyyən problemlər solaxaylığa rəvac verir. Bəzən isə bu sadəcə tərbiyədən asılıdır. Zamanında düzgün tərbiyə edilməyərək solaxay olubsa, bu, valideynin günahıdır. Prinsipcə uşağın hərəkətlərində, davranışında təhsilində, ümumən həyatında hər hansı bir maneçiliyi yoxdur. Tarixdə çox məşhur insanlar solaxay olub.

Amma solaxaylıq irsidirsə, onu dəyişdirmək mümkün deyil”.

 

Həkim deyir ki, solaxay uşaqlar həmyaşıdlarından bir az fərqli olurlar. Daha emosionaldırlar, ani qərar qəbul edirlər, bəzi informasiyalar ümumiyyətlə. onlar üçün vacib deyil. Həmyaşıdları ilə müqayisədə intellektual baxımından daha qabiliyyətli olurlar: “Uşaq solaxaydırsa, ona aqressiv yanaşmaq olmaz. Bu yanaşma uşaqda əsəbilik yaradacaq. Əgər tərbiyə məsələdirsə, onu zamanında öyrətmək lazım idi ki, qaşığı, qələmi, karandaşı sağ əllə tutmaq lazımdır. Yox əgər irsidirsə, onu tərsinə çevirmək çox zaman çətin olur. Amma solaxaylığın uşağın həyatında elə bir neqativ təsiri yoxdur”.

 

Solaxaylarda yaradıcılıq daha çox inkişaf edir

Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü psixoloq Səbinə Bayramova söyləyir ki, insan beyni iki yarım kürədən, iki bölmədən ibarət olur və onlar hər ikisi bir-biri ilə əlaqədar olur. Bəzi hallarda isə bir yarımkürə digərindən daha aktiv olur: “Beynin sağ hissəsi bədənin sol hissəsini, sol hissəsi isə bədənin sağ hissəsini daim idarədə saxlayır. İnsan beyninin hər iki yarımkürəsi müxtəlif funksiyalara sahibdir. Məsələn, beynin sol yarımkürəsində nitq qabiliyyəti, analitik zəka, məntiq kimi özəlliklər olduğu halda, sağ yarımkürəsində yaradıcılıq, musiqi, sezmə qabiliyyəti, görmə hafizəsi kimi özəlliklər daha qabarıqdır. Bu səbəbdən də solaxaylarda yaradıcılıq, musiqi kimi qabiliyyətlər daha hakim olur. Digər bir fərq isə solaxaylarda daha tez reaksiya vermə qabiliyyətinin olmasıdır. Buna görə də solaxaylar tenis kimi bir sıra idman fəaliyyətlərində sağaxaylara nisbətən daha çox uğur əldə edə bilirlər. Bunlarla yanaşı solaxay uşaqlar böyüdükcə bəzi çətinliklərlə də qarşılaşa bilirlər. Bu da bir sıra vəsaitlərin sağaxaylara görə istehsal olunmasından irəli gəlir. Məsələn, avtomobillər, musiqi alətləri, kompüter siçanı kimi vasitələrin istifadəsi zamanı müəyyən çətinliklərlə rastlaşırlar və bu da onların psixologiyasına mənfi təsir edir”.

 

Bunu tərgitmək xoşagəlməz situasiyalara səbəb ola bilər

Psixoloq qeyd edir ki, bir çox uşaq iki yaş ətrafında solaxay olub-olmadığını bəlli edə bilir: “Ən çox istifadə etdiyi əlinin hansı olmasını məktəb dövrünə qədər müşahidə etməkdə fayda var. Əgər uşaq solaxaydırsa, valideynləri onu qətiyyən sağ əldən istifadə etməyə məcbur etməməlidirlər. Belə olduğu halda psixoloji çətinliklər, öyrənmə problemləri və bir çox xoşagəlməz situasiyalarla qarşılaşa bilərlər. Əgər uşağın nitqi tam aydın deyilsə, onun nitqində kəkələmələr və müxtəlif problemlər ortaya çıxa bilər. Bunun əvəzində valideynlər uşağı təşviq edə, həvəsləndirə, istiqamətləndirə bilərlər. Əgər alınmırsa, məcbur etmək olmaz. Bunun əvəzində yaşadıqları çətinlikləri aradan qaldırmaq üçün onlara kömək edə bilərlər. Məsələn, məktəbdə müəllimlərinə bu barədə bilgi verə bilərlər, partada sol tərəfdə oturdulmasına şərait yarada bilərlər. Bir sözlə, çətinlik çəkdikləri nəsnələri müəyyənləşdirib, dəstək olmaq, güclü olduğu sahələri inkişaf etdirməsinə kömək etmək lazımdır. Əgər uşaqlarda danışma, yazma problemləri olarsa, zamanında mütəxəssisə müraciət etmək lazımdır ki, kökündən həll ola bilsin”.

S. Bayramovanın sözlərinə görə, elə şəxslər var ki, onlar uşaqlıqdan həm sağ, həm də sol əllə yazma qabiliyyətinə malik olurlar: “Bu cür şəxslər çox yaradıcı və məhsuldar şəxslər hesab olunur. Hazırda solaxayların statistikasına nəzər salsaq, 7-10 faiz təşkil edir. Onların böyük bir qismi dövlət başçılarıdır, sənətçilərdir, musiqişünaslardır, elm adamlarıdır. Buradan da məlum olur ki bu cür adamlar heç də problemli və zəif adam deyillər”.

 

Leonardo Da Vinçi, Eynşteyn, Bethoven… 

Yuxarıda da qeyd olunduğu kimi, bir çox məşhur şəxslər solaxay, ya da hər iki əlindən eyni dərəcədə istifadə edən şəxslər olub. Həmin məşhur şəxslərdən bəzilərini təqdim edirik.

Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edən Böyük Karl solaxaylığı ilə diqqəti cəlb edirmiş.

Dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri – Uinstall Çörçilin solaxay olduğunu az adam bilirdi.

Hindistan pasifist siyasətçisi və düşüncə adamı Mahatma Qandi solaxay olub.

Leonardo da Vinçi isə hər iki əlini də eyni istiqamətdə idarə edə bilməyi öyrənmişdi.

Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş və Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildirlər.

“Time”nin apardığı araşdırmaya əsasən, “Microsoft”un sahibi Bill Qeyts və “Apple”in qurucusu Steve Jobs, o cümlədən, dünyanın ən məşhur teleaparıcısı sayılan Oprah Winfrey solaxaydırlar.

Bu siyahıda Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Pol Makkartni, Bethoven, Bax, Motsart, İssaak Nyuton, Sergey Raxmaninov, Robert De Niro da var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir