usaq

Bu yazını oxuduqdan sonra bir daha kimisə öpməyəcəksiniz

Baxış sayı: 1. 660
Adambaşına gündə necə öpüş düşür deyə sual versəniz, təbii ki, cavabı yoxdur. Ümumiyyətlə, azərbaycanlılar öpüşməyi ən çox sevən millətlərdən sayılır. Kişili-qadınlı, görüşəndə, ayrılanda, bayramda, hansısa xoş və ya bəd hadisədə öpüşmək bizlərin sevimli ritualıdır. Əslində isə tibb dünyası və etika normalarına görə bu, belə olmamalıdır. 
 
Bəs, necə olmalıdır? 
Dünyada ilk dəfə salamlaşıb öpüşmə ritualı hansı ölkədə yaranıb? Sonra bunun forması necə dəyişib və sair və ilaxır. Mövzu maraqlı və nə qədər qəribə səslənsə də aktual olduğu üçün tarixi və müasir mənbələrdə kiçicik bir ekskursiyaya çıxdıq. Və olduqca maraqlı nəticələrlə qarşılaşdıq.
 
İLK ÖPÜŞ OBYEKTİ ÇOBANLAR OLUB –QADINLAR MAL-HEYVANA YAXŞI BAXDIQLARI ÜÇÜN ONLARI ÖPÜŞLƏ MÜKAFATLANDIRIBLAR 
Müasir insan görüşərkən salamlaşıb öpüşməyi olduqca adi, təbii bir ritual olaraq qəbul edir. Halbuki bu ənənə Afrika, Asiya, Amerika və Avstraliyadakı bəzi xalqların milli adət-ənənələrində olmayıb.  Bir çox xalqlarda öpüş funksiyasını “burunla sürtüşmə” əvəz edir ki, bu zaman da insanlar burunlarını toxundurmaqla bir-birilərini iyləyirlər. Folklorda öpüşmə qara qüvvələrin qovulması və cadu-pitinin pozulması niyyəti daşıyır. Və ya harasısa ağrıyan uşağı öpməklə ağrını götürməyin, onu sakitləşdirməyin mümkünlüyü sübut edilib. Qədim inanclara görə  öpüşərkən insanlar bir-birinə müsbət enerji ötürürlər. Hətta keçmişdə qadınlar mal-heyvanı daha yaxşı otarsınlar deyə, örüşə çıxmazdan əvvəl çobanı öpərmişlər. Həmin gün çoban o qədər müsbət emosiya ilə dolu olurmuş ki, axşam kəndə qayıdanda bütün heyvanları yiyələrinə sağ-salamat çatdırırmış. Necə deyərlər, çoban razı, mal-qoyun razı…
Öpüş qonağa ehtiramı ifadə etməyin ən gözəl üsuludur. Orta əsr Avropasında belə bir ənənə vardı ki, gələn qonağı ev sahibinin xanımı, qızı və digər qadın qohumları mütləq öpməliydilər. Rusiyada bu ənənə 16-17-ci əsrlərə qədər qüvvədə olub. Tarixin tozlu qatlarında öpüşmə həm də diplomatik törənlərin əsas  atributu idi. Padşahın əlinin öpülməsi ona olan sədaqət və hörmətin əlaməti sayılırdı. Görüşərkən insanların yanaq-yanağa öpüşməsi sevgi, hörmət və dostluğu ifadə etdiyi halda, əl, çiyin və ayağın öpülməsi tabeçilik və sadiqliyin simvolu kimi qəbul edilir. Doğrudur, ayaq və əllərin öpülməsi qədim və orta əsrlərdə vacib atribut olub, hazırda isə ancaq əlin öpülməsi qüvvədə qalıb ki, bu da din xadimlərinə və qadınlara münasibətdə tətbiq olunur. Şərqdə, xüsusən də ərəb ölkələri və Türkiyədə yaşlıların əllərinin öpülməsi indiyə qədər də var. Bəzi Şərq ölkələrində isə sosial statusuna görə nisbətən aşağı səviyyədə olanlar özlərindən daha nüfuzlu olan şəxslərin çiyin və ayağından da öpür.
ÖPÜŞ HEYVANLARIN BİR-BİRİNİ İYLƏMƏSİNDƏN HEÇ NƏ İLƏ FƏRQLƏNMİR 
Hər şeydən əvvəl onu deyək ki, öpüş ünsiyyət formasıdır. Kimə necə münasibət göstərməkdən asılı olaraq bu proses bəzən çox asan, bəzənsə çox çətin ola bilər. Müasir dünyada insanların bir-birinə münasibətini ifadə etməyin yüzlərlə forması yaranıb: SMS, faks, telefon… Halbuki bunların heç biri insanların sıcaq öpüşünü əvəz edə bilməz. Çünki “adicə öpüş” adlandırdığımız bu toxunuş bəzən sözlə ifadə edilə bilməyəcək qədər gözəl və böyük hissləri ötürməyə qadirdir.
Çox maraqlıdır ki, öpüşün müəlliflik hüququnun kimə aid olması hələ də təsbit olunmayıb. O, telefon və ya faks kimi konkret bir ixtiraçının beyin məhsulu deyil. Təxminən folklor nümunələri — bayatı, nağıl, layla kimi… 
Nəysə, maraqlı olan onun kim tərəfindən yox, hansı səbəbə yaranmasıdır. Lap köhnə və bir qədər də əcaib versiyalara görə, qədim insanlar üçün digərinin dərisi duz mənbəyi sayılırdı. Onlar bir-birini öpməklə bədənlərinin duz, habelə sabit  temperaturda saxlama ehtiyacını təmin etmiş olurdular.
Daha sivil nəzəriyyələrdə isə göstərilir ki, öpüşmə əslində daim ruhu və bədəni təravətli saxlayır. Bir çox antropoloqlara görə, öpüş heyvanların  bir-birini iyləməsindən heç nə ilə fərqlənmir. Yəni, hər iki əməlin kökü eynidir. Öpüşün ən köklü və inandırıcı səbəbi olaraq isə göstərilib ki, bu, bir güvən və etibarlılıq simvoludur. Yəni, insanlar bir-birinə yaxınlaşmağa icazə verməklə, həm də “mən səndən qorxmuram, sənə güvənirəm”, mesajını ötürürlər.
ÖPÜŞ ARIQLAMAQ NÖVÜDÜR… 
Roma mədəniyyətini əxz edən ölkələrdə öpüşün xüsusi yeri və çəkisi var. Belə ki, öpüş ilk növbədə dini törənlərdə geniş yayılıb. Latın və yəhudilər Allahın obrazını öpməklə ona səcdə etdiklərini nümayiş etdirməyə çalışıblar. Katolik ölkələrində isə Bibliyanı öpürlər. Ərəblər evdən çıxıb  – qayıdanda isə ev bütlərini öpürdülər. Beləcə, bu dini adət tezliklə adi hala çevrildi və günümüzə qədər çatdı. Müasir dövrdə çox əlamətdar günlərdə silahı öpmək də qəbul olunub. Qədim xristianlarda isə öpüş qardaşlıq əlaməti sayılıb. Amma Tertullianın hakimiyyəti dövründə (160 -222-ci illər) yeni qaydalar tətbiq olundu: kişilərə ancaq kişiləri, qadınlara isə ancaq qadınları öpməyə icazə verildi.
Qədim Yunanıstanda aşağı təbəqədəkilər yuxarıdakıların əl, sinə və dizlərindən öpürdülər. Qədim yəhudilərdə də öpüşmə ənənəsi olub. Belə ki, bir-birinə yaxınlaşan iki nəfər mütləq əlini silir, öz əlindən öpərək bir-birini salamlayırdılar. Orta əsrlərdə artıq dostları öpmək ənənəsi də yayıldı. Sonra kişilərin bir qədər yad qadınları öpmək adəti yarandı və bu, günümüzə qədər davam edir.
Folklor və  mövhumat haqda bu qədər yetər. Elmi nəticələrə görə, öpüş stresi, depressiv vəziyyəti, qorxunu aradan götürür. Bu proses qandakı adrenalini artırmağa xidmət edir ki, bu da nəticədə tonusu artırır. 
Bundan başqa, öpüşmə nəfəs sistemi, ağciyərlər üçün də faydalıdır. Əgər normal vəziyyətdə insan bir dəqiqədə 20 dəfə nəfəs alıb-verirsə, öpüşmə zamanı bunun sayı 60-a çatır. Hələ bu harasıdır? Öpüş üz dərisində qırışların yaranmasına da mane olur. Belə ki, bu proses zamanı ağız və çənənin hərəkəti nəticəsində üzün düz 39 əzələsi hərəkətdə olur. Arıqlamaq istəyənlər də öpüşün “xidmətindən” yararlana bilər. Belə ki, bir öpüşlə 12 kalori itirilir. Hətta Çikaqo stomatoloqları hesab edirlər ki, öpüş kariesdən qorunmanın ən profilaktik yoludur. Məsələ bundan ibarətdir ki, öpüş insanın ağzındakı seliyin miqdarını artırır. Bu isə son nəticədə kalsiumla zəngin olan seliyin dişləri kariesdən xilas etməsinə səbəb olur. Öpüş müddətinin artırılması qan-damar sisteminin maksimum yaxşı işləməsinə də səbəb olur. Bu müddətdə insan nəbzi bir dəqiqədə 110 dəfə vurur. Bu, ürək-damar sisteminin “məşqi” üçün ən ideal vasitədir. Avstriya Tibb Akademiyasının üzvü Ulf Beminq isə iddia edir ki, öpüş istənilən vaksinasiyanı əvəz edə bilər. Bu, təəccüblü sayılmamalıdır, çünki seliyin tərkibindəki bakteriyaların 80%-i hamıda olduğu halda, 20%-i individual xarakter daşıyır — onu da öpüşdüyümüz adama hədiyyə kimi ötürüb, elə hədiyyə kimi də geri alırıq. Nəticədə isə insanın  immun sistemimi  güclənir. Avstraliyalı həkimlər artıq sübuta yetiriblər ki, ağız seliyindəki bir çox təbii antibiotiklər yaraların tez sağalmasına səbəb olur. Bu maddələr öpülən adamın bədəninə düşən kimi tibbi effekt yaradıblar. Bunun nəyi pisdir ki?
Amma pis olan odur ki, məhz öpüş vasitəsilə herpes, qonoreya, hepatit B və hətta sifilis kimi xəstəliklər ötürülür.
 
Sevinc Telmanqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir