Nermine Abbasova

“Bunlar qan laxtalanmasının və ya ciddi bir xəstəliyin xəbərçisi ola bilər”

Baxış sayı: 527

“Əzələ qıc olması, ya da əzələ spazması əzələ toxumasının birdən sıxılması və sürətli bir şəkildə yumşala bilməyən əzələnin sıxışması nəticəsində ortaya çıxan narahatedici bir vəziyyətdir. Əzələ spazması bir qrup əzələni, ya da bütün əzələləri özündə birləşdirə bilər və bir spazm hər hansı bir əzələdə görülməsinə baxmayaraq, bir çox əzələ qrupu bundan təsirlənə bilər”.

Əzələ spazması və onun müalicəsi barədə  danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, əzələ spazmından ən çox təsirlənən əzələ qrupları baldır əzələləri və diz altı bölgəsindəki qıç əzələləri, diz üstündəki əzələlər, əl və ayaqlardır:

“Əzələ spazmaları və qıc olmalar yüngül və ağrısız sıxılmalardan şiddətli və ağrılı sıxılmalara qədər fərqli dərəcələrdə ola bilər. Bu sıxılmalar hər hansı bir əzələdə bir neçə saniyə də ola bilər, 15 dəqiqə də ola bilər və sıxılan bölgə gözlə dəqiq bir şəkildə görülə bilər.

Əzələ spazmı ilə qarşılaşma riski ən yüksək olanlar: xəstə, həddindən artıq kilolu və fit olmayan insanlardır. Bəzi dərmanlar istifadə edən xəstələr, həddindən artıq istidə və nəmdə yaşayanlar, ya da çalışanlar da qıc olmalara daha meyllidir. Əzələ spazmları uzun məsafə qaçan atletlərdə və 65 yaş üzərində olub, yorucu fiziki fəaliyyətlərdə olan insanlarda da geniş yayılmışdır”.

Həkim-terapevt əzələ spazması səbəblərindən də bəhs etdi. Səbəblər kimi elektrolit və su əksikliği, bəzi əzələlərdə və sinirlərdə pozğunluq, bəzi kimyəvi maddələr, zədələr və bəzi xəstəliklər, əzələlərin yorulması və çox istifadə edilməsi halları göstərilir:

“Əzələ spazmlarının qarşısının alınması və müalicəsi üçün isti kompres etmək, kalsium qəbulunu artırmaq, kalium qəbulunu artırmaq, su və maye möhkəmlətməsi etmək, bol-bol su içmək lazımdır.

Onu da xüsusi qeyd etmək istərdim ki, bir çox əzələ spazması ciddi deyil və sadaladığım tədbir və müalicə üsulları nəzərə alınaraq həll edilə bilər. Lakin çox tez-tez əzələ spazmlarına və qıc olmalara məruz qalırsınızsa, bunlar qan laxtalanmasının və ya ciddi bir xəstəliyin xəbərçisi ola bilər. Belə vəziyyətlərdə mütləq həkimə müraciət edin. Həkimin göstərişi ilə uyğun fizioterapevtik müayinə qəbul edin”.

Məlum olduğu kimi, əzələ ağrılarından şikayətlənən insanlar adətən ilk vaxtlar təsadüfi ağrıkəsicilər və əzələ yumşaldıcı dərmanlar qəbul edirlər. Həkim deyir ki, müxtəlif xəstəliklərin səbəb olduğu əzələ ağrılarında yanlışlıqla əzələyumuşaldıcı dərmanların istifadəsi problemin artmasına səbəb ola bilər:

“Burada ən vacibi əzələ ağrılarının səbəbini müəyyən etməkdir. Müalicə də buna görə təyin edilməlidir. Əzələ ağrısı əzələdə ağırlıq hissi, həssaslıq, sərtlik, hərəkətsizlik, spazma, ağrı ilə müşahidə olunan tutulmalar, göynəmə olaraq özünü güstərir. Əzələ ağrıları xəstənin yuxusunu pozmaz. Çünki bu ağrılar hərəkət zamanı başlayır və artır. İnfeksiya və maye toplanması zamanı isə bu ağrılar istirahət zamanı da davam edir”.

 

Nərminə xanım bildirdi ki, əzələ ağrısının bir neçə ən sıx bilinən səbəbləri var. Bunlar əzələnin gücə salınması və gərilməsi, onurğa problemləri, Fibromiyalji, İnfluenza (qrip), Lyme xəstəliyi (gənə dişləməsi), dərmanlar, Miyofasiyal ağrı sindromu, Revmatik xəstəliklər:

Həkim-terapevt qeyd etdi ki, əzələ spazması, qəfil başlayan ağrılı əzələ sıxılmaları daha çox baldır əzələlərində izlənir:

“Bu spazmalar əzələ içi maye və elektrolit itkisi, əzələlərdə toksik maddə toplanması nəticəsində və ya qan dövranı pozuqluqlarında meydana gələ bilər. Əzələ spazmaları daha çox bel və boyun yırtıqları zamanı müşahidə olunur. Xəstələr ağrının yerini müəyyən etməkdə çətinlik çəkirlər. Bu səbəbdən digər toxumalardan qaynaqlanan ağrıları da təsbit etməyə bilərlər. Məsələn, omba ağrısı bud sümüyü əzələlərinə yayıla bilər”.

Nərminə Abasova bildirdi ki, stress, gücəsalma, yanlış idman hərəkətləri və ya məşqlərdən qaynaqlanan əzələ ağrıları ümumiyyətlə evdə tətbiq olunan müalicələrlə aradan qaldırıla bilər. Ağır zədə və ya başqa xəstəlik səbəbi ilə yaranan əzələ ağrıları isə ümumiyyətlə ciddi müalicə edilməyi tələb edir.

Uzun müddət edilən məşqlərin əzələ ağrılarına yol açdığını vurğulayan həkim-terapevt qeyd etdi ki, özəlliklə müəyyən yaşdan sonra başlanılan, xüsusi təyin edilməyən məşqlərdən sonra əzələ ağrıları meydana gələ bilər:

“Pilates kimi əzələləri gərən məşqlər adamda onurğa və ya oynaq problemi varsa və ya əzələ quruluşuna görə edilməmişsə əzələ və oynaq problemləri meydana gətirə, əzələ ağrısı meydana gəlincə edilən masaj isə, əzələ içində şiş yarandığı təqdirdə zərər verə bilər. Erkən dövrdə səhv edilən müdaxilələr ciddi əzələ problemləri meydana gətirə bilər, yaxşılaşması aylarla uzanar.

Əzələ zorlanması zamanı ilk 48 saat müəyyən tədbirlər tətbiq edilməlidir. Misal üçün, 15, 20 dəqiqə gündə üç dəfə ağrılı sahəyə buz qoyulmalıdır. Meydana gələ biləcək şişi azaltmaq üçün ayaq və ya qolda zorlama olmuşsa yüksək bir yerdə saxlamaq lazımdır.

Əzələ ağrısı gedərək artırsa, bir həftədən daha uzun müddətə davam edir, ağrılı əzələ ətrafında qızartı və şişkinlik kimi infeksiya əlamətləri varsa, mütləq həkimə müraciət edlməlidir.

Əzələ ağrıları ilə birlikdə nəfəs alma çətinliyi ya da baş gicəllənməsi, əzələ gücsüzlüyü, yüksək atəş və boyun sərtliyi varsa, həmən təcili yardıma müraciət etmək lazımdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir