is

Bülleten özəl şirkətlərdə niyə keçərli deyil?

Baxış sayı: 1. 841

İnsanların iş yerini itirməkdən qorxduğu üçün xəstə-xəstə işə gəlməsi adi hal alıb. Bülleten almaq, xəstələnərkən qaydalara uyğun olaraq evdə oturmaq ancaq dövlət müəssisələrinin işçiləri üçün keçərli sayılır. Özəl şirkətlər isə öz qoyduqları qanunla hərəkət edir. Nəticədə yoluxucu xəstəliklər yayılır, xəstə halda işə gələnlərin vəziyyəti daha da ağırlarşır.

Bakı sakini Gülay Dadaşova bizimlə söhbətində bildirib ki, dövlət müəssisələrində işləyənlər onlara lazım olduqda bülleten açdırır: “Dövlət müəssisələrində çalışanlar poliklinikalarda müddətindən asılı olaraq həkimə 15-20 manat hörmət edərək bülleten götürürlər. Amma özəl şirkətlərdə işləyənlər xəstə-xəstə işə gəlməli olur. Buna heç bir qurum nəzarət etmir. Özəl şirkətlərdə işçilərin hüquqları çox pozulur. Amma, görünür, işsizlik problemi baş alıb getdiyi üçün işçilər buna dözməli olur”.
1 nömrəli şəhər poliklinikasının şöbə müdiri Esmira Məmmədovanın bildirdiyinə görə, hər bir özəl şirkətdə bülleten qəbul olunmalıdır: “Özəl şirkətlərin işçiləri bülleten almaq üçün ərazi üzrə poliklinikalara getməlidir. Elə özəl şirkətlər var ki, onlar işçilərini müayinə üçün özəl tibb müəssisələrinə yönləndirir”.
E.Məmmədova bildirib ki, insanların xəstə-xəstə işə gəlməsi müxtəlif fəsadlara yol açır: “Əgər xəstə infeksion xəstəliyə yoluxubsa, məsələn, qripdirsə, onun qızdırması 40 dərəcədirsə, ya da su çiçəyi çıxarıbsa, xəstə idarəyə, şirkətə necə gəlsin? Bu kimi xəstələr iş yoldaşlarını da xəstəliyə yoluxdura bilərlər. Ona görə, xəstələr infeksiyanı yaymamaq, eyni zamanda, öz vəziyyətləri də ağırlaşmasın deyə billüten almalıdır”.
Şöbə müdiri qeyd edib ki, bülleten almağın iki qaydası var: “Qaydalardan birinə görə, xəstələr evə çağırış edirlər. Bunun üçün xəstələr ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsinə zəng etməlidir. Bülleten almağın ikinci yolu isə xəstənin özünün poliklinikaya getməsidir”.
Həmsöhbətimizin dediyinə görə, bülleten ən azı 3 gün olur: “3 gündən sonra ehtiyac varsa, daha 3 gün də artırılır, sonra yenə 3 gün daha artırıla bilər. Lazım olsa, həkim məsləhət komissiyasının qərarı ilə bir həftə də artırılır. Amma bəzi xəstəliklər var ki, onları ev şəraitində saxlaya bilmərik, belə şəxsləri dərhal xəstəxanaya aparmaq lazımdır”.

Məmmədova deyir ki, müəyyən dövlət iş yerləri var ki, onlar bülleten almaq üçün ərazi üzrə poliklinikaya deyil, peşələrinə aid olan poliklinikalara, tibb müəssisələrinə müraciət etməlidir: “”Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar)”, Dəmir Yolu, DİN işçiləri ancaq aid olduqları tibb müəssisəsinə gedib bülleten açdıra bilər. Biz ancaq ərazi üzrə yaşayan sıravi vətəndaşlara, məktəbdə, poliklinikada, xəstəxanada, yəni adi iş yerlərində çalışanlara xəstəlik vərəqəsi veririk. Amma hansılarının ki öz sığortaları var, onlar öz poliklinikalarına müraciət etməlidir”.

Hüquqşünas Aynur Musayevanın dediyinə görə, işçi ilə işəgötürənin əmək münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimləyir: “Belə ki, qeyd edilmiş məcəllə işçinin işdən azad olunması məsələlərini tənzimləyir. İşçi əmək funksiyalarını kobud şəkildə pozduqda işdən azad edilə bilər. Əmək müqaviləsinin iş vaxtını tənzimləyən müddəalarından asılı olaraq, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə özü özlüyündə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Lakin, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisnadır. Belə ki, qeyd olunan halları təsdiq edəcək həkim rəyi (arayışı) olduqda işçinin xəstə olması ilə əlaqədar işə gəlməməsi əmək münasibətlərinin xitamı üçün əsas deyil”.

Musayeva qeyd edib ki, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilir: “Əmək qabiliyyətinin tam itirilməsi dedikdə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. Əmək Məcəlləsinin qeyd olunmuş müddəaları həm özəl sektorda əmək münasibətlərinə daxil olmuş işçi və işəgötürən həm də dövlət büdcəsi hesabına maliyyələşən müəssisələrdə çalışan şəxslərə şamil edilir”.

Özəl şirkətlərdən birinin direktoru Fəxrəddin Abbasov bizimlə söhbətində bildirib ki, işçi xəstədirsə, müəyyən müddət üçün, əlbəttə, ona izn verilir: “Bunun üçün tibbi arayış, bülleten tələb olunmur. İşçi üçün üzürlü səbəblərə  görə, ya da xəstələndiyi üçün 2-3 günlük işə gəlməməsi üçün icazə veririk. Amma bunu uzun müddət üçün edə bilmirik. Belə ki, onda iş axsayır. İşçini ya yenidən iş yerinə qayıda bilənə qədər başqası ilə əvəz edir, ya da tamamilə işdən uzaqlaşdırırıq”.
Aynurə MƏMMƏDOVA




1 şərh “Bülleten özəl şirkətlərdə niyə keçərli deyil?

  1. Murad Mukhtarov

    Qanunlardakı boşluqlardan irəli gəlir bu problemlər. Əgər qanun dövlət işi və yaxud, özəl sektorda çalışan işçilərdə eyni qüvvədə olmursa, deməli tutduğu vəzifədən aslı olmayaraq, vətəndaşlar arasında ayrıseçicilik, və qanundakı boşluğu izah edir. Bununla bağlı dövlət yeni qanunlar icra etməlidir. Lakin buna heç baxan da yoxdu. 😏😏😏

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir