xeste

Budda, qasıq nahiyəsində ağrılar varsa…

Baxış sayı: 755

Koksartroz dayaq-hərəkət aparatı xəstlikləri arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyi bud-çanaq oynağının osteoartrozu da adlandırırlar. Koksartroz daha çox yaşlı insanlarda müşahidə olunsa da, son vaxtlar bu xəstəliyə cavanlarda da təsadüf edilir.

Bunu ortoped-travmatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Müseyib Əhmədov bildirir. Onun sözlərinə görə, koksartrozun əsas əlamətləri bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrıların olması və oynağın hərəkətliliyinin pozulmasıdır: “Vaxt keçdikcə ağrıyan ayaq qısalır, xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur və həyat qabiliyyətini itirir. Qeyd edim ki, koksartroz xəstəliyi təzə başlayarkən ağrılar zəif olur. Adətən bu halda xəstələr həkimə müraciət etmirlər, gözləyirlər ki, ağrı öz-özünə keçəcək. Amma bu, belə deyil. Ağrılar get-gedə güclənməyə başlayır. Müalicə olunmadıqda isə xəstəlik inkişaf edir və daha ağır pozulmalar baş verir”.

“Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir” sualına cavab olaraq ortoped-travmatoloq deyib ki, əgər xəstə ağrılar zəif olarkən həkimə müraciət edərsə, koksartroz xəstəliyi cərrahiyyə əməliyyatı olmadan da müalicə oluna bilər. Çox təəssüf ki, xəstələr bu zaman ağrılara fikir vermirlər və daha ağır pozuntularla həkimə müraciət edirlər. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsul olan endoprotez əməliyyatı ilə müalicə olunur. Koksartrozun yaranma səbəbləri qan dövranının pozulması, oynağın həddən artıq yüklənməsi ola bilər.

Mütəxəssis bildirir ki, bu xəstəlik artıq çəkisi olan insanlarda baş verə bilər. Digər səbəblər kimi mübadilə və hormonal pozulmaları, travmalar, oynaqların iltihabını, skolioz, kifoz və yastıpəncəlik patologiyalarını, anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyaları-oynağın inkişafının pozulmaları, oturaq həyat tərzini göstərmək olar. Xəstəliyin əsas müayinə üsulu Rentgen müayinəsisidir.

Koksartrozun müalicəsi haqda danışan M. Əhmədov qeyd edir ki, bu, xəstəliyin ağırlıq dərəcəsinə görə mərhələsindən asılıdır. Bu xəstəlik birinci və ikinci mərhələlərdə dərmanların köməyi ilə müalicə olunur: “Xəstəliyin ən ağır dərəcəsi olan üçüncü və dördüncü mərhələlərdə isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur. Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihab əleyhinə preparatlar, qığırdağı bərpa edən preparatlar və fizoterapiyadan istifadə olunur”.

Mütəxəssis koksartrozdan əziyyət çəkən insanlara üzgüçülüüyün çox yaxşı kömək etdiyini bildirib: “Tövsiyəm budur ki, oynaqlarınızda, sümüklərinizdə ağrı hiss edən kimi həkimə müraciət edin ki, müalicəni gecikdirmədən sağlamlığınıza qovuşasınız”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir