suni intellekt

“Chatbot”larla ehtiyatlı olun, məlumatlarınız üçüncü şəxs tərəfindən oğurlana bilər

Baxış sayı: 385

Son zamanlar süni intellektlə bağlı bəzi xoşagəlməz məlumatlar yayılır. Belə ki, bu yaxınlarda Belçikalı şəxs “Eliza” adlı süni intellektli “chatbot”la altı həftəlik mesajlaşmadan sonra intihar edib. Ölümündən sonra mərhumun həyat yoldaşı onun süni intellekt – söhbət botu ilə yazışmalarını aşkar edib.

Onun sözlərinə görə, həyat yoldaşı artıq bir neçə ildir ki, qlobal iqlim dəyişikliyi problemləri ilə bağlı müəyyən araşdırmalar aparıb. Onun bu marağı zamanla maniyaya çevrilib. Yarana biləcək fəlakət qorxusu onda təşviş və depressiyaya səbəb olub və özünə qapanıb. Həmin şəxs daim ailəsinə insanlıq üçün heç bir çıxış yolu görmədiyini, yeganə ümidin texnologiya və süni intellektin inkişafında olduğunu deyirmiş. Bütün olanları o süni intellektə də danışıb, qorxu və şübhələrini dilə gətirib.

Bütün yazışmalarda bot ona qorxu və narahatlıqlarının haqlı olduğunu düşünməyə əsas verib.

İntihardan bir neçə gün əvvəl belçikalı süni intellektə niyyəti barədə yazanda “Eliza” adlı bot sonsuzadək onunla qalacağını bildirib.

 

Süni intellektə etibar etmək olarmı?

Süni intellekt üzrə mütəxəssis Maral Qurbanzadə bildirir ki, insanlar hər bir “chatbot” (robotla yazışma) ilə kommunikasiyaya girərkən bilməlidirlər ki, onlar insanla ünsiyyətdə deyillər, sadəcə olaraq bir alqoritmlə ünsiyyətdədirlər:

“Yəni bu “chatbot”ların arxasında insan şüuru yoxdur. Süni intellekt adlandırdığımız “chatbot”lar nəyin haqqında danışdığını bilmir. “Cahtbot”lar tərəfindən verilmiş məlumatlar hansısa məlumat bazalarından əldə edilən informasiyalardır. Bu məlumatlar necə yığılıb, haradan yığılıb və məlumat bazalarına necə düşüb, bilmirik”.

“Xüsusən də həssas yaşda olanlar bilməlidir ki, bu real bir şey deyil. Əldə olunan bütün məlumatlar şübhə altına salına bilər”, – deyə o əlavə edir.

Mütəxəssis onu da deyir ki, bütün bunlarla yanaşı “chatbot”ların istifadəsində böyük potensial var, onlar müəyyən köməklik də göstərə bilərlər:

“Yəni, biz deyə bilmərik ki, elektrik enerjisi faydasızdır. Şimşək çaxanda hansısa arzuolunmaz hadisə də baş verə bilər. Amma elektrik enerjisi həm də həyatımızın ayrılmaz bir parçasıdır. Yəni elektrik enerjisi ilə ev kül də ola bilər, işıqlana da bilər. “Chatbot”lara da bu cür yanaşmalıyıq. Bu sadəcə olaraq bizim üçün bir alətdir”.

Onun sözlərinə görə, bu robotlardan səhiyyədə də istifadə edə bilər

“Süni intellekt – robotlar autizm sektoru ilə çox gözəl işləyə bilir. Lakin “chatbot”ların təkmilləşməsi çox vacibdir”, – deyə o əlavə edir.

Mütəxəssis həmçinin qeyd edir ki, hər bir şeydə olduğu kimi, “cahtbot”larla bağlı da təhlükə qaçılmazdır və hər kəs bundan agah olmalıdır:

“Burada məlumatların üçüncü şəxs tərəfindən əldə olunma ehtimalı çox yüksəkdir. “Chatbot”larla ünsiyyət qurub özümüz də istəmədən hansısa məlumatları ötürə bilərik. Bu informasiyaların üçüncü şəxs tərəfindən istifadəsi bizim üçün təhlükə ola bilər”, – deyə mütəxəssis fikrini tamamladı.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir