imtahan

Buraxılış, yoxsa ixtisas imtahanı? – ARAŞDIRMA

Baxış sayı: 678

“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”. Təhsil naziri Emin Əmrullayevin bu günlərdə Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı səsləndirdiyi bu fikirlər fənn ətrafında bir sıra suallar yaradıb. Nazir qeyd edib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq: “İnformatika fənninin buraxılış imtahanlarına salınması bizim üçün gərəklidir. Bununla bağlı narazılıqlar ola bilər. Amma gəlin bu narazılıqlara qarşı çıxaq”.

 

Kimlər ki, informatika yönümlü ixtisasları seçirlər… 

Dövlət İmtahan Mərkəzi (DİM) isə öz növbəsində bu fənn üzrə qəbul proqramının hazırlanmasının artıq yekunlaşdığını bildirir. Yəni qəbul imtahanlarına (Rİ altqrupuna daxil olan) ilk dəfə salınacaq informatika fənni üzrə suallar kurikulumun təlim nəticələrinin tələblərinə uyğun hazırlanıb. Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib: “2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər”.
DİM-in şöbə müdiri Xanlar Xanlarzadə mövzu ilə bağlı sualımızı cavablandıraraq qeyd etdi ki, DİM 2023/2024-cü tədris ilindən belə bir dəyişikliyin olacağı ilə bağlı məlumatı artıq verib: “Növbəti ildən I ixtisas qrupunda kimlər ki, informatika yönümlü ixtisasları seçirlər, informatikadan imtahan verəcəklər. O cümlədən, kimya yönümlü ixtisası seçənlər həm kimyadan, həm də informatika fənnindən imtahan verəcəklər”.

 

Şagirdlərin marağı olsa

İnformatika fənninin buraxılış, yaxud I qrup üzrə informatika yönümlü ixtisasların müsabiqəsinə  daxil ediləcəyi ilə bağlı fikirlər bir qədər anlaşılmazlıq yaradıb. Nəticədə “Fənn buraxılış, yoxsa I ixtisas qrupu üzrə qəbul imtahanına daxil ediləcək?” sualı ilə yanaşı “İnformatika fənni ilə bağlı dərsliklər hansı səviyyədədir?”, “Kadr hazırlığı necədir?”, “Şagirdlərin fənnə marağı varmı?” və s. kimi meydana çıxan suallara təhsil ekspertlərinin cavabları isə birmənalı deyil.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadənin fikrincə, problem, ilk növbədə şagirdlərin informatika fənnini ciddiyə almaması ilə bağlıdır. Belə ki, şagirdlərin bu fənnə daha çox diqqət yetirməsi və müəllimlərin həvəslə yanaşması lazımdır: “Problem yanaşma olaraq şəffaflığın necə qorunmasından da qaynaqlanır. Çünki informatika biliklərini yoxlamaq üçün imtahanda test kifayət etmir. Açıq məsələlər layihə formasında yoxlana bilər. İnformatika qəbul imtahanına salınanda hansı mövzular və hansı dövrdən təklif olunacaq və ya bütün şagirdləri əhatə edəcəkmi? Yoxsa 5 ildən sonra məktəbi bitirən şagirdləri əhatə edəcək? Bu istiqamətdə də çətinliklər var”. Ekspert hesab edir ki, proqram baxımından fənnin tətbiqinin zaman alması qaçılmazdır. Üstəlik, orta məktəb müəllimləri informatikadan şagird hazırlamağa da hazır deyillər: “Təbii ki, bu fikir hamıya aid deyil. Müəyyən qisim müəllimlər buna hazırdır. Sadəcə bizə lazım olacaq qədər, bunu kütləvi şəkildə həyata keçirəcək müəllimlərin sayı azdır. Narahatlığın əsas səbəbi budur. Çünki təhsil nəticəsini sonda qiymətləndirib uğuru göstərən faktor DİM olduğuna görə, qurum bunu qəbula tətbiq etməlidir ki, şagird və müəllimlərin məsuliyyəti artsın”. R.Əsədzadə qeyd edir ki, I qrup üzrə hazırlaşan, məsələn, kompüter mühəndisliyi və s. ixtisasları seçən abituriyentin kompüterlə bağlı ilkin bilgiləri olmayacaqsa, universitetdə ciddi  problemlə qarşılaşacaq. Belə ki, universitet onu müəyyən səviyyədən öyrətməyə başlayır, amma əvvəlki təhsil səviyyəsində boşluq olsa, tələbələr çətinliklərlə üzləşirlər”.

 

Peşəkar müəllimlərə ehtiyac

ADA Universitetində İT Mühəndislik kafedrasında (School of IT and Engineering) “Programlaşdırmanın Əsasları” fənnini tədris edən Rəşad Əliyev qeyd edir ki, informatika ixtisasında “Alətlərin  istifadəsi”, “Alqoritmik dillər” və s. istiqamətlər mövcuddur: “Şagirdlər “Alqoritmik dillər”i keçirlərsə, imtahanda müəyyən alqoritmik tapşırıqlar ola bilər”. Ekspertin fikrincə, şagirdləri hazırlaşdırmaq üçün peşəkar müəllimlərə də ehtiyac var: “Müəllimlər o dərsi keçməsələr, tədris problemi yaşanar. Nə olsun ki, kurikulum üzrə tədris proqramı hazırlanıb, ancaq bunu tədris edəcək müəllimin olub-olmadığını düşünmək lazımdır. Bu baxımdan, bu sahədə kadr problemi var. Müsbət tərəfi odur ki, uşaqların məktəb vaxtından bu bacarıqlara yiyələnmələrinin gələcəkdə onların bu istiqamət üzrə ixtisas seçimində, karyera qurmasında böyük faydası olacaq”.

 

Narazılıqlar təbiidir

İnformatikanı müasir dünyada vacib sahə hesab edən təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, artıq dünyada informatikanın müdaxilə etmədiyi sahə yoxdur: “İncəsənətdən tibbə qədər bütün sahələr o cümlədən, mühəndisliyin bütün sahələri informatika ilə əlaqəlidir. Ancaq bu istiqamətdə kitablarımız, dərs vəsaitlərimiz, müəllimlərimiz yetərli qədər deyil. Hansı səpkidə suallar soruşacağımızı hələ tam bilmirik”. Ekspertin sözlərinə görə, dünya təcrübəsində, beynəlxalq kurikulumlarda bu fənn imtahana daxildir. O, informatika fənni ətrafında yarana biləcək narazılıqları isə təbii hesab edir: “Bütün növ dəyişikliklərin hamısında cəmiyyətin müəyyən bir qismi etiraz edir. Çünki insanlar komfort zonadan çıxmış olurlar. Qeyri-müəyyənlik olduqda bundan narahatlıq keçirirlər. Bu, bir psixoloji haldır. Məsələn, sual bankı yoxdur; informatika fənni üzrə sualları kim və necə, hansı kitablardan hazırlayacaq və s. kimi məsələlər insanları narahat etdiyinə görə narazılıqlar olacaq. Bununla belə, hesab edirəm ki, bu fənnin indiyə qədər qəbul imtahanına salınmaması qəbahətdir”.

Çox güman ki, informatika fənni ətrafında yaranacaq narazılıqlar zamanla həllini tapacaq. Ancaq əsas məsələ – “İnformatika fənni – buraxılış, yoxsa ixtisas qrupu üzrə imtahan fənni kimi?” sualının cavabı tapılandan sonra. Fənnin buraxılış imtahanına gedən bütün şagirdləri, yoxsa informatika yönümlü ixtisası seçmək istəyən şəxsləri əhatə edəcəyini bəri başdan aydınlaşdırmağa ehtiyac var…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir