metbex1

Çılğın və müasir mətbəx üçün 7 İDEYA – “EVİN İŞİ”

Baxış sayı: 1. 793

“Gencaile.az” saytı bu gündən etibarən oxucularına dekorasiya ilə bağlı müxtəlif tövsiyələrin, baş verən yeniliklərin təqdim olunacağı “Evin işi” rubrikasına strat verir. Əməkdaşımız Fatehin təqdimatında görüşünüzə gələcək sözügedən rubrikada ilk olaraq sizə çılğın və müasir mətbəx üçün 7 ideya təqdim edəcəyik.

Evlərimiz bir az da xarakterlərimizin yansıması kimidir. Bu nəzəriyyə hər zaman uyğun gəlmir, amma ümumiyyətlə, bir evin dekorasiyasındakı düzülüş, seçilən rəng və mebellər ev sahibinin şəxsiyyəti haqqında ipucu verir. Dolayısıyla, bir az dəli-dolu, uçan-qaçan xarakteriniz varsa, evinizin də belə görünməsini istəmək haqqınızdır. Çılğın bir dekorasiya üçün mətbəxdən başlamaq lazımdır. Beləliklə, maraqlı mətbəx dekorasiyaları haqqında bəzi fikirləri təqdim edir. Bu sehrli düzülüşlərlə bambaşqa bir mətbəxə sahib ola bilərsiniz.

1. Mətbəxinizə rəng qatın. Onsuz da döşəli bir mətbəxdə çılğınlıq etməyin ən asan və zəmanətli yollarından biri canlı rənglərə sahib aksessuarlar almaq, ya da məsələn, çilçıraqları dəyişdirmək ola bilər. Standart bir dekorasiyaya malik olan mətbəx rəngarəng çilçıraqlar sayəsində dəyişəcək. Lampaların təbii meyvə-tərəvəz rənglərindən olması, mətbəxdə istifadə edilən təbii qidalar, meyvə-tərəvəzlərlə vizual bir uyğunlaşma təmin edəcək.

2. Dəzgah divarını boş qoymayın. Ümumiyyətlə, hər hansı bir dekorasiya elementinə yer verilməyən dəzgahın dayandığı divar hissə çılğın bir mətbəx üçün əldən keçirilməlidir. Mətbəxə girdiyiniz ilk andan çox güman ki, diqqətinizi məhz həmin guşə çəkəcək.

3. Çiçək və bitkilərlə mətbəxinizin havasını dəyişdirin. Nə üçünsə evlərə uyğun olan çiçək və bitkilər əsasən mənzilin salonu, yəni qonaq otağı və eyvanlarda dəyərləndirilir. Lakin onsuz da bəzi bitkilərin yemək halına gəldiyi yer olan mətbəxə qoyulacaq bir saxsı çiçəyi məkana həm müəyyən bir dəlilik qata, həm də soyuq və sənaye məkanı kimi görünən mətbəxin ümumi ab-havasını yumşalda bilər.

4. Kərpic divarlardan istifadə edin. Bu cür dizayn son zamanların dəblərindən biridir. Amma daha çox ticarət müəssisələrində, ya da evlərin salonlarında görünən bir tətbiqdir. Lakin taxtalardan ibarət bir mətbəxiniz varsa, ya da retro dekorasiya ünsürlərindən istifadə edirsinizsə, açıq buraxılmış kərpic divarlar mətbəxinizdə edə biləcəyiniz ən diqqətçəkən çılğınlıqlardan biri ola bilər.

5. Divar kağızından istifadə edin. Əgər hazır mətbəxə özünə xas bir ab-hava və ya  çılğınlıq qatmaq istəyirsinizsə, bunun qismən zəhmət tələb etməyən yollarından biri də divar kağızından istifadə etməkdir. Kürsü örtükləri, pərdələri ilə rəng uyğunluğu olan divar kağızı sayəsində mətbəxiniz qeyri-adi bir görünüşə qovuşacaq.

6. Vintaj bir mətbəx yaradın. Mətbəxdə edə biləcəyiniz çılğınlıqlardan biri də klassik xətlərin xaricinə çıxıb, fərqli bir tərz yaratmaqla mətbəxinizin mənzilin digər otaqlarından üstünlük təşkil etməsinə nail olmaqdır. Son zamanların vintaj dəbinin döşəmədən tutmuş şkaf qapıları, rənglər, divarlar və seçilən aksessuarlara qədər damğa vurduğu belə bir mətbəxi, tamamilə müasir dekorasiyaya sahib olan böyük evin içərisində xəyal edin.

7. Fərqli rəngdə olan şkaf qapıları ilə fərq yaradın. Mətbəxdə həqiqətən bir baxışla diqqət cəlb edən və haqqında danışılacaq bir dəlilik etmək istəyirsinizsə, bütün şkafların eyni rəng və eyni formada olmasının vacibliyinə dair standart fərziyyəni başınızdan atmaqla işə başlaya bilərsiniz. Fərqli formalı və rəngləri olan şkaflar məkanı həm çılğın, həm də əyləncəli bir hala gətirir. Mətbəx şkaflarından birini fərqli rəngə boyamaqla ilk addımı atın.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir