cadu

Cadunun dağıtdığı tifaqlar: “Cinləri doldurmuşdular evə…” – ARAŞDIRMA

Baxış sayı: 1. 921

İnsan oğlu var olduğu gündən cadu, sehr və bu kimi qeyri-adi güclərin olduğuna inanır və ondan istifadə etməyə çalışır. Hansısa fövqəlbəşər varlıqların qüvvələrindən öz həyatlarının yaxşılaşması yönündə yararlanmağa çalışırlar. Elmin, texnikanın bu dərəcədə inkişaf etməsinə baxmayaraq, hələ də falçıların qapılarında saatlarla yaranan növbələr, məzar daşlarının altından qıfıl tapan insanlar mövcuddur. Problemlərinin həllini, varlanmağın, işdə qabağa getməyin, şansının bol olmasının açarını falçılarda, onların yazdıqları dualarda görənlər o qədərdir ki… Evində rahatlığı olmayan, qayınanası ilə problem yaşayan, uğursuzluqla üzləşən, ruzi-bərəkət istəyən… bir çoxlarının ağlına gələn ilk qurtarıcı fikir cadu – piti etdirməkdir.

Mətbuatda vaxtaşırı yer alan məlumatlardan aydın olur ki, şou-biznes nümayəndələri arasında da cadu-piti yayılıb, özü də çox geniş şəkildə. Evindən, həyətindən, maşınından, paltarından cadu tapdığını iddia edən xeyli sayda sənət nümayəndələri var. Hətta onlar cadu-pitiyə fantastik rəqəmlər xərcləyirlər. Maraqlıdır ki, onların əksəriyyəti bu caduları onlara məhz sənət yoldaşlarının etdiyini düşünürlər.

Bəs görəsən insanları cadu-pitiyə inandıran amillər hansıdır? Niyə onlar cadunun köməyi ilə hansısa problemlərdən qurtulacaqlarını zənn edirlər? Yaxud da kimlərisə cadu ilə bədbəxt edə biləcəklərini düşünürlər? Elmin, təfəkkürün kosmosla, göylə əlləşdiyi bir zamanda insanların bu cür absurd məsələləri özlərinə çıxış yolu görməsinin altında yatan səbəblər hansılardır? Bu, bir psixoloji problem sayılırmı? “Gencaile.az” “Ailem.az”-a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir.

 

“Dedilər, səndə peyğəmbər nişanəsi var…”

Buzovnada yaşayan Sevil adlı məşhur bir falçı deyir ki, 18 ildir bu işlə məşğuldur: “Mən ailənin ən böyük uşağı olmuşam və digər uşaqlardan seçilmişəm. Anam deyir, 6-7 yaşım olanda 20 gün yatmışam və ayılmamışam. Həkimlər mənə heç bir şey edə bilməyib. Axırda qoca bir mollanı gətirirlər yanıma. O mənə baxır və deyir ki, bu uşaq Allahın sevimli bəndəsidir, ona vergi veriləcək. Beləcə, o, mənim başımın üzərində Qurandan bəzi ayələr oxuyur. Ondan bir neçə gün sonra mən gözlərimi açıram. Elə bu xal da (əli ilə yanağındakı böyük xalı göstərir) o zaman yaranıb. Böyüklər mənə həmişə deyir ki, bu, səndə peyğəmbər nişanəsidir”.

Falçı bildirir ki, bir az böyüyəndən sonra özündə qeyri-adi bacarıqlar hiss etməyə başlayıb. Yanında olan adamların fikirlərini oxuya bilib, onlarda hansı xəstəliklərin olduğunu təyin edib: “Mən kiminsə pisliyi üçün, evinin dağılması üçün edilən caduları da açıram. Həm də özüm dualar yazıb, yanıma gələn şəxslərə verirəm ki, heç bir pis cadu, nəzər onlara toxunmasın. Yanıma gələnlər arasında məşhur insanlar da olur. Mənə xeyli xırda düyünlər bağlamalar gətirirlər ki, evlərindən, həyətlərindən tapıblar. Mən həmin bağlamaları xüsusi qayda ilə, bəlli bir dualarla oxuyub üfürürəm. Buna görə mənə pul, hətta zinət əşyası da verənlər olur”.

 

Başını divara vururdu…

O qeyd edir ki, yanına gələnlərə bərəkət, uğur, xoşbəxtlik, mehribanlıq duaları da yazır: “Yanıma gələn insan gərək mənə inansın, şəkk eləməsin, yoxsa yazdığım duaların təsiri olmur. Bu yaxında yanıma bir cavan gəlin gətirmişdilər. Elə uzaqdan gördüm ki, onun aurası məni itələyir. Çünki canına cin girmişdi. Ona qara cadu etmişdilər. Qara cadunu təmizləmək isə asan deyil. Bu, bir neçə mərhələdə həyata keçirilir. Çünki ona şeytanın əməllərində istifadə etdiyi heyvanların orqanları, caynaqları, beyinləri ilə təsir etmişdilər. Hər şeydən qorxurdu, oturduğu yerdə başlayırdı qışqıra-qışqıra danışmağa, başını divara vurmağa. Bir neçə dəfə yanıma gəlib-gedəndən sonra əməlli-başlı yaxşılaşıb”.

 

O, ölməyəcəkdi, cadudan öldü…

Psixologiya və Nitq İnkişaf mərkəzinin rəhbəri, psixoloq Vəfa Rəşidova Ailem.az-a deyir ki, caduya inanmağın kökündə qorxu dayanır: “Bütün dövrlərdə və xalqlarda şaman və şamanizm olub. Şamanizmdən sonra yeni dövrün bir bəlası yarandı – ekstrasenslik, fal, cadu-piti. Caduya inanan insanın psixologiyasının dərinliyində mütləq qorxu dayanır. O qorxur ki, özüm, yaxınım cadu-pitidən ölər. Mən həmişə bu fikri açıq deyirəm ki, insanlar aldadılmağı çox sevirlər. Aldatmağı yox ha, aldadılmağı. Reallığı sevən, qəbul edən insan azdır. İki cür insan var. Reallığı sevən və qeyri-reallığa, olmayan şeyə inananlar, eyni zamanda, həqiqəti sevməyən insanlar. Ümumiyyətlə, caduya inanan insan ya təhtəlşüurunda özünü günahkar hiss edir, ya qorxuları var, ya da ümumiyyətlə olana inanmaq istəmir. İnsan gözünün önündə narkomaniyadan rəhmətə gedir, deyir ki, yox o ölməyəcəkdi, cadudan öldü. Mən bu cür halları pasiyentlərim arasında müşahidə etmişəm. Bir psixoloq kimi görürəm və bilirəm ki, cadu insanı öldürə bilməz. Axı bu insan illərdir narkomaniyadan əziyyət çəkirdi, necə oldu ki, cadu onu öldürdü? Buradan belə bir fikir çıxır – insan qəbul etmir ki, həyat yoldaşı narkoman idi və bundan həyatını dəyişdi. Deyir, məni istəmirdilər, gözləri götürmürdü deyə öldü”.

 

“Mənə cadu ediblər, ərə getmirəm…”

Psixoloqun sözlərinə görə, 80-90 faiz hallarda caduya-pitiyə inanan insanın psixologiyasında böyük bir sarsıntı yaşanır. Ya da dərinlikdə depressiya və sarışan hallar nevrozundan əziyyət çəkir: “Sarışan hallar nevrozu həddindən çoxdursa və hər şeyi cadu-pitiyə bağlayırsa, bəli, insanın psixologiyasında və dünyagörüşündə dar bir düşüncə var. Məsələn, mənə cadu ediblər, ərə getmirəm, mənə cadu ediblər evdə ərimlə problem yaşayıram. Əslində, o sözü deyən insan bir saniyəlik özünə nəzər yetirsə, orada heç bir cadu təsirinin olmadığını görəcək. Sadəcə o özünü yenidən həyatda aldadır. Ən genişdüşüncəli bir insanı götürək və yüz dənə də cadugəri düzək. Onlar həmin insanın uğuruna, özgüvəninə heç nə edə bilməz. Bax bunu həmin insanlar anlamalıdır. Praktikamda belə bir nümunə də var. Pasient deyirdi, cadu etdilər, bizi ayırdılar. Psixoanaliz edib gördüm ki, onlar elə əvvəldən düzgün münasibət qurmamışdılar. Hansı cadu ayırıb bunları?!”

 

Müasir elm sehrin bütün növlərini rədd edir

Psixoterapevt Xanım Niftəliyeva bildirir ki, caduya inananlar onu müxtəlif vasitələrlə həyata keçirirlər: “Məsələn, sehirli sözlər, yazılar və yaxud qeyri-adi hərəkətlər etmək, simvollar çəkmək, sehrli zənn edilən otlardan istifadə etməklə. Həmçinin də qan, heyvan yağından istifadə etməklə cadu deyilən tilsim həyata keçirilir. Adətən cadunu iki məqsədlə həyata keçirirlər. Birincisi, işlərin yaxşı getməsi, barışıq məqsədi ilə. Ailələrdə qayınana-gəlin, ər-arvad arasında problem varsa, cadunun köməkliyi ilə bu problemdən qurtulacaqlarını zənn edirlər. İkincisi isə, birini cəzalandırmaq, bədbəxtlik gətirmək məqsədi güdür. Cadu ilə ta qədim zamanlardan məşğul olublar. Hətta orta əsrlərdə cadu ilə din adamlarının, qəbiristanlığa nəzarət edən şəxsin, həkim və ya dəmirçinin məşğul olduğu deyilirdi. Hazırda da bəzi insanlar cadu etdiyini, yaxud ruh çağırma seansları zamanı fövqəltəbii güclər tərəfindən kimisə cəzalandıra biləcəklərini deyirlər. Amma müasir elm sehrin bütün növlərini rədd edir”.

 

İradəsi zəif insanlar caduya daha çox inanır

X. Niftəliyevanın sözlərinə görə, psixoloji baxımdan zəif, iradəsiz olan insanlar daha çox caduya inanırlar: “Başlarına bir hadisə gəldikdə, bir bədbəxtliklə qarşılaşdıqda, ailədaxili münaqişə, problem olduqda onlara cadu kömək edə bilər. Düşünürlər ki, mənə pis əməl, cadu olunub  və mən falçıya gedib ordan nicat tapa biləcəm, özümü cadudan xilas etmiş olacam. Bu da iradəsi zəif, psixoloji olaraq zəif insanların düşüncəsidir. Həmçinin bu, onlarda özgüvənin nəticəsi kimi də üzə çıxır. Bu cür insanların sosial fobiyaları da olur, getdikləri kollektivdə özlərini doğrulda bilmirlər. Getdikləri məkanda, qurduqları işdə və yaxud başladıqları biznes sahəsində uğursuzluqla qarşılaşanda bunu gətirib caduya, fala bağlayırlar. Bizə müraciət edən pasiyentlər arasında da belələrinə rast gəlirik. Deyirlər mənim, yaxud yoldaşımın yolunu bağlayıblar, hara gedir uğursuzluqla qarşılaşır, rədd cavabı alır, hətta evimizin bərəkəti belə qalmayıb. Biz həmin vaxt onlara başa salmağa çalışırıq ki, cadu-piti deyə bir şey yoxdur və qeyri-realdır”.

 

Tibbi yardım olmasa, insan dünyasını dəyişə bilər

“Adətən eşidirik ki, kimlərəsə qəbirdən götürülmüş torpaq, heyvan qanı və yağı ilə cadu edilir. Təbii ki, bu, tibbi baxımdan insan orqanizmi üçün olduqca zərərlidir. Çünki insanın bədəni torpaqda çürüdükcə orada mikroblar yaranmağa  başlayır. Həmin mikroblu torpağı götürüb bir insana yemək, yaxud digər hər hansı vasitə ilə qəbul etdirilərsə, insan zəhərlənmiş olur və mikrob bədəndə xəstəlik yaradır. Bu bir faktdır ki, cəsəd çürüyən torpaqlarda toksik maddələr əmələ gəlir. Həmin torpaqla təmasda olan şəxsdə qıcolmalar yaranır və hətta o insana tibbi yardım olmasa, dünyasını dəyişə bilər”, – deyə həkim xəbərdarlıq edir.

 

Din nə deyir?

Məsələyə dini aspektdən aydınlıq gətirən ilahiyyatçı Yaşar Qurbanov söyləyir ki, cadugərlik İslam dinində ən pis, lənətlənmiş əməllərdən biri sayılır: “Əl-Bəqərə surəsində buyurulur ki, kim bu işlə məşğul olursa, axirətdə onun heç bir payı yoxdur. Ümumiyyətlə, cadugərliklə məşğul olan insanlar birbaşa Allahı inkar etmiş, zahirən özlərini müsəlman göstərən bəndələrdir. Bəziləri saxtakarlıqla məşğul olur, görürsən əlində Quran var, deyir, mən Həccə getmişəm, həcixanımam, bəzisi deyir mən elm adamıyam. Bunlar hamısı şeytanın onlara göstərdiyi saxtakarlıqdır ki, insanları aldada, cəlb edə bilsinlər. Həm insanların Allaha olan inamını əlindən alsınlar, həm də qəlblərini Allaha yox, şeytanın qulluqçusu cadugərə bağlasınlar. Bu vasitə ilə insanların pulunu əlindən alırlar. Bu, lənətlənmiş əməldir və peyğəmbərimiz buyurur ki, kim bir falçının, cadugərin, fala baxanın, qeybdən xəbər verdiyini iddia edənin yanına gələrsə, 40 gün onun namazı qəbul olmaz. Sadəcə onun yanına getməklə. Hələ üstəlik onun dediyini təsdiq edərsə, inanarsa, artıq Məhəmməd peyğəmbərə və endirilmiş “Qurani Kərimə” küfr etmiş olur, onu inkar edir. “Qurani-Kərim” deyir ki, bu, şeytan əməlidir. Bu falçılar şeytana ibadət edir. Sən ümidini Allaha yox, falçıya bağlayırsan. Falçı haradan bilir bunları? Bəyəm falçıya vəhy verilir? Yox. Vəhy yalnız seçilmiş peyğəmbərlərə verilib və onunla da bitib. Kim peyğəmbərlərdən sonra vəhy iddia edirsə, yalançıdır və dinimizdə dəccal adlanır”.

 

Cin divanı tərpədir, səslər çıxarır…

Y. Qurbanov misal çəkir ki, bir dostu falçılıqdan tövbə edib: “O, mənə açıq etiraf edirdi ki, biz cinə, şeytana ibadət edirdik. Evimizə gələn insanı qorxutmaq üçün min dənə oyundan çıxırdıq. Məsələn, mən otururdum divanda, cinlər divanı tərpədirdi, nəsə səslər salırdı ki, yanıma gələn zəngin adamlar mənə inansın. Cin onların gözünə görünmürdü. Pulları çıxarıb tökürdülər.

Bəzi insanlar hesab edir ki, cadugərin yanına getməklə yaxşı olacaq. Amma onlar yenidən tələyə düşürlər. Onun yanına gedir, bir dəfə, iki dəfə qəlbini bağlayandan sonra şeytanları həmin insanın evinə doldurur. Bilə-bilə problem yaradır ki, gəlsin vaxtaşırı falçının yanına, həm pulu, həm də imanı getsin.

Ağ magiya, qara magiya deyilən dinimizdə cinlər, şeytanlardır ki, falçılar vasitəsilə insanlara təsir göstərirlər, ailələrinə doluşurlar, bəzən bədənlərinə girirlər, onlarda xəstəlik yaradırlar. Çünki sən hər zaman gedirsən falçının yanına ki, filan-filan şey et, yaxşı olacaq. Bəzi falçılar hətta onları zəhərləmək üçün onlara nələrsə içirirlər. İçirdikləri şeyin içərisinə şeytan tərəfindən murdar, nəcasət qatılıb. Falçılar var ki, bir müddət gedib qaranlıq otaqda otururlar 20 gün, 30 gün çıxmırlar. Guya buna vergi verilir. Əslində şeytan onu özünə ibadət elətdirir. Falçılar var ki, heç zaman tövbə edə bilmir. Çünki şeytana səcdə edir. Bəzi falçılar özləri etiraf edir ki, şeytan bizi qaranlıq yerdə saxlayırdı, güclü olaq. Falçıların da təsir dərəcələri var. Eləsi var təsiri az olur. Amma şeytana daha çox ibadət edənlərin təsiri daha çox olur. Həmin falçılar deyirlər, bizə it əti, ilan əti yedizdirirdilər ki, tamamilə şeytana bağlanaq”.

İlahiyyatçı məlumat verir ki, bu cür pis əməllərdən qorunmaq mümkündür: “Ümumiyyətlə, insan hiss edirsə ki, ona göz dəyib, kimsə ona cadu edib, cadugərin yanına getməsin. Cadugərlik cadu yolu ilə müalicə olunmaz. Cadugərliklə məşğul olur, gedir kiməsə pis əməl elətdirir, ölü torpağıdır, saçdır, qurd yağı deyirlər və sair ediblərsə sən cadugərin yanına getməklə onun təsirini apara bilməzsən. Əksinə, günahının üzərinə daha da günah etmiş olursan. Üstəlik, cadu səndən təmizlənmir və getdikcə ona bağlanırsan. Onu təmizləməyin yolu odur ki, ilk növbədə evində Əl-Bəqərə surəsi olsun. Çünki peyğəmbərimiz də buyurub, o evdə Əl-Bəqərə surəsi oxunarsa, ordan şeytan qaçar. Həmçinin ən çox oxunan Fələq, Nas, bir də İxlas surəsidir. Yəni bu üç surəni insan gərək yatmazdan qabaq hər zaman oxusun. Həmçinin, bir çox sehrdən qorunmaq üçün yollar var. Bir də dualar var. Peyğəmbərimiz deyir ki, bu duanı çox edin. “Allahım, sənin yaratdıqlarının şərindən, sənin kamil kəlimələrinə sığınıram”.

Bir də bu işi bilənlər deyir ki, sidr tozu ilə müalicə üsulu var. Sidr tozu Ərəb ölkələrində olur, ağac yarpağıdır. Həmin tozdan 3-5 litr suya bir neçə qaşıq qatırlar və lazım olan duaları oxuyurlar. Yaxud da elə sidr tozu qatmadan adi suya Fatihə, Al Bəqərə, İxlas, Fələq, Nas surələrini oxuyurlar. Həmçinin araf surəsi  117, 119-cu ayələr, Yunus 79 – 82, Taha 65-69-cu, Al bəqərə surəsinin 255-ci ayəsi oxunur. Ağzınızı suya yaxınlaşdırın və surələri elə oxuyun ki, nəfəsiniz ona dəysin. Həmin suyu evə çiləmək, içmək, o suda çimmək olar, amma çalışmaq lazımdır ki vannada çimilsin ki, həmin su kanalizasiyaya tökülməsin. Axı o suya ayələr oxunub”.
***

Mütəxəssis rəylərindən də məlum olur ki, insana heç bir xarici qüvvə ilə təsir göstərmək mümkün deyil. O halda ki, o özü təhtəlşüurunda bu kimi şeylərə yol açmasın. Əgər sən qeyri-adi güclərə inanırsansa, daim sənə kiminsə nəzəri, nəfsi, cadusunun toxunacağından qorxursansa, bu kimi mənfi düşüncələri şüuraltına yerləşdirirsənsə, əlbəttə, qorxduğun uğursuzluqlarla qarşılaşacaqsan…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir