Celale Nezeroglu

Cəlalə Nəzəroğlu: “Yaxşı danışığın təməli ailədə qoyulur” – MÜSAHİBƏ

Baxış sayı: 346

“Bir dəfə banka getmişdim, bank işçisi mənə dedi ki, Cəlalə xanım, radioda sizi dinləyirəm. Fikir vermişəm ki, siz bəzi sözlərin tələffüzünü düz etmirdiniz. “Vətəndaşlar” əvəzinə, “vətəndaşdar” deyirsiniz. Bu da düz deyil. Təbii ki, mən həmin vaxt orda ona “lar-lər” şəkilçisinin bəzən yerinə görə “nar-nər, dar-dər, rar-rər” ola biləcəyini izah edə bilməzdim”. Bu sözləri bizimlə söhbətində ASAN radionun aparıcısı, nitq təlimçisi Cəlalə Nəzəroğlu dedi. Bildirdi ki, bunlar dili dərinliyi ilə bilməməkdən irəli gəlir. Əslində, düzgün yazı, danışıqla bağlı doğru bilinən yanlışlara tez-tez rast gəlirik. Bəs bu yanlışları necə aradan qaldıraq? Gözəl nitqə sahib olmaq üçün nələri bilməliyik? Bu mövzuda C.Nəzəroğlu ilə söhbətləşdik.

 

– Danışıram – pis olur, danışmıram – his. Atalar sözümüz boşuna deyilməyib, çox insan tez-tez “danışım-danışmayım” dilemması qarşısında qalır. Burdakı ortaq nöqtənin tapılmasından başlayaq…

– Hər şeydə olduğu kimi, danışığın da çoxu ziyandır. “Danışmaq gümüşdürsə, susmaq qızıldır” fikri də boşuna deyilməyib. Bir insan düşünmədən danışırsa, sonra fikirləşməyə məcbur olur-gec, ya da tez. İnsanların yaşadıqları sıxıntıların təməlində daha çox insan faktoru dayanır. Bir az da konkretləşdirsək, stresimizin qaynağında söz, hərəkət dayanır. Biz bəzən sözlə deyil, bədən dili ilə də danışırıq. Əgər hansısa məsələ ilə bağlı bir neçə dəqiqə dayanıb düşünsələr, demək istədiklərini yox, başqa şey dilə gətirəcəklər. Hər zaman elə o saniyə cavab vermək məcburiyyətində olmuruq. Bəzən bizim bir neçə saat sonra cavab verməyə ixtiyarımız olur. Əgər həmin an fikrimizi kimsə soruşursa, bu durumda belə aydınlaşdırıcı suallar verib vaxt qazana, beynimizdə sürətli təhlillər aparıb vəziyyətə uyğun davrana bilirik. Mümkün qədər az və düşünülmüş formada, emosiyalara qapılmadan danışmaq lazımdır.

– Ani məqamda emosiyanı idarə etmək heç də asan olmur, axı…

– Belə söz var ki, çox əsəbi və sevincli olanda heç kimə söz vermə. İstər sevinc, istərsə də əsəb uzunmüddətli olmur. Bir az keçir, hislər soyuyur. Hər şey qaydasına düşəndə peşmanlıq başlayır. Bir az sonra etiraf etməsək belə, özümüzlə danışanda başa düşürük ki, həqiqətən də səhv etmişik. Ona görə də maksimum soyuqqanlı olmaq lazımdır. Misalla izah edim. Məsələn, işdə kiməsə möhkəm əsəbiləşmisiniz, özünüzə qadağa qoymayın ki, mən ona pis söz deməyəcəm. İnsan qadağalara meyillidir. Sadəcə, əsəbiləşəndə özünə de ki, 10 dəqiqə sonra gəlib o adama ürəyimdən keçən hər sözü deyəcəm. Sonra o məkandan uzaqlaş, mütləq təmiz havaya çıx, dərindən nəfəs al. 10 dəqiqə sonra ya həmin adamla söhbət etmək istəmirsən, ya da məntiqlə danışırsan. Bu yazılı nitqə də aiddir, şifahiyə də, telefon danışıqlarına da. Çünki həmin anda hiss etdiyimizlə 10 dəqiqə sonra hiss edəcəklərimiz bir-birinə qətiyyən oxşamır. Soyuqqanlı olduqda qarşı tərəfi dinləyə bilirsən. Dinləyib başa düşəndən sonra cavab vermək lazımdır.

– Gözəl nitqdən danışaq. Bir qisim adamlar var ki, danışıqlarına fikir versək, görərik ki, nə artıq söz olur, nə də qarışıq nə isə. Sözlərin bir nitqdə axıcı formada düzülməsi nəyin sayəsində olur?

– Burada iki faktor var: dil və ondan istifadə bacarığı. Dil nitq vasitəsidir, nitq isə prosesdir. Bəzi insanlar dili bilir, kifayət qədər söz ehtiyatı var. Nitq isə həmin sözləri sapa düzmək bacarığıdır. Dil muncuq, nitq isə sapdır. Onu səliqəli şəkildə düzməyi bacarmaq lazımdır. Hər bir muncuğu böyüklüyünə, rənginə uyğun şəkildə ard-arda qoymağı bacarırıqsa, bu zaman səlis nitq yaranır. Çox kitab oxumaq söz ehtiyatını artırır. Ancaq bəzən insanlar şikayət edir ki, nə qədər kitab oxusam da, danışmağa söz tapmıram. Problem ondan ibarətdir ki, öyrəndiyini tətbiq etmir. Əgər yaxşı danışmaq istəyirsinizsə, kitabda oxuduğunuz hadisəni mütləq kiməsə nəql edin. Hər şey vərdişdən asılıdır. Axıcı nitqdən söhbət gedirsə, buraya söz ehtiyatı, ağız aparatının yaxşı işləməyi daxildir. Adam var sözü deyir, başa düşmürsən. Çünki hər hərfin özünün deyiliş qaydası var. Ağız aparatı ilə işləmək çox önəmlidir. Əgər insanın fiziki problemi yoxdursa, ağız tənbəlliyini aradan qaldırmaq asandır. Fiziki problem dedikdə dovşandodaqlıq, dil bağının qısalığı, yaxud heç olmamağı, dil böyüklüyü, dişlərin qeyri-standart və aralı olmağı, damaqda şişkinlik, ağıziçi xəstəlikləri nəzərdə tuturuq. Bunlarla yanaşı, nəfəs də çox önəmlidir. Yaxşı və güclü səsimizin olmasını istəyiriksə, düzgün nəfəs almalıyıq. Nə qədər bol hava qəbul etsək, onu geri verərkən bir o qədər də təzyiq olur. Bu isə, səs tellərinin yaxşı titrəməyi deməkdir. Bu zaman həm səs yaxşı çıxır, həm də nitq axıcı olur. Bütün bunlar vəhdət təşkil edəndə, axıcı nitq yaranır. Bundan sonra isə nəyi harada, necə demək qalır.

– İndi bir çox işə qəbul müəssisələrində tələbin biri də gözəl danışıq qabiliyyətinə malik olmaqdır. Bu tələb son vaxtlar aktuallaşıb.

– Təqdimatdan çox şey asılıdır. Real olaraq işəgötürən vəzifəsində əvvəllər çalışmışam. Televiziyalarda departament rəhbəri olarkən bu prosesin canlı şahidi olmuşam. Bəzən CV-də yaxşı təcrübə, bir neçə dil biliyi, kompüter bacarıqlarının olduğu yazılır, amma adam gəlib qarşımızda oturanda özünü ifadə edə bilmir. Bəlkə də o, yaxşı əməkdaşdır, amma özünü ifadə edə bilmədiyinə görə mən onu işə götürməmişəm. Ondan daha az təcrübəli, dil qabiliyyəti bir az zəif olanın isə özünütəqdimetmə qabiliyyəti elə gözəl idi ki, onu dərhal işə götürdüm və buna peşman olmadım. Danışdığı kimi də işini gördü. Yaxud, tutaq ki, sənin şirkətin gəlirlərini artıracaq gözəl layihən var, amma onu təqdim etməyi bacarmırsan. Dil dolaşır, iki kəlməni yan-yana deyə bilmir, tər basır və öz bacarıqlarını rəhbərliyə göstərə bilmir. Əgər, o, öz layihəsini dili ilə sata bilmirsə, yararsız əməkdaş olacaq. Bundan başqa, iş yerlərində həmkarlararası və rəhbərliklə münasibət önəmlidir.

– Bəzən görürsən ki, azyaşlı uşaq elə gözəl nitqə sahibdir ki. Fikirləşirsən ki, bu, o qədər kitab oxumayıb, bəs bu, nə ilə bağlıdır?

– Uzağa getməyək, Rusiya və Türkiyə təcrübəsinə baxaq. Onlar çox rahat danışırlar. Yaxşı danışığın təməli isə ailədə qoyulur. Bu, daha çox ana ilə bağlıdır. Qadın uşağını dünyaya gətirməzdən əvvəl onunla söhbətə başlamalı və gözəl danışmalıdır. Hamilə olarkən qarnını sığallayıb söhbət etməlidir. Uşaq doğulduqdan sonra hər şeyin izahını verib çoxlu danışmaq lazımdır. Geyindirərkən paltarın rəngi, forması, qəşəngliyi ilə bağlı danışmalıdır. Bu zaman uşaq həm çox söz eşidir, həm də necə eşidirsə, elə də danışır. Ona görə eşitdikləri sözlərin də doğru olması üçün biz də gözəl danışıb onlara da aşılamalıyıq. Uşaqla çoxlu söhbət etmək və izah vermək lazımdır. Uşaqlar çox sual versələr də, valideynlər onları dinləməlidirlər. Belə olanda uşaqlar özlərini həm önəmli hesab edirlər, həm də danışmaq üçün stimul qazanırlar. Bəzən valideyn sonradan təşvişə düşür ki, uşağımı yaxşı bağçaya və məktəbə göndərim. Amma bunun əlifbası var. Təməl lap kiçik yaşlarından qoyulur. Nitqi ilə bağlı fiziki problemi olan uşaqları yaxşı olar ki, loqopedin yanına aparsınlar. Uşaqla səlis danışmaq və onlara kitab oxumaq lazımdır. Gecə yatmazdan əvvəl oxunan kitablar daha faydalıdır. Bizə elə gəlir ki, uşaq bunu yadda saxlamır. Amma uşaq yuxuya gedəndən sonra beyin öz işini görür. Bu şəkildə söz ehtiyatı da artır.

– İlkin formalaşma ailədə olur, bəs bağça, məktəbin üzərinə nə düşür?

– İnsan hər bir yaş mərhələsində mütləq şəkildə nəyisə öyrənir. Bağçada, orta məktəbdə, ali təhsil müəssisəsində. Təəssüf ki, bütün müəllimlərin nitqi səlis deyil. Ali məktəblərdə nitq mədəniyyəti fənnini çox vaxt dil-ədəbiyyat müəllimləri tədris edirlər.

– Bir çoxumuz nə qədər çalışsaq da, ləhcə ilə danışmaqdan xilas ola bilmirik. Ləhcə ilə ədəbi dildə olan sözlərin qarışdırılması hallarına da rast gəlirik.

– Ədəbi dil deyilən qanunlar toplusu var. Bu, orfoepik və orfoqrafik qaydalardan ibarətdir. Orfoepiya hamının mütləq şəkildə əməl etməli olduğu tələffüz qəlibini nəzərdə tutur. Ləhcələrə hörmət edirik. Bu, bizim milli mənliyimizin bir hissəsidir. Ailə içində, qohumlar arasında ləhcə ilə danışa bilərik. Amma cəmiyyət içində bunu göstərmək olmaz. Əgər bir sözü ətrafımızdakı insanlar, dostlarımız, həmkarlarımız istifadə etmirsə, televizorda və radioda eşitmiriksə, nadir tapılan sözdürsə, artıq o sözü araşdırmaq lazımdır.

– Hər bir işdə danışıq vacibdir. Amma olmazsa-olmaz sahələr də var. Bunlar hansılardır?

– Heç şübhəsiz ki, jurnalistlərin, aparıcıların nitqi başqalarına nümunə olmalıdır. Çünki insanlar fikirləşir ki, ən yaxşı aparıcı danışmalıdır. İndi reklam böyük qüvvədir. Mütəxəssislərin, özlərini reklam edənlərin yaxşı danışığı çox önəmlidir. Bundan başqa, bəzi sahələrin mütəxəssisləri nitqdən birmənalı şəkildə asılıdırlar. Misal üçün bir psixoloq öz pasienti ilə söhbət edəndə qarşısındakı adam hətta ucqar dağ kəndindən gəlsə belə, danışıqdan təsirlənəcək. Səbirli, sakit, axıcı, məntiqli danışıq olmasa, pasient ondan razı qalmayacaq. Vəkillər də əla danışmağı bacarmalıdırlar. Onlar kimisə müdafiə edirlər. Ümumilikdə, danışıq həyatdır. Adi məişət söhbətində belə düzgün danışıq önəmlidir.

– Mətbuat işçiləri də bu sıradadır. Özünüz də bu sahədəsiniz, mətbuat adamları ilə çox ünsiyyətdə olursunuz, əsas problemlər nələrdir?

– Hazırda televiziya və radiolarda çalışan həmkarlarımızın bir çoxu başqa sahələrdən gəlib. Məncə bu, normal haldır. Əgər aparıcılıq üçün tələb olunan kriteriyalara cavab verirlərsə, ola bilər. Amma aparıcının pis danışmağa haqqı yoxdur. Bir həkim necə deyə bilər ki, mən iynə vura bilmirəm? Aparıcının belə bir şey etməyə ixtiyarı yoxdur. Tənqiddən nəticə çıxarmaq lazımdır. Dilçilik İnstitutu monitorinq aparır və bununla bağlı açıqlama verir. Aparıcıların adları qeyd olunur. Həmkarlardan biri etiraz olaraq bildirmişdi ki, tənqidlərinizə etirazım yoxdur, amma bunu aradan qaldırmaq üçün nə təklif edirsiniz? Həqiqətən də  konkret bir qurum olmalıdır ki, nitq problemi olan hər kəs ora müraciət etsin.

– Yazılı, yoxsa şifahi nitqdə problemlər daha çoxdur?

– Əslində hər ikisində var. Sosial şəbəkələrdəki statuslara, yazışmalara fikir versək, görərik ki, o qədər savadsız yazılar var ki! Hətta 3-4-cü sinifdə öyrədilən adi qaydalara əməl edilmir. «Da» və «də»-nin nə zaman bağlayıcı, nə zaman yerlik hal şəkilçisi kimi yazıldığını bilmirlər. Yaxşı danışıq kimi yaxşı yazı da qarşı tərəfdə fikir formalaşdırır. Ona görə, həm danışaraq, həm də yazaraq, reputasiyamıza diqqət yetirməliyik. Öyrənmək çətin deyil. Yaxşı redaktə olunmuş kitabları oxuyaraq öz nitqimizi inkişaf etdirə bilərik. Mən orfoqrafiyanı kitabları oxuya-oxuya öyrənmişəm.

– ASAN radioda “Ana dili” məlumatlandırma proqramı da yaradıldı. Ümumiyyətlə, bu sahədə məlumatlanma nə dərəcədədir?

– «Ana dili» mənim ən sevdiyim layihəmdir. Bunun üçün “ASAN FM”in direktoru Emin Musəviyə təşəkkür edirəm. Çünki ideya müəllifi odur. Çoxları tərəfindən doğru bilinən yanlışları seçib, qısa formada təqdim edirəm. Ona görə qısa edirəm ki, gün ərzində dəfələrlə təkrarlana bilsin. Bundan başqa, insanlar uzun-uzadı məlumata qulaq asa bilmir, çoxlu məlumatı yadda saxlamır. Qısaca olaraq bir söz, yaxud bir ifadədən danışıram. Məsələn, əksəriyyət elə bilir ki, bu ifadə belədir: “İlanın yarpızdan acığı gəlir, o da gedib onun yuvasının qabağında bitir”. Əslində isə “İlanın yarpuzdan zəhləsi gedir” olmalıdır. Yarpuz heyvan adıdır. Əksəriyyət bunu bilmir. “Narahatçılıq, anlaşılmamazlıq, çatışmamazlıq” kimi ifadələr var. Onlar da düzgün deyil – bir sözdə bir inkar şəkilçisi ola bilər. “Xoşbəxtçilik, bədbəxtçilik” ifadələri dilimizdə yoxdur. Sevindirici haldır ki, “ASAN” radioya gələn hər kəs ilk olaraq «Ana dili» layihəsindən danışır. Demək ki, insanların buna ehtiyacı var. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir