geyim

Çimərlik geyimini necə seçməli?

Baxış sayı: 980

Yay mövsümündə insanların istirahət üçün üz tutduqları məkanlardan biri, bəlkə də birincisi dəniz olur. Yayın isti günlərində sərinləmək üçün çimərliyə hər yaş təbəqəsindən olan insanlar gedir. Elə buna görə də yay başlayar-başlamaz piştaxtaları və mağazaları çimərlik geyimləri bürüyür.

İllər keçdikcə artıq bu geyimlər də dəblə ayaqlaşmağa başlayır. SSRİ dövründə azyaşlı qızlar üçün, ümumiyyətlə, çimərlik geyimi olmayıb. Qızcığazların çoxu dənizdə, sadəcə, alt geyimi ilə çimirdilər. Onlardan yaşca daha kiçik olan uşaqlar isə ümumiyyətlə, soyunub çimirdilər, bu, artıq bir qaydaya çevrilmişdi. Həm də bu, körpələrin sağlamlığı üçün faydalı hesab olunurdu. Qadınlar isə çimərlik geyimləri elə də çox satılmadığından, yay koftalarını kəsib özləri üçün çimərlik geyimi tikməyə üstülük verirdilər. Daha sonra – 80-ci illərdə isə çimərlik geyimlərinin satışı bir qədər artdı. Lakin bu çimərlik geyimləri yuxarısı və aşağısı bitişik olan, kombinezon tipli, yaxud yubkalı idi və açıq-saçıq görünmürdü. Ona görə də belə geyimlərdən istifadə sovet qadınları arasında geniş vüsət almağa başladı. Həmin illərdə arıqlıq və miniatür görünmək dəbdə olmadığından, çimərlik geyimləri arasında gözəllik baxımından rəqabət də yox dərəcəsində idi.

İndi şəhərdəki dükanlarda çimərlik geyimlərini tapmaq çox asandır. Hətta metro keçidlərinin altında belə hər yaşdan olan xanımlar üçün çimərlik geyimləri tapmaq mümkündür. Metro keçidində dəniz geyimləri satan Leyla Miriyevanın dediyinə görə, burda satılan çimərlik geyimlərinin baha satılan geyimlərdən o qədər də fərqi yoxdur: “Bizə də mallar Türkiyədən gətirilir. Sadəcə, bizim mallar “optovoy” gətirildiyindən, qiymətləri belə ucuz olur”.

Həmsöhbətimiz deyir ki, dəniz sevənlər üçün geyimin bir o qədər də önəmi olmur. Yaşlısı, cavanı hərə öz istədiyini alıb gedir.

Qiymətləri 10-18 manat arasında dəyişən belə geyimlər rəngarənglik baxımından da çox çeşidlidir. Hicablı xanımlar dəniz mövsümündən o qədər yararlanmasalar da, onlar üçün də xüsusi çimərlik geyimi dizayn edilmək unudulmayıb. 40-70 manat arası olan belə geyimlərin qiymətlərinin bu dərəcə baha olmasına səbəb isə çox satılmaması və hər dükana gətirilməməsidir. Elə buna görə də şəhərin istənilən nöqtəsindən belə çimərlik geyimi almaq mümkün deyil.

Bakının kəndlərində çimərlik geyimi satılan kiçik mağazalarda satılan geyimlər isə daha münasibdir. Bilgəh yolu boyunca düzülən belə geyimlərin ən ucuzu 8 manat, ən bahası isə 19 manatdır. Çimərlik geyimlərinin qiyməti onların formasına uyğun dəyişir. Belə ki, daha qapalı olan çimərlik geyimlərinin qiyməti bahadır. Qismən açıq olan geyimlər isə qapalılara nisbətən ucuzdur. Uşaq çimərlik geyimlərinin qiyməti 5 manatdan başlayır. Açıq havada satılan və markası bilinməyən çimərlik geyimləri də az deyil, lakin qadınların çoxu bu geyimlərin əsasən formasına və yaraşığına baxırlar.

Modelyer Nərmin Rüstəmovanın sözlərinə görə, bu ilin çimərlik geyimləri hər zamankından daha çox aksesuar, rəng və naxış müxtəlifliyi ilə qarşımıza çıxıb: “Bu il hər bədənə uyğun müxtəlif daşı, zəncirbəndli, aksesuarlı çimərlik geyimləri dəbdədir. Bu il kim nə istəsə geyinə bilər. Müxtəlif rənglər, formalar dəbdədir. Əsas geyindiyin geyimin içində özünü rahat hiss etməkdir”.

Modelyer deyir ki, çimərlik geyimi seçərkən dərinin rəngini nəzərə almaq lazımdır. Açıq rəngli dərisi olan xanımlar canlı rənglərdən, qarışıq naxışlardan və postel tonlardan qaçmalıdırlar. Belə xanımlar göy və qara rəngə üstünlük versələr, daha yaxşı olar. Qarabuğdayı xanımlar isə bədən rənglərini daha çox ortaya çıxaran pudra və ağ rəngli çimərlik geyimlərinə üstünlük versələr daha cazibədar görünərlər. Əsmərlər qırmızı, portağal rəngi kimi canlı rənglərin ancaq tünd rənglərindən istifadə edə bilərlər:

“Çimərlik geyimi sizə uyğun olmalıdır. Çalışın, eləsini seçin ki, hər il yenisini almayasınız. Çimərlik geyimlərinin tez köhnəlməməsi üçün onların yuyulmasına xüsusi fikir vermək lazımdır. Belə ki, çimərlik geyiminizi hər istifadədən sonra 1-2 saat içində əldə, soyuq suda və yumşaq sabunla yuyun. Çünki günəş kremləri, hovuzlardakı xlor kimi kimyəvi maddələr və duzlu su, çimərlik geyiminin elastik quruluşuna, parçasına zərər verir. Çimərlik geyiminin suya basılması, paltaryuyan maşınında yuyulması, qurutma maşınında qurudulması və yaş halda başqa geyimlərlə yuyulması geyimi tez köhnəldir. Çimərlik geyimini sıxmadan qurumağa asın”.

Müsahibimiz deyir ki, çimərlik geyimi seçərkən bədənin quruluşunu nəzərə almaq lazımdır. Böyük sinəsi olan xanımlar baletinli, sinə altından bantlı, qalın asqılı, kiçildici modellər seçməlidir. Kiçik sinəsi olan xanımlar isə tünd rəng və kiçik modelli üstlərdən qaçmalı, çox plomblu və böyük süngərli modellərə önəm verməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir