masin

Buzlu havada avtomobili necə sürmək lazımdır?

Baxış sayı: 240

Ölkənin bəzi şimal rayonlarında olduğu kimi, Bakıda və Abşeron yarımadasında da qar yağdı. Qarlı havanın isə ilk təsiri nəqliyyatın hərəkətində özünü büruzə verir. Belə ki, əvvəllər dəfələrlə yollar buz bağladığı təqdirdə zəncirvari avtomobil qəzalarının şahidi olmuşuq. Əksər sürücüləri də maraqlandıran əsas məsələ sürüşkən yollarda avtomobili necə idarə etməkdir.

Mövzu ilə bağlı avtomobil eksperti Elməddin Muradlı bildirir ki, sükan arxasına yeni keçən sürücülərin buzlu yollarda avtomobil idarə etməyi məsləhət deyil. Onun sözlərinə görə, maşının sürüşməsinin qarşısını yalnız peşəkar sürücülər çətinliklə ala bilir:

“Qarlı, şaxtalı, yağışlı havalarda sürücülərin əməl etməli olduğu bir neçə məqamlar var. Məsələn, şüşəsilənlər aktiv olmalıdır, maşında dumanlanma yaranırsa havalandırmaya diqqət etmək lazımdır. Bununla da avtomobildə görüntü problemi aradan qalxır. Duman faralarının işlək vəziyyətdə olması, ümumi işıqlardan düzgün istifadə olunması hər zaman aktualdır. Bunlar yağış və dumanlı havalar üçün önəmlidir.

Ancaq qarlı və yolların buz bağladığı zaman daha vacib məsələlər var. Bunlardan ən əsası indiyədək təcrübədə də təsdiqini tapan və əksər sürücülərin də razılaşdığı bir faktdır. Belə ki, yolların buz bağladığı bir dövrdə 1-2 il əvvəl avtomobil sürməyə başlayan, yəni, sükan arxasına yeni keçən sürücülər özlərindən çox əmin olmasınlar. Amma yenə də istisna hallar ola bilər, bəlkə də kimsə daha güclü öyrənib və qaydalara düzgün əməl edir. Gərək o qədər peşəkar sürücü olasan ki, maşının buz üstündə “rəqs etməyi” nəzərə çarpmasın. Amma əksər sürücülər bu səhvi edir. Enişli-yoxuşlu yollarda sürüşkənlik varsa qarşısını ala bilmirlər. Yalnız peşəkar sürücülər bu problemin qarşısını çətinliklə ala bilirlər”.

Həmsöhbətimiz onu da qeyd edir ki, qarlı və buzlu yollarda sürücünün peşəkarlığı ilə yanaşı avtomobilin də saz vəziyyətdə olması önəmlidir:

“Sürüşkən yollarda qəzalardan yayınmaq sürücüdən asılı olduğu qədər, avtomobilin saz vəziyyətdə olmasından da asılıdır. Ancaq təəssüf ki, Azərbaycanda sürücülərin 70 faizi qışa hazırlıq anlayışını bir kənara qoyur. Məsələn, avtomobilləri yoxlasaq, bəlkə də 70 faiz sürücünün qış təkərlərini dəyişməyə imkanı yoxdur. Onlarda heç maraq da yaranmır ki, belə təkərlərdən istifadə eləsin. Zəncir və s. xüsusi vasitələr var ki, heç onları da maşında ehtiyyat kimi saxlamırlar. Ümumiyyətlə qarlı, buzlu yollarda şəxsi avtomobillərdən maksimum az istifadə etmək lazımdır. Azərbaycanda sürücülər arasında belə bir qayda da var ki, qarlı buzlu yollarda maşın sürüşüb bir-birinə dəysə, hərə gedib öz maşınını düzəldir. Ancaq belə hallarda sürücülər qəzaya düşürsə sığorta şirkətlərinə müraciət edə bilər. Çünki bu qəzalar da adi yol-nəqliyyat hadisəsi kimi qeydə alınır. Bununla bağlı yol polisinin müraciət və xəbərdarlıqlarını da diqqətlə oxumaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir