istirahet

Bu yazı istirahətə getmək istəyənlər və istəməyənlər üçündür

Baxış sayı: 1. 478

Yay istirahəti üçün insanların planlar qurduğu, bəzilərinin planlar həyata keçirdiyi bir ərəfədə biz normal istirahət modellərindən yazmaq istəyirik. Amma onlara keçmədən öncə yayda istirahət etməyən, edə bilməyən, etməyi vacib saymayan, bunun əhəmiyyətsiz olduğunu düşünənlər ordusudur hədəfimiz. Çoxumuzun ətrafında belələri var.

İstirahət etməyənlər ordusu – onlar sabahkı günlə yaşayırlar.

Məlum məsələdir ki, məzuniyyətə çıxmayanların bir neçə səbəbi var: işlərin çoxluğu, istirahət üçün pulun olmaması, səyahət üçün sizə yoldaşlıq edən birisinin yoxluğu… Psixoloqlar deyirlər ki, istirahət etmək istəməyən bununla bağlı özünə xeyli bəhanə tapa bilər: xəstə qohumunun olmasından tutmuş, itini evdə tək qoymaq istəməməyə, evini təmir etdirməli olduğuna qədər saysız-hesabsız bəhanə…

Belə insanlarla bağlı nə baş verir? Onlar çoxlu xəyallar qururlar, daha sonra xəyalları baş tutmadığı üçün acı çəkirlər. Amma mütəxəssislərin rəyinə inansaq, bu cür adamlar heç də istirahət etməyi planlaşdırmırlar. Onlar quru-quru xəyallar qururlar. Çünki gerçəkdən nəyisə arzulayan insan – xüsusən nəzərə alsaq ki, istirahət etmək arzusu o qədər də əlçatmaz deyil – onu əldə etməyin yollarını da tapır. Amma yorulduğu üçün iş əmsalının aşağı düşdüyünü, artıq işləməyin qeyri-mümkün olduğunu deyib də istirahətə çıxmayan adamın addımını isə intiharla müqayisə etmək olar.

Amma bəzi insanlar da var ki, onlar istirahətin vaxt itkisi olduğunu, ancaq tənbəllərin istirahət haqqında düşündüyünü iddia edirlər. Belə insanlar sabahkı günlə yaşayırlar. Onlar düşünürlər ki, əgər indi yaxşı işləyib pul qazansalar, gələcəkdə arzularını yerinə yetirə bilərlər. Bundan sonra isə istirahət haqda düşünmək olar. Amma bu zaman vaxtın insanı necə “udduğunu” unudurlar. Bu psixologiyanın səbəbi isə insanın uşaqlıq qatlarında gizlənib. Belə adamlara uşaq vaxtı insanın işləmək üçün yarandığını təlqin ediblər. Halbuki başlanğıc üçün uşağa oyuncaqları ilə oynamaq, evdə tək qalarsa, özünə maraqlı əyləncə tapmaq öyrədilməlidir.

Bundan başqa, həmin adamlara uşaq vaxtı daim güclü olmaları, emosiyalara qapılmamaları öyrədilib. Bax, belə güclü və bədbəxt adamlar işləyirlər, əllərini bir dəqiqə boş qoymadan çalışırlar. Təbii ki, onlar kollektivdə özlərinə böyük önəm verirlər. Onlar üçün kollektiv çox şey deməkdir. Amma bu tiplər üçün cəhənnəm təqaüdə çıxanda başlanır. Bu zaman sözün həqiqi mənasında tənha həyat yollarını gözləyir. Bu adam gününü necə keçirəcəyini bilmir. Anlayışı yoxdur ki, işdən başqa nə iləsə məşğul olmaq olar.

istirahet

Ən yaxşı üsul – məzuniyyəti bir neçə hissəyə bölmək… 

Məzuniyyət isə əslində bizim bütün il boyu səbirsizliklə gözlədiyimiz dönəmdir. Bizim daha sonrakı hal-əhvalımız, işgüzarlıq əmsalımız məhz məzuniyyətin necə keçməsindən asılıdır. Mütəxəssislər müəyyənləşdiriblər ki, məzuniyyət zamanı istirahət etməyi bacarmaq da xüsusi qabiliyyət tələb edir. Əsas odur ki, boş vaxtı necə planlaşdırmağı və təşkil etməyi bacarasan.

Bəzi adamlar üçün uzun məzuniyyətdən sonra işə adaptasiya olunmaq olduqca çətindir. Bir çox adamlar məhz məzuniyyət dönəmindən sonra iş yerini dəyişir və ya işdən çıxır. Buna görə də 21 günlük və ya 1 aylıq məzuniyyəti bir neçə hissəyə bölmək məsləhət görülür. Həm də bu hissələri ilin ayrı-ayrı fəsillərinə “atmaq” olar: bir həftəsini qışda, bir həftəsini yazda, qalanını payızda… Belə olanda insan özünü daha azad və rahat hiss edir.

Bir çox insan məzuniyyət zamanı böyük işlərlə məşğul olur. Məsələn, evini təmir etdirir. Doğrudur, bu da insanın öz həyatını yüngülləşdirməsi məqsədi daşıyır. Amma planlı insanlar təmiri işlədikləri vaxt da edə bilər, buna xüsusi vaxt ayırmadan təmir problemini yoluna qoya bilərlər. Çünki onsuz da yorulmuş insanın təmir kimi bir ağır yükün altına girməsi onun səhhətinə olduqca pis təsir edəcək.

istirahet

İdeal məzuniyyətin şərtləri…

Axı məzuniyyət məhz ona görə yaranıb ki, insan istirahət etsin, yorğunluğunu üzərindən atsın və sair. Yaxşı istirahət üçün aşağıdakı şərtlər mövcuddur.

Əvvəlcədən bilməlisən ki, sənin yaxşı istirahət etməyin, dincini almağın üçün neçə gün lazımdır.

Kurort və istirahət mərkəzləri barədə saysız-hesabsız məlumatlar, turistlərin təəssürat xəbərləri var. Onları ciddi şəkildə izləmək lazımdır ki, getdiyin istirahət məkanında yanılmayasan, istirahətin korlanmasın.

Kurortdakı bütün hərəkətləriniz planlaşdırılmış olmalıdır. Baş çəkmək istədiyiniz maraqlı yerlərin siyahısını hazırlayın.

Əgər getdiyiniz kurort sizə bədəninizin qayğısına qalmaq üçün müxtəlif tibbi prosedurlar, məsələn, masaj, mineral vannalar təklif edirsə, ondan imtina etməyin.
Yol yoldaşınızı seçəndə ehtiyatlı olun. Bəzən məzuniyyətinizin korlanmasına yol yoldaşınız və onun kaprizləri səbəb ola bilər.
ISTIRAHET

Məzuniyyətə çıxmamaq ciddi psixoloji problemlərin başlanğıcıdır

İstirahət aktiv və passiv olur. Passiv istirahət zamanı adam heç bir işlə məşğul olmur. Aktiv istirahət zamanı isə gəzintiyə, səfərə çıxır, idmanla məşğul olur, ya da, heç olmasa, məşğuliyyətini dəyişir. Həm fiziki, həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv istirahət etmək və ancaq bundan sonra aktiv istirahətə keçmək lazımdır. Orta yorğunluq isə aktiv istirahətlə keçir. Aktiv istirahət qabiliyyətini hər kəs özündə tərbiyə etməlidir. Bu, adamın vərdişinə çevrilməlidir. İstirahət nə üçün lazımdır? İtirilmiş enerjini bərpa etmək, sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün istirahət etmək lazımdır. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin edir. Uzun müddət istirahət etmədikdə nə baş verir? Ümumiyyətlə, uzun müddət istirahət etməmək insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir.

İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı alınmayan xəstəliklər kimi getdikcə daha da ağırlaşır. Nəticədə səbəbsiz qorxular, narahatçılıq hissi, əzələdə ağrılar özünü göstərməyə başlayır. Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğu da yaranır. Bu zaman nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Misal üçün, məntiqi məsələləri həll etmək üçün ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Yorğunluq immun sisteminə də təsir göstərir. İmmun sistemi zəifləyir, insan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir