yay

Bu yayın havası necə olacaq?

Baxış sayı: 165

Bu yay anomal istilərin olacağı ilə bağlı fikirlər dolaşır. Rusiyanın mərkəzi hissəsində havanın isti keçməsi ilə bağlı artıq rekord qeydə alınıb. Rusiyadakı anomal istilərin bizim regiona da təsir edəcəyi gözlənilir.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının professoru, ekoloq Telman Zeynalov bildirir ki, biz Rusiyanın fitvasına düşmüşük: “Rusiyanın başına nə oyun gəlirsə, qonşunun da başına o oyun gəlir. Əgər Rusiyada anomal isti hava şəraiti olarsa, bu, bizə də təsir edəcək”.

Zeynalov qeyd edir ki, Rusiyada qış çox sərt və soyuq keçibsə, yayı da anomal isti olacaqsa, kimsə onları iqtisadi böhrana salmaq istəyir: “İqtisadi cəhətdən vurmaq istəyirlər. Əgər qış həddindən artıq soyuq, şaxtalı oldusa, yayı quraqlıq keçirsə, deməli, məhsuldarlıq sıfıra bərabərdir, qiymətlər də kəllə-çarxa qalxacaq. Millətin narazılığını qaldırmaq istəyirlər. Bunun bir hissəsi də bizə dəyir. Çünki biz Rusiya ilə qonşuyuq. Əgər orada anomal isti, quraqlıq yaradacaqlarsa, bu, bizə də dəyəcək”.

Müsahibibimiz əlavə edib ki, qlobal istiləşmə yoxdur: “İqlim dəyişmələri isə həmişə olub. Bioloji silahlar var, silahlarla havaya təsir edirlər. Qışı həddindən artıq şaxtalı, qarlı edirlər. Yazda çaylar məcrasından çıxır, hər yeri su basır, məhsulu məhv edirlər, yayda da quraqlıq edirlər. Qəfil istilər qalxır”.

Onun dediyinə görə, iki gün qabaq Amerikada möhkəm qasırğanın baş verəcəyi proqnozunu veriblər: “O qasırğa iki həftədən sonra gəlib Rusiyaya çıxacaq. İki həftədən sonra isə Azərbaycanda sərinlik düşəcək. Bu, kiminsə oyunudur. Oyun oynayırlar, iqtisadi cəhətdən. Bu, iqlimin oyunu deyil”.

T.Zeynalovun fikirincə, ölkəmizdə yayın nə dərəcə isti olacağı bizim qonşularımızdan asılıdır: “Aran zonalarında daha isti olacaq. Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarda çox isti hava şəraiti müşahidə edilə bilər”.

Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, yayın proqnozunu indidən demək tezdir: “Hələ bir qədər var, lakin iyul və avqust ayları yay fəslinin ən isti aylarıdır. Ölkə ərazisində havanın temperaturunun 40-42, bəzi günlərdə isə 42-44 dərəcəyə çatması müşahidə olunub. Yayda havanın temperaturunun o intervalda dəyişməsi proqnozlaşdırıla bilər”.

G.Məmmədovanın dediyinə görə, əvvəlki illərin müşahidələrinə baxanda da görürük ki, paytaxtda havanın temperaturu, əsasən də iyul-avqust aylarında 42 dərəcə isti olub.

 
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir